IUPF gənc mütəxəssisləri urbanistika üzrə qlobal dialoqun mühüm hissəsinə çevirmək niyyətindədir
20:18 İqtisadiyyatBeynəlxalq Şəhərsalma Mütəxəssislərin Forumu (IUPF) urbanistika məsələlərinin müzakirəsi üçün gənc mütəxəssislərə və yerli icmalara fokuslanan daha inklüziv və qlobal platforma formalaşdırmağı hədəfləyir.
Olaylar xəbər verir ki, bunu IUPF İdarə Heyətinin üzvü Əli Əl-Rauf Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən "Şəhər inkişafı sahəsində yerli icmalar və qlobal təcrübənin əlaqələndirilməsi" mövzusunda panel müzakirəsində deyib.
"Bu, gələcəkdə qərarlar qəbul edəcək insanlar üçün forumdur. Gənc mütəxəssislər və gənc şəhərsalma mütəxəssisləri bu platformanın ən vacib hissəsidir", - deyə o bildirib.
Əl-Raufun sözlərinə görə, IUPF qarşılıqlı fəaliyyətin ənənəvi iyerarxik modelindən uzaqlaşaraq, bərabərhüquqlu dialoq və icmaların iştirakı prinsiplərinə əsaslanan platforma yaratmağa can atır.
"Biz klassik şaquli sistemdən iştirakçıların rəyinin institutun dayanıqlılığı və inkişafı üçün əsas amilə çevrildiyi "grassroots" yanaşmasına keçmək istəyirik", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilib.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.