Azərbaycan Avropanın enerji habı kimi: diversifikasiyadan əvəzolunmazlığa doğru
6 Yanvar 12:51 İqtisadiyyatSon illərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol keyfiyyətcə ciddi transformasiyaya məruz qalıb. Əvvəlcə ölkə əsasən enerji resurslarının tədarükü üçün alternativ mənbələrdən və marşrutlardan biri kimi nəzərdən keçirilirdisə, bu gün Azərbaycan faktiki olaraq Avropa qitəsinin əsas, hətta əvəzolunmaz enerji tərəfdaşlarından birinə çevrilib.
Cənub Qaz Dəhlizi formalaşma mərhələsində ilk növbədə şaxələndirmə elementi kimi qəbul olunurdu - Avropanın məhdud sayda təchizatçı və marşrutlardan asılılığını azaltmaq vasitəsi kimi. Lakin Azərbaycan həmin dövrdə üzərinə daha geniş məsuliyyət götürərək təkcə qaz mənbəyi kimi deyil, Xəzər dənizi regionunu Avropa ilə birləşdirən dayanıqlı transregional enerji infrastrukturunun yaradılmasının təşəbbüskarı və təminatçısı kimi çıxış etdi. Cənub Qaz Dəhlizinin reallaşdırılması Bakının uzunmüddətli perspektivdə irimiqyaslı öhdəlikləri yerinə yetirməyə, qlobal turbulentlik şəraitində belə tədarükün sabitliyini təmin etməyə qadir olduğunu sübut etdi.
Azərbaycanın keyfiyyətcə yeni rolu 2022-ci ilin fevralından sonra, Avropanın misilsiz enerji böhranı ilə üzləşdiyi dövrdə daha aydın şəkildə özünü büruzə verdi. Qaz qıtlığının kəskinləşdiyi və qiymətlərin sürətlə artdığı şəraitdə məhz Azərbaycan enerji qeyri-sabitliyi təhlükəsi ilə üz-üzə qalan ölkələrə operativ dəstək göstərdi. Bakı təkcə qüvvədə olan bütün müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmədi, həm də zərurət yarandıqda tədarükün artırılmasına hazır olduğunu bəyan edərək etibarlı və məsuliyyətli tərəfdaş imicini bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, Azərbaycanın qaz ixracı həm həcm, həm də coğrafi əhatə baxımından artmaqdadır.
"Biz indiyədək 11-i müntəzəm əsasda olmaqla, 14 ölkəni qazla təchiz etmişik. Elə ölkələr var ki, onlar 2024-cü ildə bizdən qaz əldə edib, lakin sonra başqa mənbələrlə əlaqədar dayandırıb. Bu, bir növ tələbata əsaslanır, onların ehtiyacı olanda biz təchizata başlayırıq, ehtiyacı olmayanda dayandırırıq. Lakin ümumilikdə Azərbaycanın boru kəməri vasitəsilə qaz nəqlinin coğrafi əhatə dairəsi 14 ölkədən ibarətdir. Bu il onlara daha iki Avropa ölkəsi əlavə olunacaq. Ümumilikdə 16 ölkə olacaq, bu, boru kəməri qazı ilə bağlı ən böyük rəqəmdir. Dünyada heç bir ölkə Azərbaycan kimi bu qədər ölkəni boru kəməri vasitəsilə qazla təchiz etmir",- deyə Prezident İlham Əliyev bildirib.
Bu göstəricilər Azərbaycanın qlobal enerji bazarındakı mövqeyinin unikal xarakterini açıq şəkildə nümayiş etdirir və onun alternativ təchizatçı rolundan sistemyaradıcı oyunçu statusuna keçidini təsdiqləyir. Eyni zamanda, ölkənin ixracın daha da genişləndirilməsi üçün bütün zəruri resursları mövcuddur. Yaxın vaxtlarda "Azəri-Çıraq-Günəşli" yatağının dərin sulu hissəsindən qaz hasilatına başlanılması,"Şahdəniz" Kompressiya (ŞDK) layihəsinin həyata keçirilməsi, həmçinin "Babək" və "Abşeron" yataqlarının inkişafı gözlənilir.
