Regionlarda yol infrastrukturu tamamilə yenidən qurulmaqdadır
3 İyul 2019 15:47 İqtisadiyyatRegionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icrası nəticəsində bölgələrdə yol infrastrukturu tamamilə yenidən qurulmaqdadır. Etiraf edilməlidir ki, sözgedən proqram çərçivəsində artıq bir sıra rayonların yolları əsaslı təmir edilib. Hətta xeyli sayda məhəllədaxili yollar yenilənib, küçə və xiyabanlar abadlaşdırılıb. Hazırda da regional proqramlar çərçivəsində rayonlarımıza yeni yolların çəkilişi davam etməkdədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ölkə başçısının tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun yenidən qurulması ilə bağlı cari ildə tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ rayonunda uzunluğu 19 km olan yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Belə ki, Böyük Əmilli-Bılıx-Əmirvan avtomobil yolu IV texniki dərəcəlidir. Avtomobil yolu uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçmiş, yolda çoxlu sayda çalalar, çökmələr və qabarmalar əmələ gəlmişdi. Bu isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olmuşdur. Yolun səviyyəsi yerin təbii relyefiylə eyni səviyyədə olduğundan, yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalırdı, çiyinlərin enin yolun texniki dərəcəsinə uyğun gəlmir və 0.5-1 m arasında dəyişirdi. Sadalanan qüsurların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq addımlar atılıb. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Layihəyə uyğun olaraq mövcud örtük sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yatağı avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasın alt və üst layının tikintisi işləri görülüb. Bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edib.Yol boyu mövcud suötürücü borular uzun illər istismar olunduğundan, metal borular karroziyaya uğrayaraq çürümüş, dəmir-beton boruların başlıq hissələri sınmış, orta hissələri çökmüş, istismar üçün yararsız vəziyyətə düşmüşdür. Bu üzdən yol boyu müxtəlif diametrlərə malik 1169 paqon-metr uzunluğunda 95 ədəd yeni suötürücü borular quraşdırılıb."İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, hazırda yolun asfaltlanması işləri aparılır. Belə ki, yolun təqribən 120 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir. Həmçinin layihə çərçivəsində Zalamçay üzərində yerləşən və 42 metr uzunluğa malik avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyü üçün əvəzinə 4 aşırımlı yeni körpü inşa edilir. Dayaqları hazır olan körpünün hazırda aşırım tirlərinin quraşdırılması işləri görülür. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 8 avtobus dayanacağının inşa edilməsi, hərəkətin normal təşkil üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi nəzərdə tutulur. Qeyd edək ki, başlanğıcını respublika əhəmiyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən və 19 km uzunluğa malik Qəbələ rayonu Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən artıq əhalinin yaşadığı 11 yaşayış məntəqəsini əhatə edir. Yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə yenidən qurulur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və 60-a yaxın texnika cəlb olunub. Yolun yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişfına gətirib çıxaracaq. Bu isə öz növbəsində əhalinin sosial rifah halına müsbət təsir edəcək.
Eyni zamanda, İmişli rayonunda Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən uzunluğu respublika və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması istiqamətində addımlar atılır. Avtomobil yolunda təmir-tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Avtomobil Yolları Dövlət verilən məlumata görə, İmişli rayonu Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur. Bu sözügedən yolun uzunluğu 14.3 km olan III texniki dərəcəli Bəhrəmtəpə-İmişli, həmçinin uzunluğu 21.7 km olan IV texniki dərəcəli Cəfərli-Oruclu-Asğaməmmədli hissələridir. Hər iki istiqamət üzrə avtomobil yollarının yenidən qurulması İmişli şəhəri və Bəhrəmtəpə qəsəbəsi də daxil olmaqla ümumilikdə 12 yaşayış məntəqəsinin 50 minə yaxın əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən yolun asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlib. Bu isə xüsusən payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü və 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni müvafiq olaraq 7-6 m, çiyinlərin eni 2-2.5 m olmaqla yolun ümumi eni 12-10 m təşkil edəcək.Layihə çərçivəsində yollar yararsız və deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək yayılıb və kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub. Bundan başqa, yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular və boru başlıqları sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün yenilərinin quraşdırılmasına ehtiyac yaranmışdı. Məhz bu mqəsədlə yol boyu müxtəlif diametrlərə malik 398 paqon-metr uzunluğunda yeni dəmir-beton borular quraşdırılıb və izolyasiya olunub.Layihə çərçivəsində hazırda yeni yol əsasının alt və üst layının tikintisi işləri aparılır. Bunun üçün zəruri qalınlıqlarda qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunur. Yol əsası hazır olan hissələrdə isə artıq 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. Buna paralel olaraq körpülərin məhəccərləri sıradan çıxdığı, təkərqaytaranlar və gediş hissəsi tavası yararsız vəziyyətə düşdüyü üçün bu istiqamətdə də təmir-bərpa işləri görülür.Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 190 yol nişanı, km göstəriciləri, 1372 siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkiləcək, həmçinin 8 ədəd avtobus dayanacağı inşa ediləcək. Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, onların istər rayon mərkəzinə, istərsə də Hacıqabul-Bəhramtəpə-Mincivan magistral avtomobil yoluna, həmçinin Ağsu-Kürdəmir-İmişli avtomobil yolu vasitəsi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax magistral avtomobil yollarına rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatı və ümumilikdə iqtisadiyyatın inkişafına təkan verməkdir.
Qurumdan onu da bildiriblər ki, respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu da yenidən qurulur. Belə ki, Bəhrəmtəpə-Biləsuvar Avtomobil yolunu uzunluğu 60 km-dir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılır. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində yol boyu mobilizasiya işləri aparılıb, tikinti sahəsi təmizlənir, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunur. "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, 60 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur. Körpülər yolun 1.8-ci km-də Qızıl arx kanalı, 3.1-ci km-də Əzizbəyov kanalı və 38.8-ci km-də inşa olunacaq. Müvafiq olaraq körpülərin uzunluqları 29 və 37 metr təşkil edəcək. Yol üzərində yerləşən 1 avtomobil körpüsünün isə təmir olunaraq gücləndirilməsi nəzərdə tutulur. Layihəyə uyğun olaraq yol boyu 7 nöqtədə yeraltı keçidin inşası, 28 avtobus dayanacağının da quraşdırılması nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir