Azərbaycan yaşıl enerji sektorunun inkişafında maraqlıdır

İstiqamət: ekologiya və ətraf mühitin mühafizəsi

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı yaşıllaşdırma kampaniyaları, ətraf mühitə zərərli tullantıların azaldılması istiqamətində reallaşdırılan tədbirlər, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi respublikamızda ekoloji mühitin əsaslı şəkildə sağlamlaşmasını müəyyən qədər təmin edib.

Ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. 

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirir ki, son illər ətraf mühitə laqeyd münasibət, sənaye və kənd təsərrüfatı sahələrinin genişlənməsi ekoloji problemlərin artmasına gətirib çıxarıb:
"Sənaye inqilabından sonra dünya ekoloji böhranla üz-üzə qalıb. Son zamanlar yağıntının quraqlığın genişlənməsinə, su hövzələrinin qurumasına səbəb olub. Sənaye müəssisələrinin və aqrar sektorun genişlənməsi təəssüf ki, meşə zolaqlarının məhvi hesabına baş verir. Dağ-mədən sənayesinin inkişafı su reruslarının zərərli tullantılarla çirklənməsinə yol açır. Ekoloji böhran o həddə çatıb ki, beynəlxalq təşkilatlar həyəcan təbili çalırlar. Dövlətlər ətraf mühitin, su resurslarının qorunmasına ciddi əhəmiyyət verməlidirlər. BMT Dayanıqlı İnkişaf Məqsədləri ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Çağımızda ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problem halına gəlib. Qlobal miqyasda əhalinin artımına paralel olaraq istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi proseslər müşahidə olunur. Bundan doğan təlaş cəmiyyətlərdə ətraf mühitlə bağlı düşüncələri də dəyişir.
Dünya Sağlamlıq Assambleyası atmosfer havasının çirklənməsinin mənfi ekoloji təsirlərinin azaldılması istiqamətində yol xəritəsini təsdiq edib.
Qeyd edim ki, ətraf mühitin çirklənməsinin əsas mənbələrindən biri yerüstü nəqliyyat vasitələrdir. Bir sıra ölkələr ətraf mühitin mühafizəsi məqsədilə Avro standartlarına keçib. Atmosfer havasının çirklənməsinin qarşısının alınması və təbii sərvətlərdən, özəlliklə su resurslarından səmərəli istifadə edilməsi məqsədi ilə bərpa olunan enerji istehsalına keçid edilib. Dünyanın qabaqcıl ölkələrində külək, dalğa, geotermal, günəş enerjisindən istifadə edilir. Bu sahədə ABŞ, Yaponiya, Çin, Səudiyyə Ərəbistanı, BƏƏ qabaqcıl təcrübə əldə edib.
Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirinin azaldılması ilə bağlı beynəlxalq təşəbbüslərə qoşulub. Ölkəmizdə dünyanın yaşıl enerji sektorunda böyük təcrübə əldə etmiş nəhəng şirkətləri ilə əmnəkdaşlıq memorandumları imzalanıb. Bərpa olunan enerji əsasında elektrik enerjisi istehsalı Azərbaycanın enerji strategiyasında yeni dövrün başlanğıcıdır. Azərbaycan kabrohidrogen ehtiyatları ilə zəngin olsa da, ənəvəi enerji sektorunda irəliləyiş əldə etsə də bərpa olunan enerji sahəsinin inkişafına maraq göstərir. Ermənistanın işğalından azad olunmuş Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata keçirilən tikinti-quruculuq və bərpa işləri ekoloji layihələrə əsaslanır. Xüsusilə Şərqi Zəngəzurun Arazboyu əraziləri günəş enerjisi istehsalı üçün əlverişli iqlim şəraitinə malikdir. Ümumilikdə Azərbaycanın quruda və dənizdə günəş enerjisinin həcmi 27 qiqavat, Xəzərin Azərbaycan sektorunda külək enerjisinin həcmi 157 qiqavat qiymətləndirilir. Göründüyü kimi, Azərbaycan yaşıl enerji sektorunun inkişafında maraqlıdır. Ölkəmiz 1990-cu illə müqayisədə istixana qazı emissiyalarını 2030-cu ilə qədər 35%, 2050-ci ilə qədər isə 40% azaltmaqla bağlı milli hədəflər müəyyənləşdirib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkə yaşıl dünya naminə ekoloji həmrəylik ili elan edilib. Bu il ölkəmizdə nüfuzlu COP 29 konfransı keçiriləcək. Son illər istər Bakıda, istərsə də regionlarda nəhəng yaşıllaşdırma aksiyaları təşkil edilib. Bu prosesdə ayrı-ayrı dövlət qurumları, əmək kollektivləri, ali məktəblər, qeyri-hökumət təşkilatları, məktəblər yaxından iştirak edib. Gənc nəsildə ekoloji şüurun formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Azərbaycan dövləti öz iradəsini ortaya qoyub və beynəxalq təşkilatlar ölkəmizin bu istiqamətdə gördüyü işlərə etimad göstərir. COP-29 tədbirinin Azərbaycanda keçirilməsi də bu etimadın nəticəsidir. Lakin ətraf mühitin qorunması, su resurslarından səmərəli istifadə olunması istiqamətində görüləcək işlər çoxdur. Düşünürəm ki, təhsil proqramında dəyişiklik edilməklə ekoloji tərbiyəyə daha erkən yaşlarda başlanmaq lazımdır. Ağac kəsənlərin, yaşılları məhv edənlərin cəzalandırılması, cərimələrin artırılması yaxşıdır. Ancaq cəmiyyətin hər bir fərdi elə ekoloji tərbiyə olunmalıdır ki, vəziyyət o sanksiyalara qədər gəlib çıxmasın.
Hesab edirəm ki, ekoloji həmrəylik ilində cəmiyyət olaraq qarşımızda böyük vəzifələr var. İlk növbədə paytaxt Bakının nəqliyyat problemi həll edilməlidir. Nəqliyyat infrastrukturu yaşıl texnologiyalar əsasında yenidən qurulmalıdır. Tramvay, trolleybus xətləri bərpa edilməli, Abşeronun qəsəbə və kəndlərini birləşdirən dəmiryol xətləri çəkilməlidir. Taksi xidmətində və ictimai nəqliyyatda elektromobillərin tətbiqi genişləndirilməlidir. Velosiped yolları uzadılmalı, təkcə şəhərin mərkəzi əhatə olunmamalıdır. Paytaxtda moped və skuterlərin hərəkətinə şərait yaradılmalıdır".

Röyalə Xəyal

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31