Azərbaycan region üçün nümunədir

Müasir dövrümüzdə insan inkişafına mane olan amillərə qeyri-bərabərliyin müxtəlif formaları,eləcə də gender qeyri-bərabərliyi,yoxsulluq və s. kimi amillər daxildir.Bunların içərisində daha qlobal xarakter daşıyan yoxsulluqdur.

Müxtəlif ölkələr arasında yoxsulluq həddində fərqlər müşahidə edilsə də, onların ümumiləşdirilmiş göstəriciləri də məlumdur və beynəlxalq müqayisələrdə istifadə edilməkdədir. Adətən, bu, hər bir fərdin gününə düşən pul vəsaitidir. Məsələn, Dünya Bankının standartlarına görə, bəzi ölkələrin əhalisi üçün mütləq yoxsulluq həddi, alıcılıq qabiliyyəti göstəricisi nəzərə alınmaqla gündə 1,25 ABŞ dolları təşkil edir. Bu o deməkdir ki, həmin ölkələrdə bu həddən yuxarı gəlir sahibləri artıq yoxsul hesab edilə bilməzlər. Yoxsulluq həddi konsepsiyasının qüsuru da elə bundadır. Belə statistik göstərici yoxsulluq həddindən az da olsa fərqlənən gəlirə malik olan şəxsləri yoxsul hesab etmir və yoxsul kimi qiymətləndirmir. Göstərilən vəziyyət əhalinin həmin qrupa aid olan fərdlərini yoxsullar üçün nəzərdə tutulmuş yardım və imtiyazlardan faydalanmaq imkanlarından məhrum edir. Lakin qeyd edilməlidir ki, bu orta rəqəmdir. Məsələn, Çin kəndlərində yoxsulluq həddi gündə 1 ABŞ dolları səviyyəsində qəbul edilmişdi. 2012‑ci ildə həmin ölkənin kənd sakinlərinin 122 milyonu bu həddən aşağı səviyyədə təmin edilmişdilər. Beynəlxalq təşkilatların proqnozlarına görə, 2015‑ci il üçün inkişafda olan ölkələrdə bir gündə 1,25 ABŞ dollarından az vəsaitə yaşayan əhalinin sayı 900 milyon nəfər azalacaq. Lakin bu  proqnozun özünü doğrultması üçün yoxsulluqla mübarizə həm milli səviyyədə, həm də qlobal miqyasda gücləndirilməli və bu istiqamətdə həyata keçirilən tədbirlər daha səmərəli koordinasiya edilməlidir. Mütləq yoxsulluqla yanaşı, nisbi yoxsulluq da davamlı insan inkişafına mənfi təsir göstərən amildir. Nisbi yoxsulluq, bir qayda olaraq, cəmiyyətdə müşahidə edilən qeyri‑bərabərliklə əlaqədardır. Yoxsulluğun bu kateqoriyasının təzahürü ondadır ki, həmin qrupa aid olan fərdlər  üçün cəmiyyətin əksəriyyətinin yararlandığı məhsul və xidmətlər əlçatmazdır.

Hər hansı bir neqativ prosesin və ya hadisəni optimal idarə etmək, onun qarşısını almaq, həmən hadisə ilə səmərəli mübarizə aparmaq üçün, ilk növbədə, onun səbəbləri araşdırılmalıdır. Yoxsulluqla mübarizə strategiyasının seçilməsi, yoxsulluqla mübarizə prosesinin səmərəli idarə olunması bu məhrumiyyətin kökündə duran amillərin müəyyənləşdirilməsini tələb edir. Müasir təsnifata görə yoxsulluğun əsasında bir sıra amillər durur.

***

İqtisadi səbəblər. Mütləq yoxsulluğun iqtisadi səbəbləri arasında ən çox yayılmışı vəsaitin çatmamasıdır. Maddi vəsaitin çatmaması müxtəlif səbəblərlə bağlıdır. Onların arasında xüsusi yeri uzunmüddətli işsizlik tutur .Bununla yanaşı, yoxsulluğun səbəbləri arasında əməkhaqqının aşağı olması da xüsusi yer tutur. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin hamısında əməkhaqları yüksək olmayan təbəqə mövcuddur. Sadəcə onların ümumi əhali arasında faizi müxtəlif ola bilər.

Təhsil və peşəkarlıqla əlaqədar səbəblər. Bəzi hallarda yoxsulluğun səbəbi kimi kifayət dərəcədə bilik və bacarığın olmaması göstərilir. İnsan potensia- lının inkişafı, fasiləsiz təhsil yoxsulluğun bu səbəbinin qarşısını almaq üçün olduqca əhəmiyyətlidir. Azərbaycan Respublikasında təhsil sahəsində həyata keçirilən siyasət insan potensialının yüksəldilməsinə yönəldilmişdir. Son illər minlərlə müasir məktəb inşa edilib və yaxud yenidən qurulub, onlar ən müasir  avadanlıq və vəsaitlərlə təchiz olunublar. Yeni təhsil proqramlarının tətbiqi ilə yanaşı, bu tədbirlər təhsilin yeni səviyyəyə qalxmasına şərait yaradır. Təhsil islahatlarının həyata keçirilməsində dövlət qurumları ilə yanaşı, ictimai təşkilatların da rolu olduqca yüksəkdir. Bu istiqamətdə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı xüsusilə qeyd edilməlidir.

