"Gözəl başlanılan işləri dayandırmaq üçün atılan xüsusi bir kampaniyaçılıq var" -RƏY

Fazil Mustafa: “Dövlət bu qədər vəsait ayırır, insanlara bu qədər imkan yaradılır, amma vətəndaşın dirçəlməsini əngəlləyən mexanizm işə düşür”

Fazil Mustafa: "Dövlət bu qədər vəsait ayırır, insanlara bu qədər imkan yaradılır, amma  vətəndaşın dirçəlməsini əngəlləyən mexanizm işə düşür"

İnkişaf etməkdə olan ölkələrdə sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payının 15-20 faiz arasında dəyişməsinə baxmayaraq, bu gün Azərbaycanda həmin göstərici 2 faiz, adambaşına düşən sığorta haqqı 18-19 manatdır. Sığorta mükafatlarının dünya üzrə orta göstəricisi Azərbaycandakı mükafatların səviyyəsini 15 dəfə üstələyir. Azərbaycanda bu sistemin zəif inkişaf etməsi maliyyə, bank və s. sektorlar ilə yanaşı, insanların bu sahəyə etimadının itməsinin də təsiri danılmazdır. Bütün bu problemlərə baxmayaraq sığorta sisteminin problemlərini tədqiq edən, onun daxili və xarici faktorlar üzrə qiymətləndirilməsini həyata keçirən, sığorta ilə iqtisadi və sosial sferaların qarşılıqlı əlaqəsini müəyyənləşdirən, problemlərin həlli yollarını göstərən və eləcə də bu sistemin dayaqlı inkişafını təmin edəcək təkliflər irəli sürən fundamental tədqiqat aparılmayıb. O baxımdan Azərbaycanda sığorta sisteminin inkişafına çoxtərəfli yanaşmanı özündə ehtiva edən tədqiqatın aparılmasına zərurəty yaranıb. "Diqlas" Ticarət Mərkəzində baş verən yanğın sözügedən məsələnin aktuallığını bir daha gündəmə gətirdi. Məlum oldu ki, ölkədə sığorta sisteminin təşklili, sığorta işinin inkişaf etdirilməsi və etibarlı şəkildə həyata keçirilməsi, sığortaların hüquq və mənafelərinin qorunması, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsi, sığorta sahəsində fiziki və hüquqi şəxslərin qarşılıqlı münasibətləri sahəsində ciddi boşluqlar var. Ekspertlər hesab edirlər ki, sığorta sistemi ilə bağlı qanunvericilikdə olan boşluqlar, sığorta bazarında dövlət inhisarçılığının davam etməsi, müstəqil sığorta şirkətlərinin kapital təminatında banklardan asılı olması, əhalinin sığorta şirkətlərinə inamsızlığı bu sahənin inkişafına əngəl törədən aamillərdir.

Millət vəkili Fazil Mustafa qeyd edib ki, "Sığorta fəaliyyəti haqqında" qanunda fundamental dəyişiklilklərə ehtiyac var: "Bu məsələdə vətəndaşları qınayacaq ciddi əsaslar yoxdur. Əgər güvənli sığorta sistemi, güvənli məhkəmə sistemi formalaşmayıbsa, mülkiyyət münasibətlərini etibarli təmin edəcək addımlar atılmayıbsa, burada vətəndaşın heç bir günahı yoxdur. "Diqlas" Ticarət Mərkəzinin yanğını zamanı öz funksiyasını yerinə yetirən bir şəxs oldu ki, o da ölkə prezidentidir. Prezident özünə, dövlətə aid olmayan bir məsələni öz üzərinə götürərək hesab etdi ki, özəl sektorun yükünü dövlət çəkməlidir. Çünki vətəndaş sıxıntı içərisində qalıb, vətəndaşın ona dəyən zərəri qarşılayacaq imkanı yoxdu. Dövlət başçısı da gördü ki, vətəndaş itkiyə məruz qalıb, qərara gəldi ki, vətəndaşlara mütləq kömək göstərilməlidir. Ölkədə baş verən zəlzələ, sel hadisələrində də belə oldu. Məsələ orasındadır ki, biz həmişə dövlətin bu zərərin altına girməsinin fəsadlarını proqnozlaşdırmaq üçün niyə lazımi addımlar atmırıq?"

