Enerji sektorundakı azalma neft hasilatının aşağı düşməsi ilə bağlıdır
10:40 İqtisadiyyat"Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi göstəriciləri ilə bağlı fikirlərini də bölüşüb. Dövlət başçısı ümumi daxili məhsulun çox artmamasının neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsi ilə bağlı olduğunu bildirərək iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsinin qeyri-neft sektoru olduğunu qeyd edib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "2025-ci ilin ilk 9 ayında Azərbaycanda ümumi daxili məhsul 1.3 faiz artasa da, qeyri neft-qaz sektorunda 2,9 faiz artım qeydə alınıb. Bu o deməkdir, ki, qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımı 2 dəfə bənd üstələyir. Bu qeyri-neft sektorunun iqtisadi inkişafda əsas drayverə çevrilməsi deməkdir. Həmin dövrdə neft-qaz sektorunda əlavə dəyərin 1,9 faiz azalması qeydə alınıb. Göründüyü kimi, neft sektorundakı azalmaya rəğmən qeyri-neft sektoru hesabına ümumi iqtisadi artım tempi qorunub saxlanılır.
Enerji sektorundakı azalmaya gəldikdə isə, bu daha çox neft hasilatının aşağı düşməsi ilə bağlıdır. Belə ki, sözügedən dövrdə mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,6 faiz azalmış, qaz hasilatı isə 2,8 faiz artmışdır. Deməli, enerji balansında da dəyişiklik müşahidə edilməkdədir və qaz hasilatı artım dinamikasını qoruyub saxlayır.
Bütün bunlar ilə yanaşı, iqtisadiyyat şaxləndirilməsi ilə bağlı islahatların dərinləşməsi daha da prioritetləşməkdədir. İqtisadiyyatın ağardılması, şəffaflığın artırılması ilə bağlı islahatlar real sektorun inkişafı üçün yeni imkanlar yaradır".