İnsanlar bir daha əmin oldular- Təhlil
26 Fevral 2019 13:06 İqtisadiyyatSosial sferada aparılan islahatlar davamlı olacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə həm iqtisadi və sosial islahatların qiymətləndirilməsi, həm də növbəti dövrdə həyata keçiriləcək islahatlarla bağlı prioritet və istiqamətləri müəyyənləşdirdi. Artıq ölkə içtimaiyyətində islahatların davamlı olacağı barədə inamlı fikir formalaşıb. Prezident sözgedən müşavirədə bir məsələni də xüsusi qeyd edib ki, artıq bir neçə aydır ciddi sosial paket üzərində iş aparılır: "Bu sosial paketin ilk təzahürləri haqqında mən artıq bildirdim, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq. Yəni, bütün bunlar - bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Sadaladığım bütüm bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq". İqtisadçı ekspert Vüqar Bayramov deyib ki, sözügedən müşavirə Azərbaycanda növbəti aylarda da davamlı islahatların həyata keçiriləcəyi və bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyi ilə bağlı mesajdır. Azərbaycanın 2019-cu ilə struktur islahatları ilə yanaşı, sosial sferada aparılan islahatlar və sosial təminatın gücləndirilməsi ilə daxil olduğunu deyən ekspert söyləyib ki, geridə qoyduğumuz 2 ay sosial təminatın gücləndirilməsi baxımından yadda qaldı: "Bir tərəfdən minimum əməkhaqqı, pensiyalar artırıldı, sosial sferada vətəndaşları maraqlandıran kifayət qədər ciddi və əhəmiyyətli işlər görüldü. Eyni zamanda, istismara alınmayan binaların istismara alınması ilə bağlı dövlət başçısı tərəfindən imzalanan müvafiq fərmana uyğun olaraq bina evlərində yaşayan mənzil sahiblərinin çıxarışla təmin olunması ilə bağlı aparılan tədbirlər xüsusi qeyd olunmalıdır". Müşavirədə müzakirə edilən problemli kreditlərin həll edilməsi məsələsinə gəlincə V.Bayramov qeyd edib ki, bu istiqamətdə müəyyən addımın atılması vətəndaşlarımızı daha çox narahat edən məsələlərdən birinin yaxın zamanlarda həll edilməsi anlamına gəlir: "Praktiki olaraq bu, ondan xəbər verir ki, hazırda Azərbaycan vətəndaşını maraqlandıran sosial məsələlər dövlət başçısının diqqət mərkəzindədir. Xüsusən son aylar sosial təminatın gücləndirilməsi ilə bağlı atılan addımlar, ölkə başçısı tərəfindən fərqli problemlərin araşdırılması və həll edilməsi ilə bağlı verilən göstərişlər vətəndaşların sosial təminatının gücləndirilməsi, bütövlükdə iqtisadiyyatın inkişafı və inklüziv inkişaf baxımından çox vacibdir".
V.Bayramov onu da qeyd edib ki, Azərbaycan Prezidentinin imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı ilə sosial müavinət məbləğlərində artımlar həyata keçiriləcək. Bu və eləcə də əvvəlki artımlar ilə bağlı bizə daha çox ünvanlanan suallar içərsində əlliliə görə pensiya və sosial müavinət məbləğlərinin necə artırıldığı ilə bağlı sorğu daha çox qeyd olunur. Qeyd edək ki, minimum pensiya artırıldıqdan sonra "Əmək pensiyaları haqqında" qanunun 6-1-ci maddəsində (Əmək pensiyasının minimum məbləği) edilən dəyişiklik aşağı pensiya alanların pensiya məbləğlərinin artmasına səbəb oldu. Sosial müavinət məbləğləri isə konkret olaraq müəyyənləşdirilir. Məsələn, yeni sərəncamla I qrup əlilliyə görə sosial müavinət 150 manata çatdırıldı. Qeyd edim ki, əvvəllər bu rəqəqm ümumi səbəbdən əlillər üçün 82, müharibə əlilləri üçün 101, "Çernobıl AES-də hərbi xidmətlər əlaqədar" və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" əlilliyi olanlar üçün 94 manat idi. Amma əgər vətəndaş əlilliyə görə pensiya alırsa və bu məbləğ 160 manatdan az idisə o zaman pensiya məbləğinin hansı məbləğ olmasından asılı olmayaraq 160 manata çatdırılacaq. Bu o deməkdir ki, 1-ci qrup əlilliyə görə sosial müavinət 150 manat, minimum pensiya isə 160 manat olacaq. Təbii ki, pensiya məbləğində minimum məbləğdən söhbət gedir və bud aha yüksək ola bilər. Buna görə də, öz ödənişlərində artımları hesablamaq üçün vətəndaşlarımız onların aldıqları vəsaitin pensiya yoxsa müavinət olmasına diqqət yetirməkləri vacibdir.
