2017-cı ildə Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib
Cari ilin yekunları ilə əlaqədar açıqlanan statistik göstəricilər, eləcə də il ərzində müxtəlif sahələrdə, istər siyasi, istər iqtisadi, istərsə də sosial və humanitar sahələrdə qazanılan uğurlar onu deməyə əsas verir ki, başa vurduğumuz 2017-ci il ölkəmiz üçün kifayət qədər uğurlu oldu. Əldə edilən müsbət dinamika növbəti ilin də Azərbaycan üçün uğurlu olacağını söyləməyə əsas verir.
29 Dekabr 2017 14:08 İqtisadiyyatCari ilin yekunları ilə əlaqədar açıqlanan statistik göstəricilər, eləcə də il ərzində müxtəlif sahələrdə, istər siyasi, istər iqtisadi, istərsə də sosial və humanitar sahələrdə qazanılan uğurlar onu deməyə əsas verir ki, başa vurduğumuz 2017-ci il ölkəmiz üçün kifayət qədər uğurlu oldu. Əldə edilən müsbət dinamika növbəti ilin də Azərbaycan üçün uğurlu olacağını söyləməyə əsas verir. Belə bir əminliyin yaranmasına təsir göstərən amillər isə kifayət qədərdir. Elə əksər ekspert və analitiklər də bu qənaətdədirlər. Milli Məclisin deputatı Aydın Hüseynov deyir ki, Azərbaycanın iqtisadi-siyasi uğurlarını əsaslandıran əsas amillər möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatların həyata keçirilməsidir. Millət vəkilinin sözlərinə görə. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı iqtisadi yüksəlişini təmin etməkdədir: "Qlobal böhranın hələ də davam etdiyi şəraitdə Azərbaycan özünün stabil inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artım hesabına milli gəlirin həcminin artımını təmin edib. 2017-ci ilin ötən 11 ayında ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Cari ilin yanvar-noyabr aylarında ölkədə 63071,3 milyon manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb. Həmçinin, bu dövrdə ölkədə 35,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 3,5 faiz artıb. Ötən 11 ay ərzində ölkəmizə yatırılan sərmayələrin də artımı təmin edilib. İqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş sərmayələrin həcmi 13 milyard 688,4 milyon manat təşkil edib. Həmin vəsaitin 6051,7 milyon manatı və ya 44,2 faizi qeyri-neft sektoruna yönəldilib. Qeyri -neft bölmələrinə yönəlmiş investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz artıb. İxrac məhsullarının həm çeşidi, həm də coğrafiyasının şaxələndirilməsi öz mühüm təsirini göstərib. Ölkəmizin xarici ticarət dövrriyyəsi artıb, əmttə dövriyyəsində müsbət saldo yaranıb. 2017-ci ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 387 milyon dollar həcmində olub. Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə və "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi genişlənib". Millət vəkili deyir ki, maliyyə sabitliyinin güclənməsi, səmərəli valyuta siyasətinin həyata keçirilməsi nəticəsində valyuta bazarının sabitləşməsi və manatın öz dəyərini möhkəmləndirməsidir. bu siyasətin mühüm uğuru olaraq ölkəmizin strateji valyuta ehtiyatları 1 milyard dollardan artıq çoxalıb: "Bu, çox mühüm haldır və 2015-ci ildən sonra stratreji maliyyə rezervlərinin azalmasının tam dayandırılması və valyuta ehtiyatlarının artımının təmin olunmasıdır. Bu tendensiaya ölkəmizin güclü iqtisadi təhlükəsizlik yastığının olmasını göstərir və qlobal böhran şəraitində ən sabit və dayanıqlı maliyyə siyasəti yürütdüyünü təsdiqləyir". Aydın Hüseynov onu da diqqətə çatdırıb ki, əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur: "Dövlət başçısının Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə, Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirməkdədir. Ötən dövrdə Azərbaycanın tranzit imkanlarının reallaşması üçün iri layihələr reallaşdırılmaqdadır. Bu istiqamətdə Beynəlxalq Dəniz Limanının və Gəmiqayırma Zavodunun tikintisi, TRASECA, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində görülən işlər, digər nəqliyyat layihələrinin icrası ötən dövrdə uğurla davam etdirilib.2017-ci ildə regiona üçün ən əlamətdar hadisələrdən biri - Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışını xüsusilə qeyd etmək olar. Cari il oktyabrın 30-da Azərbaycan, Gürcüstan və Türkiyə Avrasiya məkanı üçün yeni yüksəliş və uzunömürlü rifah layihəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini istifadəyə verdi. Qədim İpək Yolunun polad magistrallar üzərində bərpası olan dünya əhəmiyyətli bu layihənin gerçəkləşməsi ilə regionda ən nəhəng kommunikasiya dəhlizlərindən biri geosiyasi tarixə vəsiqə aldı. Layihənin müəlliflərindən biri olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilməkdədir. BTQ geosiyasi, geoiqtisadi və tarixi baxımdan dünyanın yenidən cızılan çoğrafiyasında özünə mühüm yer tutmaqla trans-kommunikasiya qovşaqlarının ən rentabelli və dayanıqlı həlqəsini təşkil edəcək".
Millət vəkili Sevinc Fətəliyeva isə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Onun sözlərinə görə, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir: "Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Onu da əlavə edək ki, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Ümumiyyətlə, 2017-ci ilin xarici siyasət sahəsindəki yekunları göstərir ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir. Bunun nəticəsidir ki, 2017-cı ildə Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib, ölkəmizin tərəfdaşlarının sayı artıb. Qazanılan bütün nailiyyətlərin əsasında isə Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir". Sevinc Fətəliyevanın sözlərinə görə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin səbəblərindən biri də ölkəmizin qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsidir: Millət vəkili deyib ki, dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin siyasətində diqqəti xüsusi çəkən prioritetlərdir: "Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Ötən illər ərzində Azərbaycan Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında faydalı əməkdaşlıq edir. Son illər həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosial-mədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Bu amilin nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyində olan dövlətlərin və təşkilatların sayı durmadan artır. Hazırda Azərbaycan dövlətinin qarşısında dayanan yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Dövlətimiz münaqişənin ədalətli həlli istiqamətində bütün diplomatik imkanlardan maksimum istifadə edir. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, müvafiq beynəlxalq qurumların və dövlətlərin laqeyd və ikili standartlarla yanaşması səbəbindən münaqişə hələ də özünün ədalətli həllinin tapmır. Prezident İlham Əliyev hər zaman yüksək beynəlxalq tribunalardan Ermənistanın işğalçılıq siyasətini ifşa edir və bəyan edir ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına hec vaxt imkan verilməyəcək. Ərazi bütövlüyümüzün danışıqlar prosesində müzakirə mövzusu olmadığını deyən dövlətimizin başçısı sülh danışıqları nəticə verməsə, Azərbaycanın öz gücünə torpaqlarımızı işğaldan azad edəcəyini dəfələrlə vurğulayıb". Millət vəkili deyib ki, bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır: "Ölkəmizdə bütün sahələrin inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyimizin qarantı qismində çıxış edir. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir".
Füzuli