Avropaya gedən azərbaycanlılar üçün xoş xəbər

Azərbaycanda Aİ-na üzv dövlətlərin konsulluqlarında vahid Viza İnformasiya Sistemi fəaliyyətə başlayıb

Şengen vizalarının alınmasının xeyli asanlaşacağı gözlənilir. Bunun üçün yeni qaydaların tətbiqinə start verilib. Tətbiq olunan yeni qaydalara əsasən, artıq vətəndaşlar Şengen ölkələrinə viza almaq üçün öz biometrik məlumatlarini da təqdim edəcəklər.

ANS TV-nin məlumatına görə, yeni qaydalara əsasən, Azərbaycanda Avropa İttifaqına üzv dövlətlərin konsulluqlarında vahid Viza İnformasiya Sistemi fəaliyyətə başlayıb.

Bu isə o deməkdir ki, Şengen vizası almaq istəyənlər konsulluğa viza əldə etmək üçün müraciət edərkən tələb olunan sənədlərlə yanaşı, barmaq izlərini və rəqəmsal fotoşəkillərini də təqdim etməlidirlər.

Biometrik məlumatlar 5 il ərzində sistemdə saxlanılır və bu müddət ərzində vətəndaş viza üçün müraciət etdiyi halda həmin məlumatlardan istifadə olunacaq. 5 il keçdikdən sonra, ərizəçi biometrik məlumatları yenidən təqdim etməlidir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mardın sözlərinə görə, yeni sistem vasitəsilə Şengen vizası almaq istəyən ərizəçilərin şəxsi məlumatlarının təhlükəsizliyi də maksimum şəkildə təmin ediləcək:

"Azərbaycan bu sistemə keçən ilk ölkə deyil. Əslində bu islahat 2011-ci ildən həyata keçirilir. Yeni sistem qısa müddətli Şengen vizalarının daha asan əldə olunması üçündür. Amma 12 yaşdan kiçik uşaqlar, dövlət rəhbərləri və hökumət nümayəndələri barmaq izləri ilə biometrik məlumatlar vermələrinə ehtiyac yoxdur".

Malena Mardınin sözlərinə görə, yeni biometrik sistem Avropaya tez-tez səfər edən azərbaycanlı turistlərin xeyrinə olacaq. Turizm üzrə ekspert Ruslan Quliyev isə deyir ki, bu sistem əslində turizim şirkətlərinin işin bir qədər çətinləşdirib:

"Akkreditə olduğumz şirkətlər var ki, yəni sənədlər birbaşa turizim şirkətinin nümayəndəsi tərəfindən səfirliyə təqdim olunurdu. Ancaq yeni qaydalara uyğun olaraq bundan sonra hər bir kəs ora gedib barmaq izlərini verməlidir. Əslində bundan öncə bu qaydalar Fransa, Almaniya və İtaliya səfirliklərində tətbiq olunurdu".

Viza İnformasiya Sistemi turistlərin işini daha da asanlaşdırır. Yeni sistem Şengen ölkələrə üz tutan turistlərin sərhəddə yoxlanmaları prosesini də sürətləndirəcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31