Sosial problemlərinin həlli dövlət başçısının gündəlik qayğısına çevrilib- Təhlil

Məcburi köçkünləri sosial təminatı dövlətin prioritet məsələsidir

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin davamlı inkişafı təmin edilib. Dövlət başçısının yürütdüyü çoxşaxəli iqtisadi siyasət  ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin ciddi şəkildə artmasına səbəb olub.  İqtisadiyyatın modernləşdirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı irimiqyaslı layihələrin reallaşdırılması nəticəsində, yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi yüksəlib, vətəndaşların məşğulluğu artıb və yoxsulluğun səviyyəsi minimuma enib. Yeri gəlmişkən xatırladaq ki, ölkənin ardıcıl və dinamik inkişafı, rəqabətədavamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi təhlil edilib və Azərbaycan "Yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olub. Etiraf edilməlidir ki, ölkədə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli  dövlətin daim diqqət mərkəzində olub. Doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləri Azərbaycan dövlətinin, xüsusən prezident İlham Əliyevin gündəlik qayğısına çevrilib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyonadək soydaşımızın qayğıları, sosial problemləri dövlət başçısının gündəlik qayğısına çevrilib.

Xatırladaq ki, bir müddət öncə  Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır. İndi isə dövlət baçısı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında" Sərəncam imzalayıb.Sənədə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb. İqtisadçı ekpsert Vüqar Bayramov deyib ki, Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə bağlı Sərəncama əsasən məcburi köçkünlərə ödənilən vəsaitin həcmi 50 faiz artırılıb. 2017-ci ilin yanvar ayının 1-dən etibarən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinət ödənilir. Bu vəsait onların kommunal xidmətlərinin xərcinin ödənilməsi məqsədilə dövlət tərəfindən əvəzsiz olaraq verilir. Ekspert bildirib ki, 2017-ci ilin əvvəlində bu rəqəm 36 manat, 2018-ci ildə 40 manat, son dəyişikliklərdən sonra isə bu rəqəm 50 faiz artırılaraq 60 manata çatdırılıb. Onun sözlərinə görə, bununla da məcburi köçkün ailələrinin hər bir üzvünə kommunal xərclərin ödənilməsi üçün dövlət tərəfindən 60 manat vəsait ödəniləcək: "Bu o deməkdir ki, əgər ailədə 4 nəfər ailə üzvü varsa, onlar 240 manat dövlət büdcəsindən aylıq olaraq vəsait əldə etmək imkanı qazanacaq. Əvvəllər bu rəqəm 160 manat idisə, aprel ayında bu rəqəm 240 manat olacaq".V. Bayramov söyləyib ki, birdəfəlik aylıq müavinətin artırılması məcburi köçkünlərin sosial təminatı baxımından çox vacibdir: "Bunun məcburi köçkün ailələrinə dəstək kimi qiymətləndirilməlidir. Artımlar ailə üzvlərinin sayı çox olan məcburi köçkünlərə dövlət büdcəsindən daha çox vəsait əldə etmək imkanı verəcək. Əvəzsiz ödənilən vəsait praktiki olaraq dövlətin dəstəyidir. Bu kontekstdən son addım Azərbaycan həyata keçirilən sosial islahatların bir elementi kimi qiymətləndirilməlidir. Praktiki olaraq, həssas qrup hesab edilən məcburi köçkünlərin sosial təminatının daha yaxşılaşmasına dəstək kimi xarakterizə olunur".

Qeyd edək ki, respublikada həyata keçirilən sosial siyasət insanların sosial xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yönəldilməklə təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, digər sosial-mədəni tədbirlərin inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədlərinə dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayrılır. Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin  təhsil haqqının, həmçinin kommunal və digər xidmətlərin ödənişindən  azad ediliblər. Sadalanan faktlar deməyə əsas verir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş  rayonlardan didərgin düşmüş, indi qaçqın və köçkün vəziyyətində yaşayan vətəndaşların problemlərinin həlli, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdılıması Azərbaycan dövləti üçün prioritet hesab olunur. Onu da qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsinin layihəsində büdcənin sosialyönümlülüyü təmin edilib və bütün sosial proqramların icrası ilə bağlı qarşıya qoyulan vəzifələr öz həllini tapmaqdadır. Sadalanan faktlar isə deməyə əsas verir ki, ölkə başçısı tərəfindən əhalinin sosial rifah halının yüksəldilməsi iqtiqamətində atılan addımlar davamlı olacaq.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31