Azərbaycandan qaz tədarükünün artırılması potensialı mövcuddur - Avrokomissar
18:24 İqtisadiyyatGələcəkdə Azərbaycandan qaz tədarükünün artırılması potensialı mövcuddur.
Olaylar.az xəbər verir ki, bunu bu gün Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası nazirlərinin 12-ci iclası və "Yaşıl"e nerji üzrə Məşvərət Şurası nazirlərin 4-cü iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
"Azərbaycandan aldığımız qaz bizim üçün son dərəcə vacibdir. Biz əməkdaşlıqdan və idxalı artıra bilməyimizdən çox məmnunuq. Hesab edirik ki, gələcəkdə daha çox qaz almaq potensialı var", - o bildirib.
Avrokomissar qeyd edib ki, Avropa İttifaqı gələcəkdə fosil yanacaqlardan asılılığın aradan qaldırılmasına gətirib çıxaracaq keçid prosesindədir.
"2050-ci ilə qədər biz karbon neytrallığına nail olmalıyıq. Lakin eyni zamanda aydındır ki, qısa və orta müddətli perspektivdə bizə hələ də əhəmiyyətli həcmdə qaz lazım olacaq", - deyə o bildirib.
Yorgensen vurğulayıb ki, Azərbaycan və Aİ bərpa olunan enerji mənbələri sahəsində də əməkdaşlıq edir.
"Mən Azərbaycanın malik olduğu potensialdan və onu necə istifadə etdiyinizdən, həmçinin yaxın illərdə necə genişləndirməyi planlaşdırdığınızdan çox təsirlənmişəm. Aydındır ki, bu, həm də Avropa İttifaqı şirkətlərinin qarşılıqlı fayda əsasında bu keçidə töhfə verə biləcəyi bir sahədir. Eyni hal enerji səmərəliliyinə də aiddir", - deyə o əlavə edib