Regional proqramlar Azərbaycanın hərtərəfli inkişafına zəmin yaradıb
4 Mart 2019 16:32 İqtisadiyyatAzərbaycan bu gün özünün sürətli inkişaf dövrünü yaşayır. Bütün sahələrdə əldə edilən müsbət nəticələr, qazanılan uğurların təməlində isə heç şübhəsiz ki, həyata keçirilən uğurlu və məqsədyönlü siyasət dayanır. Eyni zamanda bu siyasətə dayanan, xalqın rifah halının yaxşılaşdırılmasına hesablanan islahatlar, tədbirlər.
Azərbaycan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması, insanların həyat şəraitinin yüksəldilməsinə, ən əsası isə ölkəmizin hərtərəfli inkişaf etməsinə güclü təkan verən islahatlardan biri də artıq 15 ildir ki, uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarıdır. Məlumat üçün qeyd edək ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasına 2004-cü ildən etibarən start verilib. Belə bir Dövlət Proqramının qəbul ediləcəyinin anonsu hələ Cənab İlham Əliyevin birinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilərkən verilmişdi. O zaman xalqın mütləq əksəriyyətinin səsini qazanaraq dövlət başçısı seçilən Cənab İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı bildirmişdi ki, fəaliyyəti dövründə regionların inkişafına xüsusi diqqət ayıracaq və bu məqsədlə məqsədyönlü addımlar atılacaq. Çox keçmədən Cənab İlham Əliyev andiçmə mərasimində verdiyi vədi reallaşdırdı və Regionların 2004-2008-ci illəri əhatə edən sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı qəbul edildi.
Regionların 2004-2008-ci illəri əhatə edən sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilk növbədə Azərbaycanın bölgələrinin inkişafını nəzərdə tuturdu və proqramda əsas prioritet bu hesab edilirdi. Regionların inkişafının yolu isə bölgələrə investisiya cəlb etmək, yeni istehsal və emal müəssisələri yaratmaq, bununla yerlərdə işsizlik problemini aradan qaldırmaq və əhalinin məşğulluğunu artırmaqdan keçirdi. Təbii ki, Dövlət Proqramında digər mühüm vəzifələr də qarşıya qoyulurdu. Bunlar sırasında yerlərdə infrastruktur yaratmaq, əhalinin kommunal problemlərini həll etmək, yol infrastrukturunu inkişaf etdirmək, təhsil və səhiyyə obyektləri inşa etmək və onları müasir avadanlıqlarla təchis etmək vardı. Ancaq təbii ki. qeyd edilən nəticələrə nail olmaq üçün ilk növbədə yuxarıda qeyd edilən ilkin addımları atmaq şərt idi. Beləliklə, regionlara investisiya cəlb etməklə əyalətlərdə istehsal və emal müəssisələri yaradıldı. İstehsal və emal müəssisələrinin yaradılması isə regionlarda yeni iş yerlərinin açılmasına gətirib çıxardı ki, nəticə etibarilə əyalət insanının kəndən şəhərə üz tutmasının qarşısını aldı. Paralel olaraq regionlara yatırılan investisiyalar bölgələrdə aqrar sahənin, kənd təsərrüfatının da inkişafına təkan verdi. Artıq kəndli torpaqla ünsiyyətdən qaçmır, onun əkdiyi məhsulun bazarda alıcısının olduğunu gözəl bilirdi. Digər tərəfdən Regional Proqramlar çərçivəsində Sahibkarlığa Kömək Milli Fondundan fermerlərə kreditlərin verilməsi, onlara edilən əlavə güzəştlər rayon insanının torpağa bağlılığını artırdı, onun kənd təsərrüfatında daha səmərəli, çalışqan işləməsi üçün stimul yaratdı. Beləcə Regional Proqramlar yerlərdə kənd təsərrüfatının da inkişafına zəmin yaratdı.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının ən üstün cəhətlərindən biri yerlərdə əhalinin kommunal problemlərinin həlli istiqamətində atılan addımlar oldu. Sözügedən Dövlət Proqramı qəbul edilənə qədər elektrik enerjisinin verilişindən, təbii qazla təmin edilmədə ciddi problemlər yaşayan əyalət insanı artıq bu istiqamətdə də indiyə qədər üzlışdiyi problemləri geridə qoyurdu. İndi nəinki rayon mərkəzləri, hətta kəndlər, mərkəzdən uzaq qəsəbələr təbii qazla təmin olunur, elektrik enerjisi ilə təıminatda bu vaxta qədər olan fasilələr, məhdudiyyətlər aradan qaldırılırdı. