“Manata rahat nəfəs alması üşün şərait yaranıb” – Ekspert

"Mərkəzi Bankın valyuta ehtiyatları son 10 ayda ilk dəfədir artır. Xüsusilə də son 5 ayda ehtiyatların hər ay orta hesabla 1 milyard dollar əriməsindən sonra azalmanın dayanması, hətta kiçik məbləğdə artım müşahidə olunması müsbət prosesdir". "Olaylar"ın məlumatına görə, bu barədə iqtisadçı-eskpert Rövşən Ağayev danışıb. R. Ağayev Mərkəzi Bankın valyuta ehtiyatlarının 3 səbəbdən artdığını deyib: "1. İlin ilk 3 ayına nisbətən may ayında neftin hər barrelinin orta hesabla 10 dollardan çox bahalanması səbəbindən; 2. Valyutaya çevrilə biləcək likvid manat kütləsinin mübadilə prosesinin başa çatması və bir mərhələdə xarici valyutaya tələbin doyması səbəbindən; 3. Ölkədən kənara valyuta axınının azalması səbəbindən". Rövşən Ağayev bildirib ki, əgər bu amillər dəyişməz qalarsa, yaxın aylarda manatın sabitliyini qorumaq problem olmayacaq. Ekspertin sözlərinə görə, yaxın dövrdə manatın sabitliyinə təhlükə yarada biləcək əsas səbəblər bunlar ola bilər: "1. Neftin qiyməti yenidən 50-55 dollara və daha aşağı düşür, aşağı qiymət səviyyəsi ən azı 5-6 ay davam edir; 2. Artıq dollara tələbat yaradacaq likvid manat kütləsi demək olar ki, yoxdur. Bundan sonra siyasi və iqtisadi səbəblərdən zəngin ailələrin və oliqarx kapitalı ətrafında formalaşan iqtisadi qrupların əmlaklarını (avtomobil, mənzil, zinət əşyaları, müəssisə və s.) valyutaya çevirib ölkədən çıxarmaq istəməsi valyutaya tələbin yeni dalğasını formalaşdıra bilər". R. Ağayev qeyd edib ki, bu istiqamətdə informasiya qıtlığının olması proqnozlşadırma üçün çətinlik yaradır: "Söhbət dövlət, özəl sektor və bank sistemi adına götürülən xarici borcların qaytarılma qrafikindən və həcmindən gedir. Məsələn, heç bir mənbədə rəsmi inforrmasiya yoxdur ki, yaxın 6 ayda ölkədən kənara xarici borc olaraq nə qədərə vəsait qaytarılmalıdır. Rusiya Mərkəz Bankı belə məlumatları daim açıqlayır. İkinci çatışmayan məlumat kənardan alınacaq xarici borcların məbləğidir. Məsələn, son illər hər il bank sektoru və hökumət kənardan orta hesabla 1.5 - 2 milyard borc cəlb edib. Məlumat üçün deyim ki, 2014-cü ildə alınan xarici borcların həcmi 2.5 milyard dollara yaxın olub. 2015-ci il və sonrakı aylarda bu borcun məbləğinin necə olacağı barədə məlumat yoxdur. Üçüncü çatışmayan məlumat isə kənara yönəldiləcək birbaşa investisiyaların və kənardan bizə gələcək birbaşa investisiyaların həcmilə bağlı məlumatların yoxluğudur. Hər halda manatın yaxın 2-3 ayda bir qədər rahat nəfəs alması üşün şərait yaranıb. Bu ən çox dollarla krediti olan bank sektorunun və banklara valyuta krediti olan vətəndaşların maraqlarına uyğundur. Dollarla alınan idxal məhsullarını istehlak edən bütün əhali də öz yerində". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31