SOS! Toyuqlar bir-birinin ətini yeyir!

Ekspert həyəcan təbili çaldı: “Bu hal Azərbaycanda geniş yayıla bilər”

Xızı rayonunda şəxsi təsərrüfat sahələrində toyuqlar arasında mənşəyi bilinməyən xəstəlik yayılıb. "Olaylar"a daxil olan məlumata görə, yerli mütəxəssislərin də diaqnoz qoymaqda çətinlik çəkdiyi xəstəlik quşlar arasında bir-birinə qarşı aqressiya yaradır. Məsələ ilə əlaqədar "Olaylar"ın sualını cavablandıran kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, xəstəlik element çatışmazlığından yarana bilər. V. Məhərrəmov qeyd edib ki, quşların bir-birinin ətini dimdikləməsinin bir neçə səbəbi var: "Quşların həddindən artıq zülal tərkibli qidalarla qidalanması və yaxud əksinə, orqanizmində zülal çatışmazlığı, rasionda amin turşusunun az olması, kalsiya, yod, marqans və sair kimi mikroelementlər defisit olduqda, su çatışmazlığı, bir müddət rasiona həddindən artıq ət qatıb yemləmək, sonra əti  tamamilə rasiondan çıxarmaq  və sair ola bilər. Digər səbəb kimi saxlama, işıqlandırma şəraitinin normativə uyğun olmaması da ola bilər. Bu halda da quşlar stressə məruz qalır və belə fəsadlar baş verə bilir". Ekspert problemin elmi səviyyədə araşdırılıb dəqiqləşdirilməsinin vacibliyinə diqqət çəkib. Vahid Məhərrəmov qeyd edib ki, istənilən halda yerli şəraitdə müayinə aparılmalıdır: "Həqiqətən bu qida, vitamin çatışmazlığından əmələ gəlibsə, quşların qida rasionu vitaminlə zənginləşdirilməldir. Ümumiyyətlə bu hallar Azərbaycanda geniş yayıla bilər. Təəssüflər olsun ki, Azərbaycanda  balanslı quş yemi istehsal olunmur. Quş yemi üçün  lazım olan komponentləri daxildə istehsal edilmir. Quş yeminin komponentlərinə olan ehtiyac idxaldan asılı olduğu üçün bu sahədə ciddi problem yarana bilər. Bunun da sonradan belə fəsadlara geniş formada yol açması qaçılmazdır. Hər halda belə halların baş verdiyi ərazilərdə quşların qanından, yaxud mədələrindən analiz götürülməlidir. Bu laboratoriya şəraitində müəyyən edilməlidir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31