Samir Şərifov: “Dövlət büdcəsinin xərclərinin 2,014 mlrd. manat artırılması nəzərdə tutulur”

Milli Məclisin növbədənkənar iclasında 2018-ci il dövlət büdcəsinə dəyişiklik müzakirə olunur."Olaylar" xəbər verir ki, maliyyə naziri Samir Şərifov bildirib ki, 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri 22,11 mlrd. manat, xərcləri isə 23,061 mlrd. manat məbləğində nəzərdə tutulur. O, qeyd edib ki, büdcənin gəlirlər hissəsi Ümumi Daxili Məhsulun (ÜDM) 29,6%-ni təşkil etməklə 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1,983 mlrd. manat və yaxud 9,9%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 5 593,3 mln. manat və yaxud 33,9% çoxdur: "Yenidən baxılma ilə dövlət büdcəsinin xərclərinin 2,014 mlrd. manat artırılması nəzərdə tutulur. Bu da təsdiq olunmuş proqnoza əsasən, 9,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 466,5 mln. manat və yaxud 31,1% çoxdur. Artımdan sonra dövlət büdcəsinin xərclərinin cari ilin sonuna gözlənilən ÜDM-in 30,9%-inə bərabər olacaq ki, bu da təsdiq edilmiş göstəricidən 0,6 faiz bəndi, 2017-ci ilin faktiki icra göstəricisindən 5,8 faiz bəndi çoxdur. 2018-ci ilin yenidən baxılan dövlət büdcəsinin kəsiri təsdiq edilmiş göstəriciyə nisbətən 31 mln. manat artırılaraq 951 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin sonuna gözlənilən ÜDM-nin 1,3%-nə bərabər olacaq. Kəsirin bu artımı dövlət büdcəsinin 2018-ci il 1 yanvar tarixinə mövcud olan vahid xəzinə hesabının qalığı hesabına örtüləcək".

Nazir qeyd edib ki, bu ilin beş ayında neftin orta qiyməti 71,1 dollar/barel olub, hazırda 78 dollar/bareldən çoxdur. 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barrelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 dollar artırılaraq 55 dollara çatdırılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31