Rusiya-Yunanıstan razılaşması regionda nəyi dəyişdirəcək
22 İyun 2015 14:41 İqtisadiyyatRusiya "Türk Axını" boru xətti layihəsinin Yunanıstana qədər uzadılması üçün Afina ilə hökumətlərarası razılaşma imzaladı. Bəs, bu anlaşma nə qədər uzun ömürlü olacaq və regionda nəyi dəyişəcək? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, əslində, ciddi maliyyə sıxıntısı içərsində çabalayan rəsmi Afina bu məsələdə Qərbin ona tanıdığı "sərhədlər" daxilində manevr etməyə çalışacaq. Son dövrlər heç də bütün hallarda beynəlxalq öhdəliklərə sadiq qalmayan və ya qala bilməyən Yunanıstan hökumətinin "Moskva sevgisi"nin sonadək davam edəcəyini də proqnozlaşdırmaq çətindir. Yunanıstanla Rusiya arasındakı anlaşma indiki halda hər iki tərəf üçün sərfəli görsənir. Afina bununla potensial maliyyə cəlb etməyə çalışmaqla yanaşı, Rusiyanın aparıcı şirkətlərini, bir sıra dövlət şirkətlərini özəlləşdirməsinə əsas olmayan payçı kimi cəlb etməyə çalışacağı da istisna edilmir. Sanksiyalardan əziyyət çəkən rəsmi Moskva isə son anlaşma ilə Avropa bazarına çıxışını gücləndirməyə çalışır. Avropa Birliyi də son anlaşmaya da hələlik ciddi təpki göstərmir. Çünki, rəsmi Brüssel bununla digər regional layihələrə, xüsusən də TANAP və TAP-a alternativin olduğunu nümayiş etdirməklə Xəzər regionunda özü üçün daha məqbul şərtlərlə möhkəmlənməyə üstünlük verir: "TAP layihəsi ətrafında Avropanın bir sıra ölkələrində səsləndirilən son spekulyativ bəyanatlar da məhz buna hesablanıb. Eyni zamanda Avropa Birliyinə üzv olan Yunanıstan sadəcə Brüssel deyil, eləcə də borclu olduğu beynəlxalq maliyyə qurumlarını nəzarətdə saxlayan Vaşinqtonun da rəyini nəzərə almalıdır. Mövcud oyun qaydalarına uyğun olaraq Rusiyanın Cənubi Avropa bazarına daha real şəkildə daxil olan zaman Vaşinqtonun bu məsələdə ciddi təzyiqinin müşahidə ediləcəyi gözlənilir. Əslində, mövcud geosiyasi və geoekonomik faktorları nəzərə aldıqda TAP Avropa üçün daha əlverişli və səmərəlidir. Əvvəla, kəmər Rusiyadan kənar keçdiyi üçün avropalılara "Qazprom"un dominatlığını zəiflətməyə yardım edir. İkincisi, yalnız Xəzəryanı ölkələrin deyil, eyni zamanda İraqın da kəmərə qoşulması imkanları Avropaya qaz nəqlini fasiləsiz və rentabelli edir. Üçüncüsü, TAP-ın illik ötürmə qabiliyyəti 60 milyard kub metrədək artırıla bilər ki, bu da Mərkəzi-Şərqi Avropa ölkələrindən Bolqarıstanla yanaşı digər dövlətlərin də daxili şəbəkə vasitəsi ilə layihədən faydalanmasına və Qazprom asıllığını azaltmasına imkan verəcək. Bu ayın əvvəlində Bakıda təşkil edilən Beynəlxalq Neft-Qaz Sərgisində Azərbaycan Prezidenti TAP ətrafındakı müzakirələrə çox doğru qiymət verdi: "Bu layihə reallaşmayacaqsa bütün tərəflər uduzacaq". Bəli, TAP "win-win" təşəbbüsdür. Onun reallaşacağı halda uduzan olmayacaq və iştirakçıların hamısı qalibdir. Reallaşmayacağı təqdirdə isə meydançanı hamı məğlub tərk edəcək. Sözsüz, bu reallıq Qərbdə də dəyərləndirilir. Deməli, "Türk Axını" ətrafındakı son gəlişmələrin regionda sadəcə yeni bir geo-siyası oyuna hazırlıq olduğu istisna edilmir".