Regional proqramlar bölgələrdə infrastrukturun yaxşılaşdırılmasına yol açıb
28 İyun 2018 16:53 İqtisadiyyat15 ilə yaxındır ki, uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikada bütün sahələrdə inkişafa, tərəqqiyə səbəb olub. Bu illər ərzində elə bir sahə yoxdur ki. inkişaf etməsin, həmin sahədə müsbət irəliləyişlər nəzərə çarpmasın. Dövlət Proqramlarının uğurlu icrası nəticəsində hər bir sahə kimi turizm və nəqliyyat sektorunda da müsbət nəticələr əldə olunub. Həm qeyd edilən istiqamətlərdə həyata keçirilən tədbirlər, həm də qarşıdakı illərdə nəzərdə tutuıan irimiqyaslı layihələr, eləcə də iqtisadiyyatın sürətlə inkişafı, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəlməsi ölkəmizə marağın artmasına səbəb olub, respublikamıza gələn əcnəbilərin ildən-ilə çoxalmasına, bir sözlə, turizm fəaliyyətinin genişlənməsinə şərait yaradıb. Turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə "Turizm ili" elan edilib. Ötən müddətdə Bakı ilə yanaşı, regionlarda da turizm komplekslərinin, otellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına, əhalinin istirahətinə geniş imkanlar yaradıb. Son 10 ildə 14-ü regionlarda olmaqla, 35 beş ulduzlu otel istifadəyə verilmiş və bu istiqamətdə işlər uğurla davam etdirilir. Son illərdə inkişaf edən infrastruktur sahələrindən biri də nəqliyyat sektorudur ki, bu sahəyə davamlı və iri həcmli investisiyaların yönəldilməsi nəticəsində nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, körpülərin tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işlər davam etdirilmiş, strateji əhəmiyyətli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini göstərib, ümumilikdə bu sahədə 2,5 dəfə artıma nail olunub.
Dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənib, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr verib. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan TANAP və TAP layihələri, həmçinin "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması ölkə iqtisadiyyatının inkişafında səmərəli olmaqla əhalinin sosial rifahının və ölkəmizin sosial-iqtisadi inkişafının daha da yaxşılaşmasında müstəsna əhəmiyyət kəsb edir.
Bununla yanaşı, ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində tədbirlər, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilərək reallaşdırılıb.
Regional İnkişaf Dövlət Proqramlarının icrası çərçivəsində son 10 il ərzində 8,3 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilib və ya təmir olunub, regionlarda 307 yeni körpü və yol ötürücüsü tikilmiş və ya təmir edilib, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verilib. Nəqliyyatın hərəkətinin tənzimlənməsi və idarə olunması məqsədilə Bakı şəhərində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılıb. Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsinin inkişafında 8,2 dəfə artıma nail olunub.
Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafı, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələnir. XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahələrdən biri hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmişdir. Son 10 ildə regionlarda 1400 - dək ATS, 1000-ə yaxın poçt binası tikilib və ya əsaslı təmir edilmişdir. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 1,6 dəfə, mobil telefon abunəçilərinin sayı 9,6 dəfə artmış, hər 100 nəfərdən 70-i internet istifadəçisi olub.
2013-cü il ölkəmizdə "İnformasiyakommunikasiya
texnologiyaları ili" elan edilmiş və fevral ayının 8-də ölkəmizin ilk telekommunikasiya peyki orbitə çıxarılıb. İnsanların sağlam təbii mühitdə yaşamaları və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşması naminə istifadəsi məsələləri ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Ekologiyanın və təbii mühitin tarazlığının qorunması, əhalinin təmiz suya və havaya olan ehtiyaclarını təmin etmək məqsədilə son illər ərzində bir sıra tədbirlər həyata keçirilib.
Ölkədə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və ekoturizmin inkişaf etdirilməsi məqsədilə 2003-cü ildən başlayaraq Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu, Eldar şamı, Korçay dövlət təbiət qoruqları, eləcə də Abşeron, Ağgöl, Göygöl, Şahdağ, Şirvan, Akademik Həsən Əliyev adına Zəngəzur, Hirkan, Altıağac və Samur-Yalama milli parkları yaradılmış, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektardan 893 min hektaradək artırılıb.. Bu dövrdə yaşıllıqların salınması sahəsində 20 milyon ağac və kol əkilib, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Bakı şəhərinin Balaxanı qəsəbəsində təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan verən bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları istifadəyə verilib. Heydər Əliyev Fondunun "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində 130 baş ceyran tarixi ərazilərə buraxılıb.
Dövlət Proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib.
Əhalinin elektrik enerjisinə olan tələbatını təmin etmək istiqamətində son illərdə regionlarda ümumi gücü 2000 meqavatta yaxın 17 elektrik stansiyası tikilib,10 min km-dən çox elektrik verilişi xətləri və 1500-dən çox yarımstansiya tikilib və ya yenidən qurulub, təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində isə 40 min kilometrədək qaz xətləri çəkilib və ya təmir edilib, yaşayış evlərinin qazlaşma səviyyəsi 34%-dən 83,4%-ə çatıb.
Son 10 il ərzində əhalinin su təminatının yaxşılaşdırılması üçün yeni su və kanalizasiya xətləri çəkilib, yeni su anbarları istifadəyə verilib, əhəmiyyətli meliorasiya tədbirləri həyata keçirilib. Bu dövrdə regionlarda 3,4 min kilometrdən çox su, 1,2 min kilometrdən çox kanalizasiya xətti çəkilib, 96 su anbarı tikilib.
Regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı zəruri tədbirlər davam etdirilib, insan amili daim diqqət mərkəzində saxlanılıb, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.
Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olub. Fondun, təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar açıb.
Yəhsil infrastrukturunun inkişafı sahəsində 2708 məktəb tikilib və ya əsaslı təmir olunub, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində 500-dən çox səhiyyə müəssisəsi istifadəyə verilib.
Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin social müdafiəsini gücləndirmək məqsədilə 2007-ci ildən başlayaraq hər il yaşa görə əmək pensiyasının baza hissəsi və sosial müavinətlərin məbləği artırılır ki, hazırda pensiyaların minimum məbləği 20 manatdan 100 manata çatdırılıb. Regional proqramların uğurlu icrası nəticəsində bütün çadır düşərgələri ləğv olunub, qaçqın və məcburi köçkünlər üçün 77 müasir qəsəbə salınıb, 37 min ailə - 166 min məcburi köçkün mənzillə təmin edilib. Eyni zamanda əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilib, 2788, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir