“Taxıl istehsalında azalma olacaq”
Vahid Məhərrəmov: “Bu qədər məhsul istehsalı real görünmür”
30 İyun 2015 15:48 İqtisadiyyatBu il "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrasına yekun vurulmalıdır. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov keçən illər ərzində proqram əsasında görülmüş işlərə münasibətini açıqlayıb. V. Məhərrəmovun sözlərinə görə, Dövlət Proqramında əhalinin əsas ərzaq mallarına, ətə, südə, kartofa, meyvəyə və sair məhsullara olan təlabatı, ümumiyyətlə, nəzərə alınmayıb. Ekspert qeyd edib ki, sənəd qəbul olunan ili bir sıra məhsullar üzrə göstəricilər indikindən xeyli yüksək idi. Belə ki, 2008-ci ildə ölkədə 2498,3 min ton taxıl istehsal olunduğu halda indi 2014-cü ildə bu göstərici 118,9 min ton azalaraq 2379,4 min tona enmişdi. Kartof istehsalı həmin ildə 1077,1 min ton olduğu halda isə, bu göstərici 257,8 min ton azalaraq 819,3 min ton təşkil edib. Tərəvəz və digər məhsullar üzrə də ciddi azalmalar oldu". Vahid Məhərrəmov bildirib ki, əvvəllər il ərzində ölkədə 2,8-2,9 milyon ton taxıl istehsal olunduğu haqda məlumat verildiyi halda proqramda 2015-ci il üçün hədəf kimi 2,8 milyon ton taxıl istehsal olunacağını nəzərdə tutulub: "Lakin 2014-cü ilin statistik məlumatlarında ölkədə 2379,4 min ton taxıl istehsal olunduğu göstərilir ki, bu da nəzərdə tutulan göstəricidən 420,6 min ton azdır. Bu il taxıl sahələrində apardığımız monitorinqlər taxıl istehsalının az olacağını düşünməyə əsas verir". Vahid Məhərrəmovun sözlərinə görə, proqramda süd istehsalının 2,4 milyon tona çatdırılması nəzərdə tutulsa da, bu qədər məhsul istehsalı real görünmür. "Apardığımız müşahidələr göstərir ki, bu ilin qış aylarında heyvandarlıqda yem çatışmazlığı ilə bağlı yaranmış problem nəticəsində məhsul istehsalında ciddi azalmalar var. Ona görə də Dövlət Proqramında nəzərdə tutulan rəqəmlə real göstərici arasındakı fərqin 700 min ton olacağı tam gerçəkdir. Ölkəyə son bir neçə ildə südlük istiqamətində çoxlu sayda, baha qiymətə cins mal-qara gətirilsə də, bu sahədə də irəlləyişə nail olunmadı", - deyə V. Məhərrəmov qeyd edib. Ekspert vurğulayıb ki, proqram qəbul olunanadək 1700 hektar (2007-ci il) sahədə çay istehsalı ilə məşğul olunduğu və 480 ton çay yarpağı istehsal edildiyi halda növbəti illərdə əkin sahələri 900 hektaradək (2013-cü il) azalıb: "Bununla yanaşı Dövlət Proqramında 3 min ton çay yarpağı istehsalı nəzərdə tutulub. Lakin 2014-cü ildə 460 ton istehsal göstəricisini nəzərə alsaq, Dövlət Proqramında nəzərdə tutulduğundan 6 dəfə az çay yarpağı istehsalı olduğu aydın şəkildə görünür". Vahid Məhərrəmov məlum proqramın ölkədə kənd təsərrüfatının inkişafı üçün o qədər də səmərəli olmadığını deyir. ("OLAYLAR" İA)