Cənubi Koreyada “Giga-LTE” şəbəkəsinin sınaqları keçirilir
25 İyun 2015 14:52 İqtisadiyyatCənubi Koreyanın "KT" telekommunikasiya şirkəti "Wi-Fi" qoşulma ilə "LTE" şəbəkələrini özündə birləşdirəcək dünyanın ən sürətli "Giga-LTE" mobil şəbəkəsini kommersiyalaşdıracağını bəyan edib. Yeni texnologiya istifadəçilərə giqabitlərlə sürət təklif etməklə onları "5G" yeni nəsil şəbəkə standartına bir addım daha da yaxınlaşdırır. Mincom.gov.az xəbər verir ki, texnologiya saniyədə 1,17 giqabit sürətini təmin edir ki, bu da adi "LTE" şəbəkələrinin sürətini 15 dəfə, üçdiapazonlu "LTE-Advanced" şəbəkələrinin sürətini 4 dəfə üstələyir."KT" nümayəndələri bildirib ki, istifadəçilər 18 giqabayt tutumlu "Ultra HD" formatında filmləri 126 saniyəyə, ümumi tutumu 3 giqabayt olan 100 musiqi faylını 21 saniyəyə yükləyə biləcəklər. Mövcud üçdiapazonlu "LTE-Advanced" şəbəkələrində 1 giqabayt tutumlu faylların yüklənməsinə minimum 28 saniyə, genişzolaqlı "LTE-Advanced" şəbəkələrində 38 saniyə tələb olunur. Yeni şəbəkə xidməti artıq bu həftədən "Samsung Galaxy S6" və "Samsung S6 Edge" istifadəçilərinə göstərilməyə başlayacaq və tədricən ondan digər smartfon istifadəçiləri yararlana biləcək. İstifadəçilər "Giga-LTE" xidmətinə mobil qurğulara pulsuz proqram təminatı quraşdırmaqla keçə biləcəklər. "KT" ötən ilin sentyabrından "Samsung Electronics" ilə birlikdə "Giga-LTE"-nin yaradılması üzərində iş aparır.