FED-in qərarının manata ciddi təhlükəsi yoxdur:
Bu günlər Birləşmiş Ştatlar bütün parametrlər üzrə dünyanın əsas diqqətini özündə cəmləşdirib desək yanılmarıq. Xüsusilə okeanın o tayından siyasi və iqtisadi sahədə atılan addımlar dünya dövlətləri tərəfindən maraqla, eyni zamanda da narahatçılıqla izlənilir, müşahidə olunur.
14 Dekabr 2017 14:36 İqtisadiyyatÇünki neft qiymətləri yüksəkdir
Bu günlər Birləşmiş Ştatlar bütün parametrlər üzrə dünyanın əsas diqqətini özündə cəmləşdirib desək yanılmarıq. Xüsusilə okeanın o tayından siyasi və iqtisadi sahədə atılan addımlar dünya dövlətləri tərəfindən maraqla, eyni zamanda da narahatçılıqla izlənilir, müşahidə olunur.
Birləşmiş Ştatların siyasi anlamda atmış olduğu addımlardan biri Qüdslə bağlıdır. Daha dəqiq desək bu Birləşmiş Ştatların xarici siyasət sahəsində atdığı yalnış addımlardandır. Xəbərlərdən də aydın olduğu kimi bir neçə gün əvvəl Birləşmiş Ştatlar prezidenti Donald Tramp Vaşinqtonun xarici siyasətində heç də uğurlu olmayan bir addım ataraq Qüds şəhərini İsrail dövlətinin paytaxtı kimi qələmə verib. Bu azmış kimi Ağ Ev rəhbəri İsrailin paytaxtı Təl-Əviv şəhərində yerləşən Amerika səfirliyinin də tezliklə Qüdsə köçürüləcəyini bəyanlayıb. Və haqlı olaraq əksəriyyət müsəlman ölkələrinin kəskin reaksiyası ilə üzləşib.
Birləşmiş Ştatların iqtisadi sahədə atdığı və bununla da dünyanın diqqətini özünə yönəltdiyi digər məsələ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini yenidən artırmasıdır. Məlumat üçün qeyd edək ki, bir neçə il əvvəl dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra ABŞ Federal Ehtiyat Sistemi bir neçə dəfə uçot dərəcələrini qaldırıb ki, bu da dünya ölkələrinin maliyyə bazarlarında riskli vəziyyətlər yaradıb. Hazırda da Federal Ehtiyat Sistemi eyni addımı atıb. Xəbərlərdən də aydın olduğu kimi Birləşmiş Ştatların Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 faiz - 1,25 faizdən illik 1,50 faizə qədər artırıb. Qeyd edək ki, bu, 2017-ci ilin iyunundan faiz dərəcəsinin artımı haqqında ilk qərardır. Federal Ehtiyat Sistemi bundan əvvəl uçot dərəcəsini iki dəfə - martda və iyunda artırıb. Bu ərəfədə Birləşmiş Ştatlar prezidenti Donald Tramp qeyd edib ki, ölkəsində atılan bütün addımlar Birləşmiş Ştatların iqtisadi cəhətdən inkişafına hesablanıb. Amerika prezidenti Donald Tramp bildirib ki, ölkə yeni iqtisadi möcüzənin kandarında dayanır. Ağ Ev rəhbəri qeyd edib ki, hazırda Amerika iqtisadiyyatının artımı 3 faiz təşkil edir.
Göründüyü kimi, Birləşmiş Ştatlar həm siyasi, həm də iqtisadi sahədə dünyaya təsir etmə gücünü nümayiş etdirir. Və bununla dünyaya hegemonluq iddiasını bir daha ortaya qoyur. Okeanın o tayından verilən hər iki qərarın heç şübhəsiz ki, Azərbaycana da müəyyən mənada təsiri var. Həm siyasi, həm də iqtisadi sahədə atılan addımlar ölkəmizdə də diqqətlə izlənilir. Qüdslə bağlı məsələdə Azərbaycanın mövqeyi dəyişilməzdir. Bunu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də ötən gün Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı keçirdiyi fövqəladə zirvə görüşündə bir daha iştirakçı dövlətlərin, eyni zamanda dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Eyni zamanda bu günlərdə FED-in qəbul etdiyi növbəti qərara da Azərbaycandan müəyyən münasibət bildirilir. Bu qərarın ölkəmizə mümkün təsir və ya əks-təsirləri ilə bağlı ehtimallar səsləndirilir. Bəs görəsən, Federal Ehtoyat Sisteminin uçot dəırəcəsini qaldırmaq qərarı Azərbaycan manatına necə təsir edəcək?
İqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artıracağı gözlənilən idi: "Çünki iki günlük müzakirədən sonra Federal Ehtiyat Sisteminin direktorlar şurasının sədri Janet Yellen mətbuat üçün açıqlamasında Birləşmiş Ştatlar iqtisadiyyatının hazırkı durumunu dəyərləndirib, gələcək gözləntilərini açıqladı. Bazar müşahidəçilərinin proqnozlarına görə, FED uçot dərəcəsini dördə bir səviyyəyədək qaldıracaqdı. Hazırda investorları maraqlandıran əsas məsələlərdə biri də FED-in və digər Mərkəzi Bankların Birləşmiş Ştatlar vergi sistemində mümkün dəyişikliklərə reaksiyasıdır. Avropa və İngiltərə Mərkəzi Bankları da bununla bağlı həftə ərzində açıqlama verəcək. Məlumat üçün qeyd edim ki, bir qrup respublikaçı tərəfində hazırlanan və prezident Donald Tramp administrasiyasının müdafiə etdiyi vergi islahatları planının yaxın günlərdə qəbul edilib, qüvvəyə minməsi gözlənilir. Vergi islahatı planına görə, 7 şkalalı (10%, 15%, 25%, 28%, 33%, 35% və ya 39.6%) fərdi gəlir vergisinin 3 şkalaya (12%, 25% və 37%) endirilməsi və onun sonuncu şkalasının 39,6 faizdən 37 faizədək aşağı salınması gözlənilir. Bununla yanaşı, həmin plana görə, şirkətlər üçün korporativ vergi dərəcəsi 35-dən 21 faizə qədər endiriləcək. Hesablamalara görə, bu dəyişiklik büdcəyə əlavə 100 milyard dollar qazandıracaq. Bu dəyişikliklər də ictimaiyyəti narahat edən əsas məqamlardandır. Bundan zənginlərin bəhrələnmə ehtimalının olmasıdır". Qubad İbadoğlu deyib ki,hazırda Birləşmiş Ştatlar iqtisadiyyatında inflyasiya yaradıcı amillər fəaldır, illik inflyasiya 2 faiz ətrafında olsa da, noyabr ayında aylıq göstəricinin 0,4 faiz təşkil etməsi qiymətlərin artımının sürətləndirdiyini deməyə əsas verir: "Bununla yanaşı, Birləşmiş Ştatlıarda işsizlik səviyyəsi son 17 ildə ən aşağı səviyyədə qeydə alınıb, istehlakçıların gözləntiləri də artıb. Eyni zamanda dollar indeksi əvvəlki aylarla müqayisədə cüzi də olsa qalxıb. Hazırda 94.041 təşkil edir. Birləşmiş Ştatların neft siyasətinə gəlincə, ehtiyatlar gözlənildiyindən aşağı düşsə də, növbəti il üçün hasilatın artımı proqnozlaşdırılır. Dünya bazarında neftin qiymətinin cüzi bahalaşmasının son səbəbi isə Britaniyanın 40-cı kəmərinin təmirə bağlanması ilə əlaqədardır". İqtisadçı onu da bildirib ki, Federal Ehtiyat Sisteminin qərarının təsirləri artıq Asiya maliyyə və valyuta bazarlarında hiss olunmaqdadır: "Reaksiyalar müxtəlifir. Belə ki, Birləşmiş Ştatlar dolları yapon iyenasına nisbətdə dəyər qazansa da, Avstraliya dollarına nisbətdə ucuzlaşıb. Bu qərarın Azərbaycan manatınının məzənnəsinə mümkün təsirləri daha çox dolayı və psixoloji kontekstdə müzakirə oluna bilər. Çünki, Azərbaycan manatına birbaşa təsir daha çox xam neftin dünya bazar qiymətləri ilə əlaqəlidir. Dolayı və psixoloji təsirlərə gəlincə, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyədə və Rusiyada dolların ucuzlaşması manatın da məzənnəsini gərginlik altında saxlayır. Nəzərə alsaq ki, FED-in qərarı hər iki ölkənin valyutasının ABŞ dollarına nəzərən məzənnəsinə təsirsiz ötüşməyəcək, onda Azərbaycan manatı da dolayı təsirlərdən sığortalana bilməyəcək".
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, Federal Ehtiyat Sisteminin qərarının Azərbaycana birbaşa təsiri yoxdur: "Amma istər-istəməz dünyada gedən proseslər mütləq ölkəmizə də təsir edir-edəcək.