Siyasi səbəblər. Yoxsulluğun siyasi səbəblərinə əsasən müharibələr, hərbi münaqişələr və bu hadisələrin nəticəsində törənmiş fəsadlar aid edilə bilər. Müharibə və hərbi münaqişələr nəticəsində böyük ərazidə bir qayda olaraq iqtisadi infrastruktur, yaşayış məntəqələri, evlər, təhsil və səhiyyə ocaqları tam, yaxud əsasən dağıdılır. Bu ərazilərdə yaşayan əhalinin şəxsi əmlakı itirilmiş olur. Şübhəsiz ki, belə hadisələr nəticəsində münaqişəyə cəlb edilmiş əhali dərhal yoxsula çevrilir. Azərbaycan - Ermənistan - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal altındadır. Münaqişə nəticəsində ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkün ordusu əmələ gəlib və ilk zamanlar onların hamısı mütləq yoxsul kimi səciyyələndirilib. Lakin Azərbaycan Respublikasında həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində qaçqın və məcburi köçkünlərin vəziyyəti köklü surətdə dəyişib və onların əksəriyyəti artıq yoxsul kateqoriyasına aid edilmir. Münaqişənin sülh yolu ilə həll edilməsinə üstünlük verən Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün hər bir vasitədən istifadə etməyə hazırdır.

Demoqrafik səbəblər. Yoxsulluğun səbəblərindən biri kimi demoqrafik vəziyyət də çıxış edə bilər. Demoqrafik vəziyyətin yoxsulluğa təsiri dedikdə ilk növbədə natamam ailələrin mövcudluğu nəzərdə tutulur. Bəzi sosial siyasəti lazımi səviyyədə reallaşdırmayan ölkələrdə çoxuşaqlı ailələr demoqrafik səbəblərdən yoxsul hesab edilə bilər. Məsələn, hazırda Hindistanın əhalisi 1 milyard 200 milyonu aşıb və onların yarısından çoxunun yaşı 25‑dən aşağıdır. Eyni zamanda, dünyadakı yoxsulların təxminən 40 faizi bu ölkədə yaşayır. Aydındır ki, yoxsulluqla mübarizəyə belə bir şəraitdə xüsusi diqqət yetirilməlidir. Demoqrafiya ilə əlaqədar yoxsulluğun qarşısının alınması və ya kəskin surətdə azalması ailə planlaşdırılması proqramlarının işlənilməsi və həyata keçirilməsindən keçir. Bir sıra hallarda ixtisas seçimi zamanı gənclər və onların valideynləri gələcək əmək bazarının tələblərini düzgün qiymətləndirmirlər. Üstünlük elə ixtisas və peşələrə verilir ki, orada iş yerləri məhdud saydadır və rəqabət yüksəkdir. Nəticədə bu peşə və ixtisasa yiyələnmiş gənclər ixtisası üzrə iş yeri tapa bilmir. Təhsil və təlimə sərf edilmiş zaman və maddi vəsaitlər itirilmiş olur. Hazırda bir sıra Cənubi Avropa ölkələrində gənclər arasında işsizlik olduqca yüksəkdir, bəzi hallarda 30 faiz səviyyəsinə çatır, bəzən isə bu həddi də aşır. Bu vəziyyətdən qurtulmaq və demoqrafiya ilə əlaqədar işsizliyin qarşısının alınması peşə və ixtisas seçimi zamanı perspektivləri düzgün qiymətləndirməyə bağlıdır. İşsizlik risklərinin idarə edilməsinin digər yolu ixtisaslaşma zamanı diversifikasiyaya üstünlük vermək, bir neçə peşə və ixtisasa yiyələnməkdir. İnsan potensialının inkişafı üçün vacib olan fasiləsiz və ömür boyu təhsil işsizliyin və müvafiq olaraq yoxsulluğun azaldılmasında xüsusi əhəmiyyət daşıyır.

