Bank sektorunu xilas etmək mümkün olmayacaq
Bir neçə il əvvəl dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra maliyyə bazarlarında yaşanan xoşagəlməz olaylar Azərbaycandan da yan keçmədi. Yaranmış yeni vəziyyətə tab gətirməyən bir sıra banklar fəaliyyətini dayandırdı, onların lisenziyası ləğv edildi.
27 Dekabr 2017 14:28 İqtisadiyyatƏgər...
Bir neçə il əvvəl dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra maliyyə bazarlarında yaşanan xoşagəlməz olaylar Azərbaycandan da yan keçmədi. Yaranmış yeni vəziyyətə tab gətirməyən bir sıra banklar fəaliyyətini dayandırdı, onların lisenziyası ləğv edildi. Bəzi banklar isə vəziyyətdən çıxış yolunu digər maliyyə qurumları, müvafiq banklarla birləşib fəaliyyəti davam etdirməkdə gördü. Aradan bir xeyli müddət keçsə də, lakin hələ də ölkənin bank sektorunda böhranlı vəziyyət tam aradan qalxmayıb və bu günə qədər də bəzi banklar mövcud vəziyyətə davam gətirə bilməyərək fəaliyyətini dayandırır. Bu günlərdə Dəmirbankın lisenziyasının ləğvi də bunun əyani sübutu idi. Bu arada bir sıra ekspertlər daha bir neçə bankın bağlanma təhlükəsi qarşısında olduğunu bildirirlər. Bağlanma təhlükəsi ilə baş-başa qalan banklar sırasında "AGBank" ASC-nin də adı hallandırılır. Ancaq bankın İdarə Heyətinin sədri Əfqan Cəlilov bunu təkzib edərək bildirib ki, bank nəinki bağlanacaq, əksinə yaxın günlərdə müştərilərin rahatlığına hesablanmış yeni məhsullar təqdim etməklə yanaşı, bir sıra innovativ layihələr də həyata keçirəcək. Onu da qeyd etmək lazımdır ki, bəzi beynəlxalq maliyyə qurumları və təşkilatlarının hesabatları və dəyərləndirmələrində də bəzi bankların bağlanma təhlükəsi ilə üzləşdiyi qeyd edilir.
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, banklarla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının və yaxud Mərkəzi Bankın hansı yöndə qərar verəcəyini söyləmək çətindir. Amma zaman-zaman nüfuzlu beynəlxalq reytinq agentliklərinin Azərbaycan bank sektoru ilə bağlı hesabatları dərc olunur: "Bu hesabatlardan çıxış edərək müəyyən fikirlər yürütmək mümkündür. Son açıqlanan hesabatlarda "Bank of Baku"nun, "AG Bank"ın, "Bank Respublika"nın və "Unibank"ın adları keçir və qeyd olunur ki, bu bankların kifayət qədər problemləri var. Həmin banklarda problemli kreditlərin həcmi yüksəkdir və kreditləşməyə yenidən başlaya bilmirlər. Bu səbəbdən də "Moody's", "SP" və "Fitch" kimi nüfuzlu reytinq və analiz şirkətləri onların reytinqlərini aşağı salırlar. Çox maraqlı bir detal da var ki, bu analiz şirkətləri gələcək proqnozları da neqativ dəyərləndiriblər. Yəni ehtimal olunur ki, vəziyyət getdikcə daha da pisləşə bilər. Təəssüf ki, Azərbaycan rəsmiləri, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı heç bir açıqlama vermədi. Əslində belə bir nüfuzlu agentliklərin məlumatı çıxarkən ya vətəndaşları sakitləşdirmək, ya da həqiqəti söyləmək üçün mütləq daxildə də reaksiya olmalı idi. Təəssüf ki, biz bunu görmədik". Natiq Cəfərli qeyd edib ki, çətin vəziyyətlərdə dövlət dəstəyi olmadan bank sektorunu xilas etmək mümkün olmayacaq: "Aktivlərin birləşdirilməsi yolu ilə müəyyən çıxış yollarının axtarılıb tapılması daha məntiqli və daha rasional yanaşma olardı. Amma təbii ki, bankların vəziyyəti o səviyyədədir ki, passivləri də birləşərkən bu, idarəolunmaz bir hal da ala bilər. Yəni, 2 ortasəviyyəli bankın birləşməsi həm problemli kreditlərin birləşməsinə, həm də problemli kreditlərin geri dönüşündə yaranmış çətinliklərin artmasına səbəb ola bilər. Bu barədə dəfələrlə qeyd etmişik və bir daha söyləmək istəyirəm ki, bunun yeganə çıxış yolu hər hansısa bir dövlət proqramının qəbul olunmasıdır. Yəni, bank sektorunu artıq dövlətin dəstəyi olmadan xilas etmək mümkün olmayacaq. Amma çox qəribədir ki, dövlət Beynəlxalq Banka həm daxili borcların silinməsində, həm xarici öhdəliklərin öz üzərinə götürülməsi yönündə addımlar ataraq, kifayət qədər dəstək oldu, amma daxildəki yaranmış problemlərlə bağlı bir yol xəritəsi hazırlamadı. Bu da bank sektorunun artıq 2 ildən çoxdur ki, silkələndiyini və çox ciddi problemlərlə qarşı-qarşıya qaldığını göstərir. İstənilən hallarda, yəni banklar bağlansalar da, birləşsələr də yerdə qalan banklara da mütləq dövlət dəstəyi proqramı olmalıdır ki, onlar bu vəziyyətdən çıxa bilsinlər. Əslində sağlamlaşdırma adı altında yaxşı olardı ki, banklar öz problemlərini öz aralarında həll etsinlər, amma indiki şəraitdə, iqtisadi aktivliyin azaldığı, problemli kreditlərin artdığı bir dövrdə bankların heç biri öz gücünə bu vəziyyətdən çıxa bilməyəcək. Çünki ölkənin ən güclü bankı Beynəlxalq Bank sayılırdı və məlum oldu ki, öz gücünə nəyinki problemləri həll edə bilmir, əksinə getdikcə problemləri dərinləşir. Bu səbəbdən də məcburən dövlət problemləri öz üzərinə götürməklə bağlı qərarlar verdi". İqtisadçı deyib ki, əvvəl-axır bank sektoru ilə də bağlı belə qərarların alınması labüd olacaq.
Süleyman