Məsələn, dekabr ayı Mərkəzi Bankın ən çox dollar satacağı aylardan biri olacaq. Bu ay 3 hərrac keçirilib: 5 dekabr - 34 milyon 200 min, 7 dekabr - 55 milyon 050 min, 12 dekabr - 75 milyon 950 min dollar satılb. Yəni ölkədə dollara təlabat sürətlə artır, bunun səbəbi FED deyil, ölkədə pis bir ənənə var. Belə ki,. 4-cü rüb büdcə xərcləri, manat kütləsinin dövriyyəsini artırır və dollara təlabat da yüksəlir". İqtisadçı onu da qeyd edib ki, manata, hələ ki, ciddi təhlükə yoxdur: "Çünki neft qiymətləri yüksəkdir, amma FED qərarları, qonşu ölkələrdə baş verən yüngül devalvasiyalar mütləq gec-tez manata da təsir göstərəcək. Manatın məzənnəsi tam inzibati olduğu üçün hər şey hökumətin qərarlarından və neft qiymətlərindən asılı olacaq. Bu il bizdə neft hasilatı 6 faiz azalıb, amma qiyməti 35 faizə yaxın artıb, buna görə də hökumət rahat davranır. Yəni, ticarət balansında müsbət saldo neftin bahalaşmasına görə yarandı". Ekspert bildirib ki, 2018-də manat kütləsi artacaq: "Çünki büdcə xərcləri artır, deməli manata təzyiq də yüksələcək, FED 3-4 dəfə faiz artırsa, neft isə yenidən 50-55-lərə düşsə manatın vəziyyəti gərgin olacaq".
Digər iqtisadçı ekspert Əkrəm Həsənov isə hesab edir ki, müntəzəm olaraq baş verən bu kimi proseslər dolların dəyərinin artıb-azalması xarici valyuta ilə pul saxlamağı təhlükəli edir. Onun sözlərinə görə, ona görə də dünyada ən etibarlı valyuta qızıldır: "Qızılın dəyəri o, zaman düşər ki, başqa planetdən külli miqdarda qızıl tapsınlar... Qızıldan başqa digər valyutalar təminatsızdır. Kağız pulların, kriptovalyutaların və digərlərinin təminatı yoxdur. Çünki bunlardan nə qədər istəsələr, istehsal edə bilirlər. Bu da qiymətlərinin düşməsinə gətirib çıxarır. Bu baxımdan əgər biz bitkoini qızılla müqayisə etsək, əlbəttə ki, təminatsızdır və təhlükəlidir. Dollar, avro və digər kağız pullarla müqayisə etsək, hələ hansının daha çox etibarsız olduğunu demək çətindir. Çünki kağız pulları dövlət istədiyi qədər buraxır. Təbii ki, kağız pullar nə qədər çox buraxılırsa, qiyməti də o, qədər düşür. Bitkoinin isə ümumi miqdarı məhduddur. Yəni, 21 milyondur və bundan artıq istehsal oluna bilməz. bitkoinin qiyməti də məhz məhdud sayda olduğu üçün qalxır. Amma nəsə bir hadisə baş versə, məsələn, bir neçə ağır terror aktı törədilsə və müəyyən etsələr ki, həmin terrorlar məhz bitkoinlərlə maliyyələşdirilib, artıq hər kəs başlayacaq bitkoinlərdən imtina etməyə. Əlbəttə ki, bu halda bitkoinlər necə ki, sürətlə bahalaşdı, o, sürətlə də ucuzlaşacaq". Əkrəm Həsənov deyib ki, bu gün dünyanın ən çox borcu olan dövləti Birləşmiş Ştatlardır: "Bu isə o, deməkdir ki, ABŞ bütün dollarlarının dünyaya səpələyib. Əgər bu gün bütün dünya, hətta təkcə Rusiya və Çin əlində olan dolları satmağa başlasa, bu valyutanın qiyməti çox kəskin şəkildə düşəcək. Çünki dollara inam azalacaq. Deməli, hələ də dollara inam var... Əslində isə dollar da etibarlı deyil.Sadəcə olaraq insanlar öyrəşiblər. Bitkoin və digər kriptovlayutalar vergidən yayınma, çirkli pulların yuyulması və ehtimal var ki, terrorun maliyyələşdirilməsində istifadə ediləcək və bəlkə də artıq edilir. Əgər belə hallar baş verərsə, bitkoinin aqibəti çox pis qurtara bilər".
Füzuli