“Azərbaycana süd və yumurta idxalı artıb”
Vahid Məhərrəmov: “Son zamanlar MDB ölkələrində taxıl istehsalına xüsusi fikir verilir”
1 İyul 2015 13:07 İqtisadiyyatKənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanın taxılçılıq sahəsində mövcud vəziyyət barədə məlumat verib. Taxılçılığın bitkiçiliyin mühüm və vacib sahəsi olaraq qaldığını deyən V. Məhərrəmovun sözlərinə görə, bu sahənin inkişafı əhalinin çörək və un məmularlarına olan ehtiyacını ödəməklə yanaşı yüksək kalorili heyvandarlıq məhsullarına olan təlabatın da ödənilməsində əhəmiyyətli rol oynayır: "Belə ki, heyvanların sağlam yetişməsində, ət, süd, yumurta istehsalında, əldə olunan məhsulun keyfiyyətli olmasında heyvanların qida rasionunda qüvvəli yem kimi istifadə olunan taxıl məhsullarının əvəzsiz rolu var. Son zamanlar MDB ölkələrində də taxıl istehsalına xüsusi fikir verilir. Keçən il Ukrayna adambaşına 1388 kiloqram taxıl məhsulu istehsal etməklə Kanada (1800 kq.), Avstraliya (1500 kq.) kimi dünyaliderlərihesab olan ölkələrin göstəricilərinə nisbətən yaxınlaşa bilib. Bununla yanaşı 2013-cü ildə adambaşına Qazaxıstan-1070, Belarusiya-803, Moldova -747, Rusiya-637 kiloqrm taxıl istehsal edib. Azərbaycanın isə keçən il adambaşına 306 kiloqram taxıl istehsal etdiyi bildirilir". Vahid Məhərrəmov qeyd edib ki, Ermənistanda bu rəqəm 173 kq, Tasikistanda isə 151 kq olub. Lakin ekspert bu kimi ölkələrin keçən il adambaşına Azərbaycandan çox süd, yumurta istehsal etdiyini diqqətə çatdırıb: "Azərbaycan 2013-cü ildə admbaşına 170 kiloqram taxıl idxal etməklə yanaşı həm də 37 min 300 ton unlu qənnadı məmulatları, 5 min 919 ton makaron, 32 min ton süd və süd məhsulları, 745 ton ət kolbasası, 5 min 147 ton mal əti, 2 min 550 ton quş əti, 133838 baş iribuynuzlu, 160 min baş xırdabuynuzlu heyvan, 6 milyon 942 baş diri quş, 46 milyon 183 min ədəd quş yumurtası idxal edib. İdxalla bağlı sadalanan statistika faktiki olaraq Azərbaycanın 2013-cü ildə adambaşına 306 kiloqram taxıl istehsal etdiyi haqda məlumatın əsassız, yanlış olduğunu deməyə əsas verir". ("OLAYLAR" İA)