Dəyəri 2,9 milyard ABŞ dolları olan "Şahdəniz" Kompressiya layihəsi "Şahdəniz" yatağının işlənməsinin növbəti mərhələsidir. Layihənin əsas məqsədi lay təzyiqi aşağı olan ehtiyatlardan qaz hasilatını təmin etməklə onları istismara yararlı hala gətirmək və qazın maksimal hasilat əmsalına nail olmaqdır. Gözlənilir ki, layihənin reallaşdırılması əlavə olaraq təxminən 50 milyard kubmetr qazın və təqribən 25 milyon barel kondensatın hasilatı və ixracına imkan verəcək.
"Abşeron" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində pik səviyyədə gündəlik hasilat 12,7 milyon kubmetr qaz (ildə 4,5 milyard kubmetr ekvivalentində), eləcə də günə 37 min barel kondensat təşkil edəcək. İkinci faza üzrə hasilata başlanılması 2028-ci ilin sonu - 2029-cu ilin əvvəllərinə planlaşdırılır.
İlkin qiymətləndirmələrə görə, perspektivli "Babək" strukturu üzrə ehtiyatlar 400 milyard kubmetr qaz və 80 milyon ton kondensata çata bilər ki, bu da Azərbaycanın uzunmüddətli ixrac potensialını əhəmiyyətli dərəcədə gücləndirir.
Paralel olaraq ölkə "yaşıl enerji" sahəsini fəal şəkildə inkişaf etdirir ki, bu da daxili enerji balansının optimallaşdırılmasına və ixrac üçün əlavə təbii qaz həcmlərinin azad olunmasına imkan yaradır. Eyni zamanda Azərbaycan enerji keçidinə realist və praqmatik yanaşma nümayiş etdirir və anlayır ki, qısamüddətli perspektivdə bərpa olunmayan yanacaq növlərindən tam imtina enerji təhlükəsizliyi üçün ciddi risklər olmadan mümkün deyil. Bərpa olunan enerji mənbələrinin inkişafı ilə yanaşı ənənəvi energetikaya yatırımlar həm ayrı-ayrı ölkələrin, həm də bütöv regionların sabitliyinin təmin olunması üçün zəruri şərt kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin bildirdiyi kimi, neft və qazla zəngin ölkələrin məsuliyyətli yanaşmasını Azərbaycan və digər bir sıra dövlətlər nümayiş etdirir - böyük neft və qaz ehtiyatlarına malik olmaqla yanaşı, onlar "yaşıl enerji"yə da sərmayə yatırırlar.
"Beləliklə, düşünürəm ki, hazırda Avropa təsisatları anlayırlar ki, faydalı qazıntıya münasibətdə qorxu aradan qalxmalıdır və praqmatik, realist yanaşma əsas götürülməlidir",-ndeyə Prezident İlham Əliyev bildirib.
Bu kontekstdə son illər fosil yanacaq layihələrinin maliyyələşdirilməsindən imtinanı fəal şəkildə təşviq edən beynəlxalq maliyyə institutlarının yanaşmalarına yenidən baxılması xüsusi əhəmiyyət kəsb edir. Təcrübə göstərdi ki, qaz infrastrukturuna investisiyalar olmadan nə enerji təchizatının sabitliyini təmin etmək, nə də "təmiz enerji"yə ardıcıl keçidi reallaşdırmaq mümkündür. Bu səbəbdən belə qərarlar enerji təhlükəsizliyinə zərər vurmaq hesabına qəbul edilməməlidir.
Gələcək inkişafın mühüm istiqamətlərindən biri də mövcud qaz infrastrukturunu üzvi şəkildə tamamlayan və "təmiz enerji"nin ixracı üçün əsas yaradan "yaşıl enerji dəhlizləri"dir. Bunlara "Xəzər - Qara dəniz - Avropa", "Mərkəzi Asiya - Azərbaycan", "Azərbaycan - Türkiyə - Avropa" və "Azərbaycan - Gürcüstan - Türkiyə - Bolqarıstan" marşrutları daxildir. Bu layihələr Azərbaycanın regionlar və bazarlar arasında əsas birləşdirici həlqə kimi rolunu daha da gücləndirir.
Beləliklə, əvvəlcə enerji resurslarının tədarükü və marşrutlarının şaxələndirmə mənbəyi kimi nəzərdən keçirilən Azərbaycan artıq bu gün Avropa və onun hüdudlarından kənarda əvəzolunmaz tərəfdaşa çevrilib. Gələcəkdə bu rol daha da möhkəmlənəcək və etibarlı qaz tədarükü, infrastrukturun inkişafı və "təmiz enerji"nin ixracının vəhdəti hesabına getdikcə daha kompleks xarakter alacaq.