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının ikinci və üçüncü mərhələsində isə bu proses ucqar dağ rayonlarına doğru istiqamət götürməyə başladı və tezliklə ucqar dağ kəndlərində belə əhali təbii qazla, elektrik enerjisi ilə fasiləsiz olaraq təmin edildi. Eyni zamanda ucqar dağ kəndlərində təhsil və səhiyyə müəssisələrinin tikilib istifadəyə verilməsi bu sahədə də indiyə qədər mövcud olan problemlərin aradan qaldırılmasına yol açdı. Elə bütün bunların göstəricisidir ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icra edildiyi 15 il ərzində əyalətlər həm elektrik enerjisi, həm də təbii qazla təminat 100 faizə yaxına çatıb. Eləcə də əhalinin içməli suya olan tələbatının ödənilməsi, əkinə yararlı sahələrin su ilə təminatı sahəsində çox mühüm işlər görülüb. Bütün bunlar, görülən işlər, əldə edilən nəticələr isə onu əminliklə deməyə əsas verir ki, 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 Dövlət Proqramı uğurla icra edilib. Məhz Regional Proqramlarının indiyə qədər uğurlu icrası və əldə edilən müsbət nəticələr 2019-2023-cü illəri əhatə edən yeni bir Dövlət Proqramının qəbul edilməsini şərtləndirib. Məlumat üçün qeyd edək ki, artıq sayca dördüncü Dövlət Proqramı ilə bağlı dövlət başçısı tərəfindən müvafiq sənəd də imzalanıb. Millət vəkili Nəsib Məhəmməliyev Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası və əldə edilən nəticələri şərh edərkən deyib ki, hər bir işi nəticəsinə görə qiymətləndirmək lazımdır. Onun sözlərinə görə, 2004-cü ildən sonra regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3, eyni zamanda Bakı şəhəri və qəsəbələrlə bağlı 2 dövlət proqramı artıq icra olunub: "Proqramlarda əks olunan müddəaları saymaq saatlarla vaxt aparar. Çalışacağam konkretləşdirim və əsas məsələləri diqqətinizə çatdirim. İlk növbədə Azərbaycanın siyası xəritəsində minimum 70 şəhər meydana gəlmişdir desəm yəqin ki, yanılmaram. Rayon mərkəzləri ilə yanaşı kəndlər də abadlaşdırılıb. Respublika ərazisində bütün magistral və yerli əhəmiyyətli yollar müasir dünya standartlarına uyğun yenidən qurulub. Fantastik görünə bilən bir rəqəm olaraq son 15 ildə 15 min km-dən çox yol, 3272 məktəb, 640 səhiyyə müəssisəsi, 44 olimpiya komitəsi, 31 elektrik stansiyası, xeyli sayda mədəniyyət müəssisəsi tikilib və yaxud yenidən qurulub.. Qazlaşdırma 95 faiz, elektrik enerjisi 100 faiz, içməli su 70 faizə çatdırılıb. Kənd təsərrüfatının inkişafı üçün meliorasiya tədbirləri həyata keçirilib. Kənd təsərrüfatı ilə məşğul olan fermerlərə subsidiya, texnika verilib. Nəticədə Davos İqtisadi Forumunun hesablamalarına əsasən avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yer tutub. UDM artmışdır, qeyri-neft sektoru inkişaf edib, qoyulan sərmayələr artıb, turizm inkişaf edib, qeyri-neft sektoru üzrə ixrac potensialı artıb. Əhalinin pul gəlirləri artıb, təhsilin, səhiyyənin keyfiyyəti yaxşılaşıb. Taxıl, tərəvəz, pambıq, tütün, baramaçılıq, ət, süd məhsullarının istehsalı xeyli artıb. Əhalinin məşğulluq səviyyəsi artıb. İdman, bədən tərbiyəsi inkişaf edib. Xeyli sayda infrastuktur layihələri icra olunub. Artıq 34 rayon özünü maliyyələşdirmə sisteminə keçərək mərkəzdən maliyyə asılılığını azaldıb. Cənab Prezident tərəfindən 4-cü proqram təsdiq olunub və hesab edirəm ki, bu proqram da əvvəlkilər kimi tam şəkildə icra olunacaq və xalqımız onun bəhrəsini görəcəkdir. Budur dövlət proqramlarının icrasının nəticələri və mən bunu çox yüksək qiymətləndirirəm".
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının millət vəkilinin təmsil olunduğu rayonda icrasına gəlincə, o qeyd edib ki, Balakən rayonu respublikamizin ən ucqar rayonlarından olsa da icra olunmuş dövlət proqramlarının nəticəsində 34 yeni məktəb, 5 uşaq bağçası, Heydər Əliyev Mərkəzi, Olimpiya kompleksi, rayon mərkəzi xəstəxanası, mədəniyyət mərkəzi, gənclər evi, incəsənət gimnaziyası, bayraq muzeyi, avtovağzal kompleksi, bir çox inzibati binalar, parklar, fərdi sahibkarlığın inkişafı ilə "ABAD" mərkəz, "Aqrolizinq" ASC rayon filialı, emal müəssisələri, soyuducu anbarlar, yeni mehmanxanalar, kanat yolu, elektrik stasiyası, 2011-ci ildə regionda baş vermiş zəlzələdən sonra minlərlə fərdi ev, əlil və şəhid ailələri üçün 2 çoxmənzilli bina, fərdi evlər, məcburi köçkünlər üçün 45 mənzilli yaşayış binası tikilib: "Balakən-Qazma-Darvazbinə, Balakən-Sarıbulaq-Qabaxçöl-Xalatala yolları istifadəyə verilmiş, Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun inşası aparılır. Rayon ərazisində qazlaşma 100% aparılmışdır, elektrik enerjisi üzrə çox böyük işlər aparılır, dağ çaylarının daşmasının qarşısının alınması üçün minlərlə paqonometr bənd işləri aparılıb, meliorasiya işləri və əhalinin içməli su ilə təmin olunması üçün xeyli sayda subartezian quyuları qazılıb və proses davam edir. Bütün bu göstərilən dövlət qayğısına görə balakənlilər cənab Prezidentə oz minnətdarlığını bildirir və hər zaman Onun apardığı siyasəti dəstəklədiklərini ifadə edirlər".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir