“ACCESSBANK” niyə müflis olur?

Banklar hələ də fors-major vəziyyətlərə hazır deyillər

Banklar hələ də fors-major vəziyyətlərə hazır deyillər

Bir neçə il əvvəl dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda ölkənin maliyyə bazarlarında baş verən xoşagəlməz olaylar daha çox bank sektorunda öz mənfi təsirini göstərdi. Yarana biləcək hər hansı bir təhlükə və ya arzuedilməz situasiyaya hazırlıqlı olmayan bir çox bank dərhal fəaliyyətini dayandırdı. Bəzi banklar isə birləşərək böhrandan çıxmaq barədə düşündü. Etiraf etmək lazımdır ki, ikinci variantın özü də bank sektoru üçün o qədər də sərfəli və səmərəli olmadı. Yalnız dövlətin bu sektora dəstəyi nəticəsində banklar nisbətən ayaqda durmağı bacardı. Ancaq bu da müvəqqəti xarakter daşıyırdı. Çünki yuxarıda qeyd etdiyimiz kimi bu sektorun təmsilçiləri fors-major vəziyyətlərə hazır deyildilər. Hazırda da bir sıra banklarda bu problem yaşanmaqdadır. Bu günlərdə "Accessbank"ın vaxtilə öyündüyü Fitch reytinqlərindən imtina etməsi fonunda bunu aydın görmək mümkündür. Agentliyin banka verdiyi sonuncu reytinq "C"-dir, yəni müflisləşmə ehtimalı olduqca böyükdür. Bəziləri bu reytinqi müflisləşmənin qaçılmaz olduğu kimi tərif edir. Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, xeyli problemli krediti olan və savadsız tərtib edilmiş kredit sənədləri ucbatından məhkəmələrdə məğlub olan "Accessbank" ötən ili 73,7 milyon manat, 2016-cı ili isə 100,889 milyon manat zərərlə başa vurub: "Halbuki, 2007-2015-ci illəri yüksək xalis mənfəətlə başa vurmuşdu: Cəmi təxmini 210 milyon manat. Həmin illərin manat məzənnəsini nəzərə alsaq, bankın cəmi qazancı (təxmini 270 milyon dollar) cəmi itkilərindən (təxmini 107 milyon dollar) azı iki dəfə yarım çoxdur. Amma problem odur ki, ötən illər ərzində bankın səhmdarları qazancı götürüblər və indi banka pul qoymaq, heç olmasa götürdüklərinin bir hissəsini geri qaytarmaq istəmirlər. Xatırladıram ki, "Sizin yerli Avropa bankınız" şüarı altında fəaliyyət göstərən bu qurumun səhmdarları Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq və xarici maliyyə institutlarıdır. Neft gəlirlərimizin bumu illərində sahibkarlarımıza yüksək faizlə kredit verərək-özü də kölgə iqtisadiyyatına rəvac verərərək "qara mühasibatlıq" əsasında- bu təşkilatlar "Accessbank" vasitəsilə böyük qazanc əldə etdilər, indi isə kənarda durublar. Bazarımız artıq onlar üçün maraqlı deyil".
İqtisadçı ekspert qeyd edib ki, bu ilin iyun ayında ilk dəfə olaraq banka rəhbərliyi də xarici deyil, yerli kadra, deputat Sevinc Fətəliyevanın əri Anar Həsənova etibar etdilər: "Yəni "qara işi" ona həvalə etdilər. O, da bankın problemli kreditlərinin həlli üçün ən "qara" yolu tapdı: kollektor şirkəti yaratdı və qanunsuz olaraq borclular haqda məlumatı ona ötürdü. Həmçinin borcluların guya bankdan qanunsuz kredit götürməsi adı ilə hüquq-mühafizə orqanlarına topdan qaydada müraciət etdi. Heç bir yerli bank hələ bu səviyyəyə enməmişdi. Halbuki, bir bankda bu qədər qanunsuz kredit verilibsə, ilk növbədə elə onun rəhbərliyini məsuliyyətə cəlb etmək lazımdır. Amma hələlik bankın inzibatçıları deyil, ancaq sahibkarlar həbs olunur. Ən əsası isə müştərilərini belə güdaza verən banka bundan sonra kim etibar edər? Əmanətçilər də ona etimad göstərərmi? İnanmıram ki, "Accessbank" bütün bunları nəzərə almayıb. Alıbsa, onda belə çıxır ki, həqiqətən də artıq bazarda qalmaqda maraqlı deyil. Əsas, mümkün qədər çox kredit qaytarmaq və daha az zərərlə getməkdir. Nə yolla olursa olsun. Necə deyərlər, imic heç nədir, susuzluq hər şey. Elə buna görə də Fitch reytinqi kimi dürüst güzgüyə də artıq ehtiyac yoxdur.  Bu Avropa bankının son aylarda sahibkarların başına açdığı oyuna gəldikdə isə, necə deyərlər, bu da sivil Qərb, insan haqları etalonu olan Avropa. Fikir verirəm ki, Avropada məskunlaşmış mətbuatımız "nədənsə" "Accessbank", onun həbs edilən sahibkar müştəriləri mövzusuna toxunmur. Halbuki, digər banklarımız bir borcludan pulunu qanuni tələb etdikdə belə, bəzən hay-həşir salırlar".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31