Regional səbəblər. Bəzi hallarda hər hansı bir yaşayış məntəqəsinin və ya regionun inkişaf səviyyəsinin qənaətbəxş olmaması işsizliyin əsas səbəbinə çevrilir. Belə vəziyyət regionda yaşayan əhali üçün yoxsulluğa yol açmaqla yanaşı, eyni zamanda insan inkişafı prosesinə mənfi təsir göstərir. Yüksək bilik və bacarıq tələb edən iş yerlərinin olmaması əhalini bilik və bacarığını artırmaq stimulundan məhrum edir, miqrasiya proseslərinə təkan verir. Bu səbəbdən iqtisadi və sosial inkişafı kifayət dərəcədə yüksək olmayan regionlarda insan inkişafı göstəriciləri, bir qayda olaraq, inkişaf etmiş regionlarla müqayisədə daha aşağı olur. Qeyd edilməlidir ki, yoxsulluğun regional və demoqrafik səbəbləri, əksər hallarda bir‑biri ilə çox sıx bağlıdır. Belə ki, zəif inkişaf etmiş regionlarda əhalinin əsas hissəsi maddi mərhumiyyətlərlə üzləşir. Eyni zamanda belə vəziyyət daimi və ya müvəqqəti əmək miqrasiyasını gücləndirir. Bir qayda olaraq, bilik və bacarıqları nisbətən yüksək olan şəxslər üçün digər yerdə iş tapmaq daha asandır və onlar ilk növbədə miqrantlara çevrilirlər. Daha yüksək bilik və bacarığa malik olan şəxslərin yaşayış məntəqəsini və yaxud regionu tərk etməsi artıq demoqrafik fəsad kimi qəbul edilə bilər. Digər tərəfdən işsizlik üzündən baş verən miqrasiya prosesi natamam ailələrin əmələ gəl -məsi prosesini stimullaşdırır. Bu səbəbdən regional inkişaf yoxsulluğun qarşısının alınmasının və yaxud azaldılmasının vacib şərtidir. Azərbaycan Respublikasında regionların inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Ölkənin bütün bölgələrində böyük sürətlə iqtisadiyyatın müasir istiqamətləri inkişaf etdirilir, sənaye və aqrar müəssisələr yaradılır, yeni yüksək bilik və bacarıq tələb edən iş yerləri yaradılır. Eyni zamanda, əyalətlərdə tikinti‑abadlıq işləri surətlə gedir, yeni yollar salınır, ən müasir tələblərə cavab verən təhsil, idman və səhiyyə obyektlərinin əsası qoyulur. Belə şərait yoxsulluğun azalmasına xidmət edir. Təsadüfi deyil ki, ölkədə bu məhrumiyyət ilə üzləşən əhali payı 49 faizdən 6 faizə enib.

Yoxsulluğun sosial‑tibbi səbəbləri. Yoxsulluğun bu səbəbi cəmiyyətdə xəstə və əlillərin olduğu şəraitdə hər zaman özünü büruzə verir. Lakin bu problem iki halda çox kəskin şəkil ala bilir. Onların birincisi hər hansı ölkə və yaxud ərazidə ümumi əhali arasında xəstə və əlillərin payının yüksək olmasıdır. Belə hadisələrin müharibə və hərbi münaqişələr zamanı artması real faktdır. Yoxsulluğun bu səbəbini kəskinləşdirən digər amil hər hansı bir ölkədə sosial siyasətin zəif olması ilə bağlıdır. Bu halda sağlamlıq baxımdan imkanları məhdud şəxslər yoxsulluqdan daha çox əziyyət çəkməli olurlar. İnsan potensialının inkişafını əsas hədəf kimi qəbul etmiş Azərbaycan Respublikasında cəmiyyətdə mövcud olan imkanları məhdud şəxslərə xüsusi qayğı göstərilir. Bu istiqamətdə uğurlu fəaliyyət həm dövlət qurumları, həm də ictimai təşkilatlar tərəfindən həyata keçirilir. İctimai birliklər arasında Heydər Əliyev Fondunun bu istiqamətdə də fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

***

Azərbaycan Respublikasında da yoxsulluq mövcuddur. Amma Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatların apardığı qiymətləndirmələrə görə, ölkədə yoxsulluq son illərdə dəfələrlə azalmışdır. Bu, uğurla aparılan islahatların, o cümlədən yoxsulluğun aradan qaldırılması üçün xüsusi dövlət proqramının həyata keçirilməsi nəticəsində əldə edilmişdir.Və bu siyasət beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Belə ki, 24 may 2018-ci il tarixində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Jose Qratsiano Da Silvanın Azərbaycana səfəri zamanı bildirib ki, "Minilliyin İnkişaf Məqsədləri" üçün dünyanın 128 ölkəsinin yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürüb və bu ölkələrdən yalnız 18-i buna nail olub. Bu öhdəlikdən sonra həmin ölkələrin yoxsulluğun 5 faizdən aşağı endirilməsini hədəf götürdüklərini qeyd edən Baş direktor Azərbaycanın dünyada buna nail olan 29 ölkədən biri olduğunu da əlavə edib . O, Azərbaycanın əldə etdiyi bu nailiyyətlərin, xüsusi ilə də region ölkələri üçün yaxşı nümunə olacağını da vurğulayıb.

Göründüyü kimi Azərbaycan Respublikası götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməyə çalışır.Yoxsulluq, eləcə də digər iqtisadi problemlərin həll edilməsi istiqamətində göstərilən dövlət qayğısı təqdirə layiqdir. Məhz bunun sayəsində dövlətimizin iqtisadi gücü günü-gündən artır, əhalinin maddi rifahı yüksəlir, ölkəmiz iqtisadi inkişaf səviyyəsinə görə dünya ölkələri içərisində ön sıralarda yer alır. 

Gülnaz SARIZADƏ,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs tələbəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31