“Manatın məzənnəsində güclü dəyişmə gözlənilmir”

Samir Əliyev: “Ehtiyatların artmasını Mərkəzi Bankın banklardan valyuta alışı həyata keçirməsi ilə əlaqələndirmək olar”

"Mərkəzi Bankın valyuta ehtiyatları 9 aylıq ərimədən sonra nəhayət ki, yaşıl zonaya daxil oldu. Valyuta ehtiyatı 43 milyon dollar artaraq 8,4 milyard dollara yüksəlib. Halbuki 2014-cü ilin iyulunda rekord həddə - 15,2 milyard dollara çatmışdı". Bu barədə iqtisadçı-eskpert Samir Əliyev məlumat verib. S. Əliyev bildirib ki, valyuta ehtiyatının azalması apreldən dayanmalı idi, çünki panika dayanıb, əmanətlərin valyutaya çevrilməsi demək olar ki, yekunlaşıb: "Ancaq gözləntilərin əksinə olaraq apreldə də azalma qeydə alındı. Deməli, səbəb başqadır. Əlbəttə söhbət ölkədən kapital axınından gedir. Manat üçün də məhz bu amil təhlükə törədir. Mərkəzi Bankın may ayında artıma nail olmasını heç də kapital axınının səngiməsi kimi qiymətləndirmək olmaz. Bu vaxta qədər əsasən likvid kapital ölkədən çıxarılıb. İndiki sakitliyə səbəb qeyri-likvid kapitalla bağlıdır ki, onların likvidə çevrilməsi adətən zaman aparır. Bu, aylar da çəkə bilər. Biz bunun əlamətlərini iyul-avqust aylarından başlayaraq müşahidə edəcəyik". Samir Əliyev qeyd edib ki, ehtiyatların artmasını Mərkəzi Bankın banklardan valyuta alışı həyata keçirməsi ilə əlaqələndirmək olar. Ekspertin sözlərinə görə, 2014-cü ilin sonlarından başalayaq ölkənin əsas bankı dollar intervensiyası edərək manat kütləsini dövriyyədən çıxardıb: "Nəticədə banklar manat qıtlığı ilə üzləşib. Təxminən 4 milyard dollar ekvivalentində olan manat hazırda dövriyyədən çıxarılıb. Pul bazası sentyabr ayındakı 11,8 milyard manatdan apreldəki 7,4 milyard manata düşmüşdü. Ancaq may ayında pul bazası 179 milyon manat artaraq 7,6 milyard manata yüksəlib. Bu vəsait məhz banklardan dolların alınaraq onları manatla təmin etmək tədbirləri nəticəsində baş verib. Hətta valyuta ehtiyatlarının investisiya tranşında təxminən 38%-ni təşkil edən avronun may ayında 2%, 13%-ni təşkil edən funt sterlinqin isə 0,4% ucuzlaşması da ehtiyatların artmasına əngəl ola bilməyib. Neft isə uzun müddətdir 60-70 dollar arasında rəqs edir. Hər hansı gözlənilməz hadisə baş verməsə, güman ki, hələ bir müddət bu səviyyədə qalacaq. Neftin indiki qiyməti manata qısamüddətli güvənlik verir. Eyni zamanda Mərkəzi Bank inflyasiya təyziqini azaltmaq üçün manatı dövriyyəyə xəsisliklə buraxır. Ona görə də hələki manatın məzənnəsində güclü dəyişmənin baş verməsi gözlənilmir. Kəskin ucuzlaşma və ya kəskin bahalaşma ehtimalı azdır". Samir Əliyev qeyd edib ki, neft 70 dollar həddini keçərsə manat bir az da güclənə bilər: "Ancaq neftin qiymətinin ucuzlaşması və kapital axını probleminin qalması, üstəlik dövriyyədə manat kütləsinin artması inflyasiyanı gücləndirməklə yanaşı manatı zəiflədə bilər. Bir sözlə, manat qısamüddətli sabitlik əldə edib". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31