Müharibə davam edəcəyi halda rubl daha da ucuzlaşacaq

Vüqar Bayramov: "Sanksiyalar ölkəmizə qeyri-neft sektoru üzrə daxilolmaları azalda bilər"

Qərbin sanksiyalarından sonra rəsmi Moskva bütün vasitələr ilə ölkədən valyuta axınının qarşısını almağa çalışır. Bununla belə, Moskva birjasının artıq 4-cü gün bağlı qalması Rusiya Mərkəzi Bankının sanksiyaların təsirlərinin azadılması üçün hələlik strategiyasını tam müəyyənləşdirmədiyindən xəbər verir. Millət vəkili Vüqar Bayramov bildirb ki, Moskvada birjanın fəaliyyətinin bərpasınını rublun rəsmi məzənnəsinin daha da ucuzlaşdırmasına və səhm bazarında ciddi silkələnməsinə səbəb olacağından ehtiyatlanırlar. Reallıqda isə, rəsmi məzənnəyə rəğmən rublun "qara bazar"da daha dəyərsizləşməsi müşahidə olunur. Belə görsənir ki, müharibə davam edəcəyi halda rubl daha da ucuzlaşacaq: "Bu gün "Reuters" agentliyi Rusiya Mərkəzi Bankının xarici valyuta alışına 30 faizlik kommisiya haqqı tətbiq etməsi barədə xəbər yayıb. Agentlik requlatorun banklara bu barədə məktub göndərdiyini bildirib. Bununla, Mərkəzi Bank Rusiyada dollara olan tələbi müəyyən qədər azaltmağa çalışsa da, digər tərəfdən artıq "qara bazar"da rubl xarici valyutalara qarşı daha da ucuzlaşır. Dünəndən isə Rusiyada nağd formada 10 min dollardan artıq valyuta çıxarmaq qadağan edilib. Sanksiyaların güclənəcəyi halda bu rəqəm daha da kiçilə bilər. Görünən odur ki, Rusiya hökuməti indiki halda inzibati metodlar ilə ölkədən valyuta çıxışını minimumlaşdırmağa çalışır. Rusiyada müşahidə edilən valyuta qıtlığı və dollara artan tələb fonunda Azərbaycan Mərkəzi Bankının da qabaqlayıcı tədbirlər görməsi vacibdir. 3 milyard dollara yaxın xarici ticarət dövriyyəmiz olan Rusiyaya illik ixracatımız 800 milyon dollardır. Əvvəlki illərdə fermerlər və eləcə də bir sıra sahibkarlar rubl ilə ödənişlərə üstünlük verirdilər və daha sonra o vəsaitləri dollara konvertasiya edirdilər. Rusiyada dollar qıtlığının dərinləşməsi riskləri yüksək olduğu üçün Azərbaycan Mərkəzi Bankı da requlativ mövqeyindən istifadə edərək ölkədən dollar çıxışının optimallaşdırılmasını daha da tənzimləməlidir. Neftin qiymətinin yüksək olması ölkəyə daha çox dolların daxil olmasına imkan yaratsa da belə regiondakı son dəyişikliklər fonunda xarici valyutanın ölkədən axınına imkan verilməməsi daha da aktuallaşıb".

Onun sözlərinə görə, neftin dünya bazar qiyməti yenidən 7 faiz bahalaşıb. Rusiya Ukrayna müharibəsi fonunda neft bazarında ciddi çaşqınlıq müşahidə olunur.  Brent markalı neftin bir bareli 112 dollar təklif olunur. Bu Azərbaycan neftinin 115 dollardan baha satılacağı anlamına gəlir: "Aydındır ki, gündəlik 12 milyon barel neft hasil edən Rusiya istehsalı ilə enerji bazarında qiymətlərə təsir edən dövlətlərdəndir. İnvestorlar genişlənən sanksiyalar fonunda Rusiyanın neft ixracatında dayanmaların olacağından və "qara qızıl" qıtlığının yaranacağından ehtiyatlanırlar. Bu da neftin qiymətinə xüsusi təzyiq yaradır. Bununla belə, müharibə yalnız qiymətləri artırmır, eyni zamanda neft bazarında "köpüklər" yaradır. Bu "köpüklər" isə hər zaman partlaya bilər. Bu isə o deməkdir ki, qiymətlərin kəskin artımı iqtisadi deyil, psixoloji və siyasi faktorlar ilə bağlıdır. Doğrudur, Rusiyaya qarşı sanksiyalar genişlənsə neft bazarındakı gərginlik hələ bir müddət müşahidə olunacaq. Amma neftin qiyməti mühairbənin başlamasına verdiyi reaksiyanı əks olaraq savaşın bitməsinə də verə bilər. Bu halda yenidən neftin qiymətləri ucuzlaşa bilər. Bununla belə, mövcud status-kvo neftin qiymətlərinin artmasını şərtləndirir. Amma neft bazarında uzun müddətli dayanıqlıqdan və stabillikdən danışmaq hələlik mümkün deyil".

Millət vəkili qeyd edib ki, qtisadi baxımdan Rusiyaya tətbiq edilən sanksiyalar həmin ölkənin əməkdaşlıq etdiyi digər dövlətlərə təsirsiz ötüşmür: "Rusiya idxalda Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dollara yaxındır. Pandemiya səbəbindən bu dövriyyə 2020-ci ildə 2 milyard 671 milyon dollar olub. Həmin il Rusiyaya 710 milyon dollara yaxın məhsul göndərmişik. 2021-ci ildə isə ümumi ixracatımızın 4.1 faizi Rusiyanın payına düşüb. Qeyri-neft ixracatımızın isə 32.3 faizi şimal qonşumuzun payına düşür. Göründüyü kimi, ümumi ixrac, yəni ölkəyə daxil olan valyutada Rusiyanın  payı yüksək deyil və hətta 5 faizə belə çatmır. Amma turizm istisna olunmaqla neftdən kənar sektorlardan daxil olan valyutanın 1/3-i Rusiyadan daxil olur. Bu isə o deməkdir ki, Rusiyaya tətbiq edilən sanksiyalar Azərbaycana daxil olan valyutanın həcminə ciddi təsir göstərməyəcək, amma qeyri-neft sektoru üzrə daxilolmaları azalda bilər. Sanksiyaların, xüsusən də SWIFT-dən uzaqlaşdırmanın Rusiya iqtisadiyyatını zəiflədəcəyi gözləniləndir. Artıq rublun rəsmi məzənnəsi ilə real, yəni bazar kursu arasında kəskin fərq yaranıb. Ukrayna ilə müharibənin davam etdikcə isə sanksiyaların dairəsi genişlənir və potensial mənfi iqtisadi təsirlər artır. Rublun zəifləməsi fonunda Rusiyada alıcılıq qabiliyyətinin aşağı düşəcəyi də gözləniləndir. Bu isə Rusiyada idxalın azalmasına səbəb olacaq. Bu kontekstdən Azərbaycanın Rusiyaya ixracatında da azalmaların olacağı istisna deyil. Digər tərəfdən, Rusiyanın oxşar kənd təsərrüfatı məhsulları idxal etdiyi əsas ölkələr hələlik sanksiyalara qoşulmadığı üçün qadağalar Azərbaycan sahibkarları üçün şimalda əlavə imkanlar yaratmayacaq. Əksinə, alıcılıq qabiliyyətinin azalması Rusiyada idxal məhsullarına tələbi azaldacaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31