“Ucuzlaşma xarici neft şirkətlərinin ölkədən çıxardığı vəsaitlərin həcminə təsir edib” – Ekspert

İqtisadçı-ekspert Rövşən Ağayev Azərbaycan Mərkəzi Bankının ilin I rübü üzrə ölkənin tədiyə balansının göstəricilərini açıqlamasına münasibət bildirib. "Diqqəti cəlb eləyən əsas məqam budur ki, son 7-8 ildə ilk dəfədir ki, tədiyə balansının ümumi saldosunda ardıcıl 2 rüb ərzində kəsr qeyd alınır. Metodologiyaya görə ümumi saldoda da defisit ölkənin ehtiyat aktivlərinin əriməsini ifadə edir", - deyə R. Ağayev qeyd edib. "Olaylar"ın məlumatına görə, ekspert məsələ ilə əlaqədar müqayisəli rəqəmləri də təqdim edib: 1) 2015-ci ilin ilk 3 ayının nəticələrinə görə, ölkənin ehtiyat aktivləri 4.590 milyard dollar azalıb. Halbuki ötən ilin yanvar-mart aylarında aktivlərdə 2.782 milyard dollar artım olmuşdu. 2) Azərbaycan vətəndaşlarının xaricilərdən aldığı xidmətlərə görə 2.2 milyard dollar ödəyib (ötən il 2.5 milyard dollar). Həmin vəsaitin 626 milyon dolları turizmlə bağlı olub. Azərbaycana isə xaricilərin ödədiyi xidmət haqlarının məbləği isə ötən ilki qədər olub - 1.1 milyard dollar. Xaricdən gələn şəxslərin Azərbaycanda xərclədiyi vəsaitlərin 542 milyon dolları turist səfərləri, 171 milyon dolları isə işgüzar səfərlərlə bağlı olub. 3) Neftin ucuzlaşması xarici neft şirkətlərinin ölkədən çıxardığı (gəlirlərin repatriasiyası) vəsaitlərin də həcminə təsir edib - 3 ayda əcnəbilər 326 milyon dollar neft qazancı çıxarıb. Ötən ilin ilk 3 ayında həmin göstərici 815 milyon dollar olmuşdu. Amma xaricilərə ödənilən əmək haqqı 30 milyon dollardan çox artaraq təxminən 87 milyon dollar olub; 4) Xaricdən Azərbaycana göndərilən pul transferləri 234 milyon dollar olub - ötən ilin ilk 3 ayında 351 milyon dollar olmuşdu. 5) Azərbaycandan kənara investisiya, depozit, nağd valuta formasında çıxan vəsaitlərin həcmi ötən ilin yanvar-mart ayına nisbətən 2 dəfəyədək artaraq 6.3 milyard dollar təşkil edib. Əvəzində ölkəyə valyuta axını isə 1 milyard dollara qədər azalıb. Neft sektoruna birbaşa investisiyalar 100 milyon dollara qədər artaraq 774 milyon dollar təşkil edib. Qeyri-neft sektoruna birbaşa investisiyalar 10 milyon dollara qədər azalaraq 243 milyon dollar olub. Xarici portfel investisiyalar təxminən 500 milyon dollar azalmaqla 750 milyon dollar təşkil edib. Xarici kreditlər və depozitlər formasında ölkəyə daxil olan xarici valyutanın həcmi 5 dəfədən çox azalaraq 114 milyin dollar təşkil edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31