“Qlobal iqtisadi inkişaf zəifləyəcək” – Ekspert
18 İyun 2015 15:11 İqtisadiyyat"Sentyabrda uçot dərəcəsi, faiz artsa, dollar kəskin bahalaşacaq". "Olaylar"ın məlumatına görə, belə bir iddia ilə iqtisadçı-ekspert Natiq Cəfərli çıxış edib. "İyunun 18-də dünyanın gözü ABŞ-a - FED-in (Federal Ehtiyat Sistemi) toplantısında idi. Əvvəlcədən də məlum idi ki, FED uçot dərəcəsini iyun ayında artırmayacaq, amma hamı toplantıdan sonra FED rəhbəri Yellenin açıqlamasını gözləyirdi. Bir müddət sonra toplantının protokolu da yayımlanacaq, o zaman daha ətraflı məlumat əldə edəcəyik. İndiyə məlum olanlar bunlardır: 1. FED-in 17 üzvü var, bunlardan 15-i uşot dərəcəsinin, faizlərin bu il artacağını deyib; 2. Yellen "0,25% kimi bir aralıqla faiz artmalıdır deyə bir qayda yoxdur", dedi, bu o deməkdir ki, faizlər 0,15% olmaqla bu il 2 dəfə arta bilər; 3. Toplantıda ABŞ-ın ÜDM-ün artımının bu il zəifləyəcəyini, gözləntidən az olacağı bildirildi; 4. Dünyada yanacağın ucuzlaşmasının təsirli olduğu diqqətə çatdırıldı. FED-in toplantısında verilmiş qərarların dünyaya təsirləri bunlar olacaq: 1. Bu il sentyabrda uçot dərəcəsi, faiz artsa, dollar kəskin bahalaşacaq; 2. Baha dollar - ucuz neft və qızıl formulu işə düşəcək; 3. Baha dollar inkişaf etməkdə olan ölkələrdən yatırımların yenidən ABŞ-a dönməsini saxlayacaq, bu da dünyada qlobal iqtisadi inkişafı zəiflədəcək, yəni, neftə olan təlabat azalacaq". Natiq Cəfərlinin sözlərinə görə, ilin sonuna kimi 1 avro = 1.05 dollar ola bilər. Ekspert qeyd edib ki, əgər Yunanıstan Avropa İttifaqı, yaxud avrozonadan çıxsa, 1 avro 0,90 dollar olacaq: "Qızılın unsiyası 1050 dollar olacaq, neftin (Brent) qiyməti 52-55, WTİ markasının qiyməti isə 48-52 dollar arasında dəyişəcək. Bir çox başqa fundamental məsələlər də var ki, üst-üstə gəlsələr, neft 40 dollar civarına qədər enə bilər". ("OLAYLAR" İA)