“Sony” və “Panasonic” televizor istehsalını davam etdirəcək
23 İyun 2015 15:36 İqtisadiyyatYaponiyanın "Sony" və "Panasonic" elektronika istehsalçıları televizor buraxılışında milyardlarla dollar itirmələrinə baxmayaraq bu istiqamətdən imtina etməyiblər. "Reuters" agentliyinə müsahibədə şirkət nümayəndələri bu biznesə sadiqliyin səbəbini izah ediblər. "Sony" şirkətinin nümayəndəsi İçiro Takaqinin və "Panasonic" TV bölməsinin direktoru Masahiro Şinadanın sözlərinə görə, televizorlar onların brendlərini yüksəkdə saxlamaqla yanaşı, digər qurğuların satılmasına xidmət edir. Televizorlar Yaponiya şirkətləri tərəfindən buraxılan ən məşhur məhsul növlərindən biri olaraq qalır. Bundan başqa, "Sony" TV satışı və audiosistemlərə tələbat arasında əlaqənin olmasını bildirir, "Panasonic" bu istiqamətin soyuducu və paltaryuyan maşınlar kimi iri məişət texnikasının buraxılışı üzrə biznesi dəstəkləməsini düşünür. Bu səbəbdən şirkətlər TV bazarını tərk etmək niyyətində deyillər. Hazırda bu bazarda liderliyi Cənubi Koreyanın "Samsung" və "LG" şirkətləri, eləcə də Çinin ucuz modellər istehsal edən şirkətləri edir. Bu gün "Sony" və "Panasonic" dünya televizor bazarının müvafiq olaraq 7 və 4 faizinə nəzarət etdiyi halda "Samsung" və "LG Electronics" birlikdə 40 faizə sahibdir. İstehsalçılar nüfuzu və gəlirləri saxlamaq məqsədilə diqqəti "4K" təsvir ölçüsünü dəstəkləyən və yüksək gəlir əldə etməyə imkan verən televizor modellərinə yönəldiblər.