Binəqədidə binanın yanmasında təqsirləndirilən şirkət rəhbəri: “İşlərimiz standartlara uyğun olub”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
23 Yanvar 2017 13:51 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ələkbər Əsgərov son söz deyib. O, təqsirsiz olduğunu bildirərək, məhkəmədən bəraət istəyib.
Digər təqsirləndirilən, Binəqədi rayon Mənzil-kommunal təsərrüfatı birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcov da günahsız olduğunu bildirib: "Burada niyyət cinayət törətmək yox, Bakını gözəlləşdirmək olub. Mənim vəzifə öhdəliyimdə yanğın təhlükəsizliyinə nəzarət etmək hüququm olmayıb".
Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi, təqsirləndirilən Nizami Orucov isə binanın təmizlik işinə nəzarət etdiyini deyib: "Binanın yanında olan yarımçıq tikili özəlləşdirilmiş obyekt olub. Həmin tikilinin dam örtüyü sahibkar tərəfindən təmir olunub, yanğın baş verən zaman orada zibil yığılması mümkün deyil. Mən günahsızam və barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm". "Poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov da çıxışında günahsız olduğunu deyib: "İnanırıq ki, hakimlər düzgün qərar qəbul edəcəklər. Dövlətini sevən şəxs istənilən sahədə faydalı iş görə bilər. Mənim sahibkarlıq dövrümdə 500 işçim olub. Mən özümü dövlətimə faydalı olmuşam. Hadisə barədə fikirlərim bəllidir. Məni hədələyib, prezidentin gözündən salacaqlarını deyiblər". M. Mahmudov qeyd edib ki, "Qlobal Stone" və "Global Construction" MMC-nin gördüyü işlər standartlara uyğun olub. Təqsirləndirilən Akif Əlibəyov da çıxışı zamanı günahsız olduğunu deyib. Təqsirləndirilən Ağacavad Məmmədov deyib ki, əməlində cinayət tərkibi yoxdur. Digər təqsirləndirilən Uğur Bəşirov son söz üçün məhkəmədən vaxt istəyib. Buna görə proses yanvarın 26-dək təxirə salınıb.
Qeyd edək ki, prokuror Miryusif Mahmudovun 10 il, Ələkbər Əsgərovun 7 il, Uğur Bəşirovun 8 il, Qəzənfər Novruzovun 7 il, Ədalət Rəcəbovun 7 il, Nizami Orucovun 5 il, Ağacavad Məmmədovun 5 il və Akif Əlibəyovun 5 il azadlıqdan məhrum edilməsini istəyib. Xatırladaq ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib. Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.