Bakı-Tiblisi-Qars dəmir yolu niyə strateji əhəmiyyətli vacib yol sayılır?- ÖZƏL

"Bu gün dünyada baş verən geosiyasi gərginliklər fonunda ənənəvi bağlantı dəhlizlərində məhdudiyyətlər yaranmışdır. Amma qlobal ticarətin davam etdirilməsi üçün daha təhlükəsiz regionlar və dəhlizlər heç də o qədər çox deyil. Cənubi Qafqaz regionu isə müharibə və münaqişələri arxada qoymuş və bu gün region ölkələri arasında sülh, əməkdaşlıq, qarşılıqlı fayda və hörmət əsasında münasibətlərin qurulması əsas xəttə çevrilmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib: "Bu baxımdan uzun illər münaqişələrin hökm sürdüyü Cənubi Qafqaz dünyanın ən sakit və təhlükəsiz regionlarından birinə çevrilmişdir. Cənubi Qafqazın lokomotivi isə Azərbaycandır. Azərbaycanın qlobal təşəbbüsləri həm region ölkələrinə, həm də daha geniş coğrafiyalara töhfələr verir.
Belə ki, Çinin elan etdiyi "Bir kəmər, bir yol" layihəsinə könüllü şəkildə qoşulan Azərbaycan 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verməklə Orta Dəhlizin işlək vəziyyətə gəlməsində yeni reallıq yaratdı. Lakin 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanması və bu gün Hörmüz boğazında gərginliyin davam etməsi Orta Dəhlizin əhəmiyyətini daha da artırır.
Çünki Orta Dəhliz həm yüklərin çatdırılması baxımından digər dəhlizlərlə müqayisədə daha qısa müddət tələb edir, həm də təhlükəsizlik və sabitlik baxımından daha cəlbedicidir. Ona görə də 2024-cü ildə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinin genişləndirilməsi və yükötürmə qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması ilə bağlı qərar qəbul edildi. İyunun 2-də isə həmin dəmir yolu hissəsinin yenidən qurulması və bərpasından sonra rəsmi açılışı baş tutdu.
Lakin 5 milyon ton yük daşıma qabiliyyətinə malik BTQ xətti yükdaşımaların mövcud reallıqlarını tam şəkildə qarşılamır. Ona görə də Zəngəzur dəhlizinin açılmasının sürətləndirilməsi ilə əlavə 15 milyon ton yükün nəql olunmasına imkan yaradılacağı gözlənilir.
Ümumiyyətlə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yük aşırma gücünün 25 milyon tona çatdırılması hədəflənmişdir. 2025-ci ildə verilən məlumatlara görə, bu limanda 8 milyon tondan çox yük emal olunmuş və 100 min TEU konteyner qəbul edilmişdir.
Bundan əlavə, hər il Çinlə Avropa arasında 200-300 milyon ton həcmində yük mübadiləsi həyata keçirilir. Çindən Avropaya yüklər Süveyş kanalı vasitəsilə 35-45 gün müddətində çatdırıldığı halda, Azərbaycan üzərindən keçən Orta Dəhliz vasitəsilə bu müddət 12-20 gün təşkil edir. Təbii ki, Orta Dəhlizlə yüklərin daşınması Avrasiya ticarət tərəfdaşları üçün daha maraqlı və cəlbedici olacaqdır.
Lakin mövcud yük axınlarının həcmi nəzərə alınarsa, hətta 25 milyon ton yük daşımaq imkanının reallaşması belə Orta Dəhlizin Asiya ilə Avropa arasında yük mübadiləsində əhəmiyyətli pay əldə etməsi üçün kifayət etməyə bilər. Buna görə də gələcəkdə yeni nəqliyyat və logistika layihələrinin həyata keçirilməsi aktual olaraq qalacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31