Yaxın gələcəkdə problemli kreditlərlə bağlı məsələ də öz həllini tapacaq- Təhlil

Azərbaycan problemli kreditlər məsələsini həll etməklə ciddi nümunə göstərəcək

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədi  cəmiyyətin sosial problemlərdən yaxa qurtarmasından ibarətdir. Bu sahədə əsas məsələlərdən biri də  yoxsulluğun səviyyəsinin azaldılmasından ibarətdir ki, görülən işlər nəticəsində hazırda ölkəmizdə yoxsulluğun səviyyəsi 5 faiz civarında qərar tutub. Etiraf edilməlidir ki, Azərbaycanda  əhalinin rifahının yaxşılaşması istiqamətində görülən işlər yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Ötən dövrdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları davamlı iqtisadi inkişafı təmin etməklə, sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı zəmin yaradıb. Son 15 ildə 2 milyona qədər iş yerinin açılması da ölkə Prezidentinin bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir. Hazırda əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində davamlı işlər həyata keçirilir. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanın bu il dövlət büdcəsinin təxminən 34 faizinin sosial məqsədlər üçün xərclənməsi nəzərdə tutulur. Bu isə ona dəlalət edir ki, Azərbaycanın dövlət büdcəsi həm sosialyönümlü, həm də investisiya tutumludur. Son illərdə şəffaflıqla bağlı həyata keçirilən tədbirlər büdcənin həcminin artmasına səbəb olub ki, nəticədə  səhiyyəyə ayırmalar təxminən 70% çoxalıb, sosial müdafiə sistemində artımlar nəzərdə tutulub, pensiya ilə bağlı xərcləmələrdə illik 400 milyon manata qədər artım var. Məhz dövlət büdcəsinin gəlirlərinin artması imkan verir ki, əhalinin illərdən bəri yığılıb qalmış problemlərinin həllinə nail olunsun. Qeyd edək ki, əhalinin həllini gözləyən problemlərindən biri də kreditlərlə bağlıdır ki, prezident İlham Əliyev bu məsələnin yaxın müddətdə həll olunacağını bildirib. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə çıxışı zamanı deyib ki, problemli kreditlərlə bağlı bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Dövlət başçısı bildirib ki, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır: "Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrup çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük". İlham Əliyev əlavə edib ki, bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir: "Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir". Göründüyü kimi problemli kreditlərin həlli dövlət başçısının diqqətindən kənarda qalmayıb. Özü də sözügedən problem bankların deyil, məhz vətəndaşların xeydinə həll olunacaq. İqtisadçı alim Vüqar Bayramov bildirib ki, problemli kreditlərin həlli dövlət başçısının diqqət mərkəzindədir: "Fevralın 13-də yazdığım statusda CESD-nin apardığı sorğuya əsasən insanları narahat edən əsas məsələlərdən birinin problemli kreditlər olduğunu qeyd etmişdim. Məlum  müşavirədə Azərbaycan Prezidenti vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlı olduğunu bildirib. Problemin həlli ilə bağlı dövlət başçısı tərəfindən artıq göstəriş verilib. Xatırlatmaq istərdim ki, 2015-ci ildən İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən problemli kreditlərin həlli ilə bağlı üçtərəfli mexanizm təklif edir. Əvvəla, bu mexanizmin özəlliyi ondan ibarətdir ki, burada fərqin tərəflər arasında bölüşdürülməsi nəzərdə tutulub. Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, fərq üç tərəf arasında -müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Bunun üstünlüyü ondan ibarətdir ki, hər bir tərəf fərqin üçdə-birini üzərinə götürür. Digər tərəflər də üçdə ikisini üzərinə götürdüyünə görə heç bir tərəfə ağırlıq düşmür. Dövlət daha az vəsait ayırmaqla və ciddi maliyyə yükü olmadan problemi həll edə bilir. Banklar gəlir əldə ediblər, güzəşt etmək imkanına malikdirlər və üçdə biri üzərinə götürə bilirlər. Bu halda vətəndaş dollar kreditini 1.70 məzənnəsi ilə deyil 1.06 məzənnəsi ilə ödəyəcək və eləcə də faizlərdə güzəşt təklif edilir. İndiki halda bizim təklif etdiyimiz güzəşt mexanizminin qəbul edilib tətbiq olunmasını daha məqbul hesab edirik". Göründüyü kimi ölkədə həyata keçirilən sosial iqtisadi siyasət vətəndaşların maddi rifah halının yaxşılaşmasına hesablanıb. Dövlət başçısı trəfindən həyata keçirilən bu siyasət bir çox ölkələr üçün nümunə hesab oluna bilər.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31