Bəs, fiziki imkanı məhdud olan şəxs hansı hallarda pensiya və sosial müavinət alır? Əmək pensiyası haqqında qanuna əsaəsn, əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin qanuna əsasən həmçinin hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Sosial müavinat haqqında qanuna əsasən isə əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda əlilliyə görə müavinət alır. Qeyd edək ki, yeni sərəncam ilə fiziki imkanları məhdud olan uşaqlara 150 manat sosial müavinət ilə yanaşı hər bir uşağa 18 yaşınadək baxılmasına görə əlavə 50 manat ödəniş təsis edilib. Fiziki imkanları məhdud olan hər bir uşaq üçün ödəniləcək aylıq məbləğ 150 manat deyil, baxım xərci ilə birlikdə 200 manat olacaq. Digər məqam minimum pensiya artımları artıq martın 1-dən, sosial müavinətlər üzrə artımlar isə aprelin 1-dən hesablanacaq. Sonuncu sərəncam ilə sosial müavinətlərin artımina ildə əlavə olaraq 400 milyon manat ödəniləcək və 577 min nəfəri əhatə edəcək.
Artıq insanlar qəti şəkildə əmin ola bilərlər ki, dövlət başçısı vətəndaşların sosial rifahının yüksəldilməsini hər zaman diqqətdə saxlayır. Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin 130 manatdan 180 manata artırılması barədə sərəncamı ilə həyata keçirdiyi siyasətdə vətəndaşların rifahının yüksəldilməsinin prioritet istiqamət olduğunu bir daha göstərib. O da faktdır ki, Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq işlər görür. Elə təkcə son günlərdə Azərbaycan Prezidenti əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına hesablanmış bir neçə sərəncam imzalayıb. Pensiyaların artırılması, şəhid ailələrinə müavinətlərin verilməsi, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması, minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamlar bunun bariz nümunəsidir. Həmçinin dövlət başçısının sərəncamı ilə minimum aylıq əməkhaqqının yaşayış minimumuna çatdırılması Azərbaycan tarixində bir ilkdir. Etiraf edilməlidir ki, dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda həmişə yaşayış minimumu ilə minimum əməkhaqqı arasında fərqlər olub, lakin cənab Prezident ölkəmizdə bu fərqi aradan qaldırdı. Bu fərqin aradan qaldırılması xeyli sayda insanın sosial rifahının yaxşılaşmasına xidmət edəcək. Belə ki, ümumilikdə dövlət və özəl sektor üzrə maaş artımı 600 mindən çox işçini əhatə edəcək. Həmin şəxslər yalnız dövlət büdcəsindən maliyyələşən təşkilatlarda deyil, eləcə də özəl sektorda çalışanlardır. Bu isə o deməkdir ki, bu gün ölkə prezidenti tərəfindən atılan bu addım gələcək perspektivə hədəflənib. Belə ki, minimum əməkhaqqının artırılması işçilərin yalnız bu gün üçün maaş formasında gəlirlərinin çoxalması deyil, onların gələcək sosial təminatlarına da müsbət təsir edəcək. Axı artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır və belə olan halda işçinin fərdi hesabındakı pensiya daha çox artır. Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi isə Azərbaycan dövlətinin daha da gücləndirilməsi deməkdir.
Nurlan