“Manat 1.20 dollar ola bilər”

Natiq Cəfərli: “Daha ciddi problem, neftin qiymətləri ilə bağlıdır”

"Manatın məzənnəsinə bir neçə faktor önəmli təsir edir. Mərkəzi Bank "üzən səbət modeli"nə keçdikdən sonra dünyada baş verən proseslər - dollar-avro münasibətləri, dolların digər valyutalara münasibətləri və bazarda gedən enmələr, qalxmalar manatın məzənnəsinə təsir edir". Azərbaycan birjasında dolların növbəti dəfə manata nisbətdə bahalaşması barədə "Olaylar"ın sualına cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli belə deyib. N. Cəfərli həmçinin neftin qiymətlərinin də manatın məzənnəsinə təsir etdiyini bildirib. Ekspertin sözlərinə görə, manatın gündəlik məzənnəsini təyin edərkən, Mərkəzi Bank ondan öncəki günün sonunda dünya birjalarında dolların digər valyutalara olan nisbətini nəzərdə saxlamağa məcbur olur: "Son iki gündə bu prosesi gördük. Avro və digər valyutalara nisbətən dollar bahalaşır. Çünki avrozonada Yunanıstanla bağlı ciddi problemlər var. Bu ölkənin gələcəyi qeyri-müəyyən olaraq qalır. İyunun sonuna qədər Yunanıstanla bağlı müəyyən qərarların verilməsi gözlənilir. Digər yandan ABŞ Federal Ehtiyat Sistemindən (FED) faizlər, uçot dərəcəsi və uçot faizininin il ərzində qaldırılacağının ilkin siqnalları verildi. Bu da dünyada dolların bahalaşmasına yol açacaq. Buna görə də, iyunun 24-də manatın məzənnəsində manat avroya nisbətdə dəyər qazansa da, dollara nisbətdə dəyər itirdi. Prosesin orta və uzun trenddə davamlı olacağını gözləmək olar. Çünki avronun zəifləməsi və dolların güclənməsi il ərzində trend halını alacaq. Yunanıstanla bağlı problemlər müvəqqəti olaraq həll olunsa belə, FED-in faiz artımı dolları bahalaşdıracaq. Ona görə də, iki valyuta səbətinə keçidlə əlaqədar Azərbaycanda da manatın məzənnəsi dollara nisbətdə zəifləyəcək, avroya nisbətən isə yüngül dəyər qazanacaq. Daha ciddi problem, neftin qiymətləri ilə bağlıdır. Bir aya yaxın müddətdir ki, neftin qiyməti 60-65 dollar intervalında dəyişir, amma iyunun 30-da İranla "Altılıq" arasında anlaşmanın olacağı gözlənilir. Bundan sonra İran nefti böyük həcmdə bazara girə bilər və digər yandan İraqda, Rusiyada, ABŞ və Səudiyyə Ərəbistanında hasilat artır. Hasilat artımı da bazarda bolluq yaradaraq, qiyməti daha da aşağı çəkir. Yəni, yaxın gələcəkdə neftin qiymətinin enmə trendinə girməsi ehtimalı çox yüksəkdir. Əgər dollar bahalaşacaqsa və neft ucuzlaşacaqsa, Azərbaycan manatını ciddi təzyiq gözləyir. İlin sonuna qədər manat 1.20 dollara qədər ucuzlaşmasını gözləyirəm. Amma bu yöndə addım-addım Mərkəzi bankın qərar almasını gözləmək olar". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31