Həkimi öldürməkdə ittiham olunan sabiq polis zabitinin məhkəməsi qapalı keçiriləcək
6 iyul 2015-ci ildə öldürüldükdən sonra meyiti yandırılan 2 saylı Doğum Evinin həkim-ginekoloqu Natavan Əliyevanın qətlində ittiham olunan keçmiş həyat yoldaşı məhkəmə qarşısına çıxarılıb.
24 Yanvar 2017 18:42 Kriminal6 iyul 2015-ci ildə öldürüldükdən sonra meyiti yandırılan 2 saylı Doğum Evinin həkim-ginekoloqu Natavan Əliyevanın qətlində ittiham olunan keçmiş həyat yoldaşı məhkəmə qarşısına çıxarılıb.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Prosesə hakim Eldar İsmayılov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin müdafiəçilərinin cinayət işinə xitam verilməsi və həbs-qətimkan tədbirinin ləğv olunması ilə bağlı qaldırdıqları vəsatətlər təmin olunmayıb.
Təqsirləndirilən Samir Əliyev keçmiş həyat yoldaşını qətlə yetirmədiyini, ibtidai istintaqın qərəzli aparıldığını deyib.
Dövlət ittihamçısının məhkəmə baxışının qapalı keçirilməsi ilə bağlı vəsatəti təmin edilib.
Məhkəmə baxışı fevralın 7-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci il iyulun 6-da gecə saatlarında Bakı - Quba yolunun 55-ci kilometrliyində yandırılmış qadın meyiti tapılıb. Meyitin Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. 34 yaşlı Natəvan Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl - iyunun 25-dən 26-na keçən gecə onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub.

Meyit tapılandan bir neçə gün sonra Natəvan Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis əməkdaşı Samir Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb, Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb. Virtualaz.org