Dövlət növbəti dəfə vətəndaşın yanında olduğunu sübut etdi- TƏHLİL
1 Mart 2019 13:21 İqtisadiyyatPrezident vətəndaşla bank arasında etimad mühitini bərpa etdi
2019-cu ilin Azərbaycanda sosial rifah ili kimi tarixə düşəcəyi şübhəsizdir. Ona görə ki, uzunmüddətli dövr üçün nəzərdə tutulan sosial paketin reallaşdırılmasına start verilib. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı da sözügedən sosial paketin tərkib elementlərindən biri kimi dəyərləndirilməlidir. Məlum olduğu kimi qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına öz təsirlərini göstərib. Nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləyib, xarici valyutada borc almış vətəndaşların banklar qarşısında öhdəlikləri artıb, bu məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxalıb. Son dövrdə isə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb. Məhz bu kimi amilləri nəzərə alan dövlət başçısı problemli kreditlərin həlli məqsədilə müvafiq qərar qəbul etdi. Əslində son günlərdə imzalanan fərmanların ardınca Azərbaycan Prezidenti yanında sosial problemlərin həlli ilə bağlı keçirilən müşavirədəki anonsdan sonra belə bir qərarın qəbul ediləcəyi gözlənilən idi. Sevindirici haldır ki, ölkə vətəndaşlarının uzun zamandan bəri üzləşdiyi problemli kredit məsələsi dövlət başçısı tərəfindən köklü surətdə həllini tapdı. Ancaq etiraf edilməlidir ki, kifayət qədər maliyyə tutumu olan problemli kreditlər məsələsi mürəkkəb yanaşma tələb edən ciddi bir məsələ idi.
Belə ki, problemli kreditlər 1,5 milyard dollardan artıq bir məbləği əhatə edirdi. Problemin həll olunması üçün optimal variant tapmaq elə də asan məsələ deyildi. İmzalanan fərmandan aydın olur ki, vətəndaşlara dəyən az qala bütün zərərin ödənilməsi ilə bağlı qərar qəbul edilib. Dövlət problemin həlli ilə bağlı məsuliyyəti və maliyyə vəsaitinin böyük hissəsini öz üzərinə götürüb. Belə ki, Fərman iki dövr və mərhələdə alınan kreditləri əhatə edən qərar bütövlükdə problemli kreditlərin hamısının həllinə töhvə verəcək. Birinci dövr 2015-ci ilin fevralın 21-nə qədər olan dövrdə götürülən kreditlərin həlli ilə bağlıdır. İkinci dövr isə 2015-ci ilin fevralın 22-dən dekabrın 21-nə qədər olan dövrdə vətəndaşların götürdüyü kreditlərlə bağlıdır. Maksimal hədd 10 min dollar, 17 min manat səviyyəsində müəyyənləşdirilib ki, bu da əslində vətəndaşların gözləntilərindən də çoxdur. Çünki 3-5 min dolları əhatə edəcək məbləğlə bağlı belə bir fərmanın veriləcəyi gözləntisi var idi. Amma cənab Prezident verdiyi fərmanla 10 min dollara qədər olan problemli kreditlərin həlli ilə bağlı qərar qəbul etdi. Birinci mərhələdə götürülən hər 1 dollara görə, 0,25 manat ödənişin müəyyənləşdirilməsi əslində devalvasiya nəticəsində olan artımın tamam silinməsi deməkdir.
Ümumiyətlə son dövrlərdə prezident İlham Əliyev tərəfindən atılan addımlar deməyə əsas verir ki, Azərbaycan dövlətinin qəbul etdiyi qərarlar bəzi ölkələrdə olduğu kimi piar məqsədi daşımır, vaxtında və tam həcmdə icra olunur. Atılan hər bir addım bu reallığı göstərir ki, dövlətin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır. Özünü dünyaya sosial dövlət kimi təqdim edən Azərbaycan öz vətəndaşlarının yüksək rifahının təminatçısıdır. Azərbaycan dövləti əhalinin rifah halını yüksəltmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirləri reallaşdırır, iqtisadi və institusional islahatlar həyata keçirir ki, bununla da vətəndaşların yaşayış səviyyəsi yaxşılaşdırılır, yeni iş yerləri açılır, əhalinin məşğulluğunun və gəlirlərinin artması təmin edilir, yoxsulluq səviyyəsinin daha da azalması üçün konkret işlər görülür. Ölkədə minimum əmək haqqının, pensiyaların artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər, sosial müavinətlərin, təqaüd sisteminin təkmilləşdirilməsinə dair, həmçinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması haqqında sərəncamlar imzalanması fikrimizi bir daha təsdiq etmiş olur. Bütün bunlar bir daha sübut edir ki, davamlı inkişafı, yüksək rifahı həyata keçirilən siyasətin əsas prinsipi kimi qəbul edən dövlətimizin başçısı İlham Əliyev iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanmasını daim diqqət mərkəzində saxlayır. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan Prezidenti qəbul etdiyi strateji, sosial qərarla vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi. Bu, təkcə problemli kreditlərin həlli məsələsinə dövlətin verdiyi töhfə deyil, eyni zamanda ölkənin bank sistemi və vətəndaşların kreditlərlə bağlı bundan sonrakı fəaliyyətlərinə də stimul yaradan bir fərmandır. Etiraf edilməlidir ki, bu prosesdən həm vətəndaş, həm də banklar qazanacaq. Atılan bu addımı banklarla vəyəndaşlar arasında qarşılıqlı etimadın bərpa olunması kimi də qiymətləndirmək olar. Vətəndaşlarımız bir daha hiss etdi ki, Azərbaycan dövləti və Prezidenti daim onların yanındadır. Hər hansı bir forsmajor situasiya yaranarsa, dövlət onların problemlərini həll etməyə qadirdir. Bunun üçün Azərbaycan Prezidentinin siyasi iradəsi var. Bu baxımdan qeyd etmək olar ki, problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır.
Nurlan