Millət vəkili hesab edir ki, sığorta fəaliyyəti ilə bağlı elə bir mükəmməl sistem yaradılmalıdır ki, vətəndaşlar könüllü şəkildə, öz istəkləri ilə əmlaklarının sığortalanmasına getsinlər: "Azərbaycanda çoxsaylı ticarət obyektləri var. Orada çalışanlar 50-100 min manat verib özünə yer alıb, lakin adamın adı sadəcə həmin obyektin rəhbərinin dəftərindədir. Çünki ona mülkiyyət sənədi verən yoxdur. Mülkiyyət sənədi aldıqdan sonra insan maraqlı olur ki, əmlakını sığortalatdırsın. Biz nə vaxta qədər feodal qaydalarla sənədləşdirmə işini aparacayıq? Vətəndaş ticarət obyektinin sahibi ilə icarə müqaviləsi bağladıqda niyə ondan əmlakı sığortalamaq məsələsi tələb kimi qoyulmur? Əks halda icarədar bu məsələni öz üzərinə götürüb əmlakı sığortalamalıdır. Bu məsələ Mülki Məcəllədə də əksini tapıb".

Onun sözlərinə görə, problem hansısa binanın, ticarət obyektinin yanması deyil. Burada söhbət Azərbaycan prezidenti tərəfindən başladılan çox gözəl islahat layihəsinin yandırılmasından gedir: "Dövlət başçısı tərəfindən həyata keçirilən islahatlar nəticəsində insanların maaşları, müavinətləri, pensiyaları artırılır, bu çox gözəl addımdır. Bu prosesdən sonra iqtisadi həyat canlanmalıdır. Lakin torpaq bazarı ölüb, tikinti, mənzil bazarı yoxdur, alqı-satqı ilə bağlı məsələlər acınacaqlı vəziyyətdədir. Xeyli müddətdir ki, icra hakimiyyətləri bu məsələlərlə bağlı sərəncam verə bilmir. Sanki hamı nə isə gözləyir. Proses davam etməlidir ki, canlanma baş versin, insanlar yoxsulluqdan çıxsın, iş yerləri tapsın".

Deputat xatırladıb ki, Azərbaycanda ölkə prezdenti tərəfindən "ASAN Xidmət" kimi inqilabi bir layihə təqdim olunub. Onu gözdən salmaq üçün bu məsələyə dəxli olmayan "asan imza" məsələsini ortaya atdılar. Kimsə ayda yarım milyon pul qazanacaq deyə, əziyyətini sadə vətəndaşlar çəkir. İş adamları aylarla, illərlə gözləyir ki, vergi sertifikatı alsınlar. Bu vətəndaşa xidmət yox əzab, iztirab deməkdir: "Bu cür addımlarla görülən gözəllikləri gözdən salırlar. Məsuliyyətsiz insanların Azərbaycanda xalqın sıxıntısından, müəyyən çətinliklərindən revanş götürməsi, hansısa məsuliyyətsiz çağırışları cəmiyyəti xaosa sürükləmək deməkdir. Biz istəmirik ki, ölkəmiz qonşu dövlətlərdəki situasiyalarla qarşılaşsın. Gözəl başlanılan işləri pozmaq, onu dayandırmaq üçün atılan xüsusi bir kompaniyaçılıq var. Adamın heyfi gəlir ki, dövlət bu qədər vəsait ayırır, insanlara bu qədər imkan yaradılır, amma  vətəndaşın dirçəlməsini əngəlləyən mexanizm işə düşür. Belə halların qarşısını almaq üçün biz iqtisadi həyatı canlandırmalıyıq. Sahibkarların üzərindən bütün qeyri-rəsmi ödənişləri almaq istəyən qüvvələrin zərərsizləşdirilməsinə ehtiyac var. Sahibkar vahid vergi mərkəzini tanımalıdır,vergisini ödəyib dövlətin çiçəklənməsi üçün çalışmalıdır, iş yeri açmalıdır ki, işsizləri ora cəlb etsin. Bundan sadə mexanizm yoxdur.  Bu baxımdan vergi sisteminin formalaşması olduqca vacib məsələdir, inamı qaytarmaq lazımdır. İnsanlar bilməlidir ki, yanğın zamanı onun zərərini dövlət ödəməyə borclu deyil, bu istiqamətdə təbliğat aparılmalıdır. Elə etmək lazımdır ki, heç bir yerdə sığortasız hər hansı şəkildə mal, mülk, şəxs qalmasın. Biz bunu həll edə bilməsək, bu məsələlərə büdcədən o qədər vəsait xərclənəcək ki, sonradan başqa yerlərə xərcləməyə pul tapa bilməyəcəyik".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31