Ölkədə yeni sosial-iqtisadi inkişaf modeli tətbiq olunacaq
5 Avqust 2022 13:00 İqtisadiyyatİstiqamət - Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Yeni strategiya azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafına təkan verəcək
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafını təmin edib. Məhz həmin islahatların nəticəsidir ki, artıq ölkədə əlverişli biznes mühiti formalaşıb. Birmənalı şəkildə qeyd etmək olar ki, respublikamızda liberal iqtisadiyyatin inkişafı təmin olunub, azad sahibkarlıq institutu formalaşıb. Təsadüfi deyil ki, Azərbaycanda yaradılan sahibkarlıq mühiti və ümumiyyətlə həyata keçirilən iqtisadi islahatlar nəticəsində əldə edilən uğurlar nəinki region, eləcə də dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzindədir. O da etiraf edilməlidir ki, iqtisadi sahədə əldə edilən uğurlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasətin nəticəsidir. Qətiyyətlə demək olar ki, bu siyasət ölkəmizdə digər sahələr kimi, azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafına da təkan verib. Azad sahibkarlıq və liberal iqtisadiyyatdan danışarkən öncə onu xüsusi olaraq vurğulamaq yerinə düşər ki, son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən davamlı iqtisadi tədbirlər sayəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Respublikamızda özəl sektorda fəallığın artmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq mümkündür ki, onların sırasında bütün ölkə boyunca yaradılan yüksək səviyyəli infrastrukturun önəmini xüsusi vurğulamaq lazımdır.
Təsadüfi deyil ki, bu gün Azərbaycan biznes mühitinin əlverişliliyi, rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarların daha rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biri sayılır. Təbii ki, bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması üçün sahibkarlar sinfinin rolu xüsusi əhəmiyyətə malikdir. Bu reallığı nəzərə alan Prezident İlham Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin gücləndirilməsinə çalışır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" sadaladığımız fikirləri bir daha təsdiq edir. Sənəddə 5 əsas istiqaməti özündə ehtiva edən Milli Prioritetlər Azərbaycanda müasir çağırışlara və beynəlxalq standartlara uyğun olaraq iqtisadi inkişafın davam etdirilməsi, eyni zamanda yeni innovativ iqtisadiyyatın daha da genişləndirilməsini nəzərdə tutur. Bu prioritetlərdə diqqət çəkən əsas məqamlardan biri iqtisadi inkişafda inkluzivliyin, eyni zamanda innovativ iqtisadi inkişafın daha da genişləndirilməsinə nail olmaqdan ibarətdir. İnkluzivlik həm formalaşan və istifadə olunan dəyərdən cəmiyyətin daha yaxından istifadə etməsi, eyni zamanda dəyərin bir hissəsinin gələcək nəsillərə saxlanmasını nəzərdə tutur. Eləcə də insan kapitalının inkişafı hesabına innovativ iqtisadiyyatın payının artırılması əsas hədəflərdən biridir. İqtisadi ekspertlərin qənaətinə görə, Strategiyanın təsdiqi Azərbaycanda 2022─2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelin tətbiq oluncağı anlamına gəlir. Millət vəkili Vüqar Bayramov hesab edir ki, sözügedən proqramın tətbiqi nəticəsində ölkəmiz növbəti 8 ildə yeni iqtisadi modelə uyğun olaraq inkişaf edəcək. Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 2022‒2026-cı illər əhatə edəcək. 2027‒2030-cu illəri əhatə edəcək ikinci mərhələdə iqtisadiyyatın innovativləşdirilməsi əsas hədəflərdəndir: "Sənədə əsasən, növbəti 4 ildə ölkə iqtisadiyyatı hər il orta hesabla 3‒4%, qeyri-neft/qaz ÜDM-i isə illik orta hesabla 5% artması və özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılması hədəflənir".
Sənəddə həmçinin sahibkarlığın inkişafına yönəldilən maliyyə dəstəyinin əsas mikro və kiçik sahibkarlara verilməsi nəzərdə tutulur. Belə ki, sənədə əsasən, sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20‒30%-nin mikro, 35‒45%-nin kiçik və 25‒35%-nin orta sahibkarlara yönəldilməsi hədəflənir. Eyni zamanda rəqabət qabiliyyətinin genişləndirilməsi və sahibkarların dəstəklənməsi, sahibkarlar üçün yeni tətbiq mexanizmlərindən istifadə olunması da hədəflər siyahısındadır. Bu bir tərəfdən daxili bazarda rəqabətin gücləndirilməsinə, yerli istehsalın genişləndirilməsinə, digər tərəfdən Azərbaycanın qeyri-neft ixracatının artmasına gətirib çıxaracaq. Milli iqtisadiyyatın genişləndirilməsi və dayanıqlı iqtisadi inkişafın qorunub saxlanması baxımından vacib hesab olunur.Belə ki, Qeyri-neft ixracatının həcminin 2026-cı ildə 4 milyard 860 milyon dollara çatıdırlması hədəflənir. Ərzaq təhlükəsizliyi baxımdan prioritet olan kənd təsərrüfatında orta illik artımın 4 faiz olacağl proqnozlaşdırılır: "Sənədə əsasən, nəqliyyat sektorunda orta illik artım tempi 5%-i üstələyəcək. Ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlir 2019-cu ildəki 227 mln manatdan 2 dəfəyədək artaraq, 2026-cı ildə 450 mln manata çatacağı hədəflənir. İnformasiya və rabitə sektorunda hər il orta hesabla 10%-dən çox, tikinti sektorunda isə təxminən 3% artım olacağı gözlənilir. 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda yaradılacaq əlavə dəyər 2019-cu illə müqayisədə 1,5 dəfə artacağı proqnozlaşdırılır. Sənəddə fəaliyyətlər ayrıcaq matrix formasında qruplaşdırılıb və bu da hədəflərə necə nail olunmasını illik olaraq izləməyə imkan verərək. Bütövlükdə yeni prioritetlər islahatların növbəti on ildə də davam etdiriləcəyindən xəbər verir".
Yeri gəlmişkən qeyd edək ki, yeni iqtisadi şəraitdə dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan islahatların böyük bir qismi məhz liberal iqtisadiyyatın inkişafına, azad sahibkarlığın təşviq edilməsinə, özəl sektorda istehsal və ixrac imkanlarının artırılmasına hesablanıb. Ekspertlərin də vurğuladıqları kimi, sahibkarların imkanlarının genişləndirilməsi baxımından ölkəmizdə investisiyaların və ixracın səmərəli təşviq mexanizminin işə salınmasının, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsinin, lisenziyaların müddətsiz müəyyən edilməsinin və digər belə tədbirlərin böyük əhəmiyyəti var. Onu da qeyd edək ki, ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə hüquqi bazanın möhkəmləndirilməsi, səmərəli təşviq mexanizmlərinin işə salınması və digər siyasi dəstək tədbirləri ilə yanaşı, maddi dəstəyin də miqyası mütəmadi qaydada artırılır. Təkcə sadalanan bu faktlar Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafının dövlətin diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir.
Alim Hüseynli