Bütün tərəflərin hüquqlarını təmin etmək baxımından mükəmməl addım
1 Mart 2019 16:18 İqtisadiyyatPrezidentin fevralın sonuncu günündə imzaladığı fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Fərman olduqca mürəkkəb məsələnin həlli yolunu nəhayət ki, ortaya qoydu. Fərmana əsasən, prosesə ən geci 3 aydan sonra başlanılacaq. Mexanizmlə bağlı problemin iştirakçısı olan tərəflər üçün aydın olmayan və izah edilməsi tələb edilən nələr varsa, bu müddət ərzində cavabını tapacaq.
Iqtisadçı ekspert Pərviz Heydərov sözügedən fərmanı şərh edərkən deyib ki, fərman, başlığında da yazıldığı kimi, yalnız fiziki şəxslərə - vətəndaşlara aiddir. Onun sözlərinə görə, ikinci əsas cəhət isə bundan ibarətdir ki, fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi, yəni qalığı ödəniləcək: "Bundan yuxarı məbləğdə krediti olanların isə yox. Yəni, 10 min dollardan çox və yaxud 17 min manatdan yüksək borc götürənlərin deyi. Özü də "geri ödəniş" və yaxud kompensasiya milli valyutada, yəni manat şəklində veriləcək. Üçüncü cəhət də ondan ibarətdir ki, ödəniş, başqa sözlə desəm, kompensasiya bütün borcu olanlar üçün eyni cür deyil, üç qaydada, yəni ayrı-ayrı mexanizm əsasında həyata keçiriləcək. 2015-ci ilin fevralın 21-dək borc götürən şəxslərə 1 ABŞ dollarına 0,25 manat ekvivalentində, həmin ilin fevralın 21-dən dekabrın 21-dək olan dövr ərzində götürənlərə isə 1 ABŞ dollarına 0,6 manat qaydasında - mexanizmində. Çünki inzibati metodla, yəni Mərkəzi Bank tərəfindən 2015-ci ilin fevralın və dekabrın 21-i tarixlərində olmaqla, rəsmən iki dəfə devalvasiya baş verib: birincidə 1 dollar 0,78 qəpikdən 1 manat 5 qəpiyə, ikincidə isə 1 dollar 1 manat 55 qəpiyə qaldırılmaqla. Hazırda məlum olduğu kimi, 1 manat 70 qəpikdir. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə isə Fərmanda yazılıb ki, yuxarıda qeyd olunan hər iki qayda və mexanizmində nəzərdə tutulduğu kimi həyata keçiriləcək. Bütün bu qayda və mexanizmlər əsasında icra olunacaq ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının bağlanılmasına yönəldiləcək ki, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək. Ümumiyyətlə, devalvasiyalardan sonra yaranmış çətinliyə baxmayaraq, kredit borcunu ödəyib qutarmış vətəndaşlar da kompensasiyadan kənarda qalmayacaq, onlara da artıq ödədikləri vəsaitlərə görə bayaq qeyd etdiyim qayda və mexanizmlərə əsasən müvafiq geri ödəniş olacaq. Bu, sözügedən sənədin çox mütərəqqi xarakter daşıdığının ən bariz nümunəsi və mühüm göstəricilərindən biridir". İqtisadçı hesab edir ki, problemli kreditlərin həll olunması istiqamətində Prezidentin imzaladığı sözügedən Fərmanla atılacaq addım balansın qorunması və bütün tərəflərin hüquqlarını təmin etmək baxımından, çox mükəmməldir: "Təsadüfi deyil ki, hər bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği də 5 000 ABŞ dollarından, yəni buna manatla ekvivalentindən çox təşkil edə bilməyəcək. Yerdə qalan məbləğin də asan və yenidən razılaşdırılmış formada ödənilməsinə nail olmaq üçün, başqa sözlə desəm, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş borclarının restrukturizasiyası məqsədilə, Fərmanla Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 milyon manat məbləğində güzəştli kredit vəsaiti veriləcək. Özü də dövlət zəmanəti ilə təmin edilmiş şəkildə. Xatırladım ki, bütövlükdə problemli kreditlərin məbləği 1 milyard 600 milyon manat ətrafındadır. Bunun da ABŞ dolları ilə olan hissəsinin həcmi 811 milyon manat məbləğindədir. Üstəlik, kompensasiyaların yuxarıda qeyd etdiyim qaydada və mexanizm çərçivəsində ödənişi nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə də ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon ABŞ dolları müqabilində, yəni dəyərində xarici valyuta şəklində, illik faiz dərəcəsi 0,5 % olmaqla qiymətli kağızlar verilməsi təmin ediləcək. Beləliklə, bütün bunlar vasitəsilə də həm vətəndaşların hüquqları qorunmaqla onlar arasında ayrı-seçkiliyə yol verilməyəcək, həm də bankların iqtisadi mənafeləri müdafiyə ediləcək. Sözün qısası, borcunu ödəyib qutarmış vətəndaşlar artıq ödədiklərini geri almaqla yanaşı, borcunu hələ də ödəyən digərləri isə indiyədək artıq ödədiklərini geri ala biləcək, ödəyə bilmədiklərinə görəsə üzləşdikləri və cərimə, dəbbə kimi məbləğlər vermək sarıdan bir çox çətinlik və sədlərdən xilas olacaqlar. Yeri gəlmişkən, Fərmanın girişində qlobal iqtisadi, maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətini zəiflətdiyi, nəticədə də kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı ötmüş kreditlər üzrə öhdəliklərinin yarandığı, bunun yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxaldığı yazılıb". Pərviz Heydərov deyib ki, son dövrdə ölkədə makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsinin isə əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının bağlanmasına dövlət və hökumət dəstəyini göstərməyə yol açdığı qeyd olunub: "Ancaq ötən şərhimdə də qeyd etdim ki, problemin həlli ehtiyatlı olmağı tələb edirdi və məsələni təkcə pul ayırmaqla həll etmək mümkün deyildi. Dövlət indiyədək çoxdan tələb olunan məbləğdə vəsaiti ayıraraq, problemi həll etmişdi. Lakin iqtisadiyyatın öz qanunları və ortada məsuliyyət, cavabdehlik məsələləri olduğundan, bunları nəzərə almaq lazım idi. Qeyd oluna bilər ki, banklara 10 min dollardan yuxarı məbləğdə borcu olanlar niyə nəzərə alınmadı. Məsələ bundadır ki, əhalinin problemli kreditlər adlı yükü belində daşıyan təbəqəsinin 10 min dollardan çox və yaxud 17 min manatdan yüksək borc götürən hissəsi həssas qrup və dairə sayıla bilməz. Bunu rəqəmlər də təsdiq edir. Təqribi hesablamalara görə, Prezidentin fərmanı problemli borcu olanların 90-95 % hissəsini əhatə edəcək".
Məhəmməd