Problemli kreditlərin həllində hansı model seçilə bilər?- Rəy
27 Fevral 2019 13:39 İqtisadiyyatMəzənnə məsələsi necə həllinin tapacaq?
Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədən sonra problemli kreditlərin həlli istiqamətində konkret addımların atılacağı gözlənilir. Xatırladaq ki, dövlət başçısı sözügedən müşavirədə deyib ki, yaxın vaxtlarda problemli kreditlər məsələsi həllini tapacaq: "Problemli kreditlər məsələsi ilə son mərhələdə işçi qrupu çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük". Şübhəsiz ki, prezidentin bu çxışından sonra problemli kreditlərin həlli istiqamətində ciddi addımlar atılacaq. Onu da qeyd edək ki, dövlət başçısının xatırlardığı kimi problemli kreditlər məsələsi o qədər sadə məsələ deyil. Maraqlıdır, sözügedən problem hansı qaydada həllini tapa bilər? İqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, ölkə başçısının da qeyd etdiyi kimi, artıq iki aya yaxındır hökumət nümayəndələrinin də iştirakı ilə müzakirələr aparılır: "Mərkəzi Bank rəhbərilə son görüşdə də problemli kreditlər məsələsi geniş diskussiyalara səbəb oldu. Biz üçtərəfli güzəşt mexanizmi, parlament üzvlərisə fərqli mexanizm təklif edirik. Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, problem hər üç tərəf - müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Bunun üstünlüyü ondan ibarətdir ki, hər bir tərəf fərqin üçdə-birini üzərinə götürür. Digər tərəflər də üçdə ikisini üzərinə götürdüyünə görə heç bir tərəfə ağırlıq düşmür. Dövlət daha az vəsait ayırmaqla və ciddi maliyyə yükü olmadan problemi həll edə bilir. Banklar gəlir əldə ediblər, güzəşt etmək imkanına malikdirlər və üçdə biri üzərinə götürə bilirlər. Bu halda vətəndaş dollar kreditini 1.70 məzənnəsi ilə deyil 1.06 məzənnəsi ilə ödəyəcək və eləcə də faizlərdə güzəşt təklif edilir. İndiki halda bizim təklif etdiyimiz güzəşt mexanizminin qəbul edilib tətbiq olunmasını daha məqbul hesab edirik. Artıq hökumət problemli kreditlərin həllilə bağlı mexanizmlərin hazırlanmasına başlayıb. Müzakirələrdə həm hökumət üzvlərinin, həm də ekspert qruplarının fikirləri nəzərə alınır". V.Bayramovun sözlərinə görə, yaxın günlərdə problemli kreditlərin həllilə bağlı konkret addımalrın şahidi olacağıq: "Hökumət daha çox Amerika modelinin tətbiqində maraqlıdır. Burada problemli kreditlərin səhmləşdirilərək bazara çıxarılması, bunun müqabilində vətəndaşlara güzəştlərin verilməsi nəzərdə tutulur. Həmçinin, Rusiya modelində olduğu kimi, vətəndaşlara guzəştlərin verilməsindən söhbət gedir. Bu modeldə ödəmə müddətinin uzadılması, faizlərdə güzəştin tətbiq edilməsi, eyni zamanda aylıq ödəniş məbləğlərinin aşağı salınması və s. nəzərdə tutulur". Ekspert qeyd edib ki, proqramın tətbiqi üçün 8 milyon manat vəsait tələb olunur: "Hökumətdə gedən müzakirələrdə bu dövlət tərəfindən çəkiləcək xərc kimi nəzərdə tutulur. Bu təkcə xərc də deyil. Ola bilər dövlət bunu səhmləşdirərək bazara çıxarsın, xərcin əhəmiyyətli hissəsini qiymətli kağızlar bazarı hesabına ödəyə bilsin. Bu mütləq xərc deyil. Ona görə də fərqli yanaşmalar var. İqtisadi və Sosial İnkişaf Mərkəzinin Mərkəzi Bankla apardığı müzakirələrdə yanaşmalarda oxşarlıq olduğunu müşahidə edirik. Güman edirəm ki, bizim təkliflərin son paketə daxil edilməsi imkanları genişdir. Son paketə hansı mexanizmlərin daxil ediləcəyi hələlik bəlli deyil. Amma bütün yanaşmalarda devalvasiya nəticəsində yaranan fərqin bir hissəsi dövlət tərəfindən ödəniləcək, eyni zamanda bu mexanizmlərdə vətəndaşa ödəmə vaxtı ilə bağlı daha uzun müddət, faizlərdə güzəşt tətbiq edilə bilər ki, bu da onlar üçün aylıq ödəniş məbləğinin kəskin azalmasına gətirib çıxaracaq".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, hazırda rəsmi olaraq problemli kreditlərin həcmi 1,6 milyard manatdır: "2015-ci ilin iki şok devalvasiyasından sonra problemli kreditlər sürətlə artdı və bir qədər azalmadan sonra hazırda 1,6 milyard manat və ya kredit portfelinin 12 faizini təşkil edir. Əslində isə problemli kreditlərin həcmi göstərilən rəqəmdən çoxdur. Daha çox bu amilin təsiri ilə, bir neçə bank istisna olmaqla, bank sektoru ağır duruma düşüb və həmin çətinliklərin xeyli hissəsi indi də davam edir. Dollar kreditləri ətrafında manipulyasiyalar nəticəsində vətəndaşların xeyli hissəsinin borc tələsinə düşməsi Azərbaycanda əhalinin müəyyən hissəsnin güzəranının yaxşılaşması qarşısında ciddi maneəyə çevrilib".
İqtisadçı-deputat problemin həllində dövlətin fəal iştirakının vacibliyini vurğulayıb: "Bu məsələdə ağırlıq dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünsün ki, heç bir tərəfə ağırlıq düşməsin. Həm də xarici valyutada olan kreditlərlə bağlı problemə differensiallaşdırılmış şəkildə baxmaq lazımdır. Qanunun bütün sərtliyi 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında, səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi, eləcə də devalvasiya nəticəsində artan kreditləri qaytarmaq iqtidarında olmayan yoxsul təbəqəyə yox, banklarla əlbir olub kreditləri qaytarmamaq üçün alanlara tətbiq etmək lazımdır. Banklarla əlbir olub, öz eyş-işrəti üçün külli miqdarda kredit götürənlər heç bir güzəşt olmadan aldıqları kreditləri ödəməlidr. 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında intizamla qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi şəxslərə güzəştlər edilməlidir. Borcu olan insanların əksəriyyəti aldığı borcun 2-3 qatını banka çoxdan ödəyib. Bəzi banklar həmin insanlardan artıq aldığından əlavə faiz, cərimə və sair formalı manipulyasiyalarla əslində almadığı kreditə görə pul tələb edirlər. Devalvasiyadan əvvəl 2 min manat kredit alıb, son 3 ildə 7 min manat qaytarmasına baxmayaraq, bəzi bankların hələ də belə insanların yaxasından əl çəkməməsi faktları obyektiv araşdırılmalı, müflisləşmə mexanizmi tətbiq edilməli və əhalinin öz borcunu ödəyə bilmək qabiliyyətini itirmiş aztəminatlı təbəqəsinin kredit borcları silinməlidir. Fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul etməsi və ya mövcud qanunvericilikdə bu məsələyə bir balaca aydınlıq gətirməklə şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlərin isə məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın. Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların fəaliyyətinin normallaşdırılması istiqamətində zəruri işlər aparılsın".
Nurlan