“İyunda neftin qiyməti enmə trendinə girəcək”
Natiq Cəfərli: “Baha dollar neftin qiymətini aşağı çəkəcək”
4 İyun 2015 12:27 İqtisadiyyatİqtisadçı-eskpert Natiq Cəfərli dünyanın neft bazarında mövcud vəziyyəti dəyərləndirib. "Proqnozlar özünü doğruldur. "WTİ" və "Brent" markalı neft arasında qiymət fərqi 4 dollara düşdü, spred qapanır. ABŞ-da ənənəvi həftəlik strateji neft rezervlərində, azalma olsa da bu, qiymətə təsir etməyəcək. İyunun 5-də OPEK-in növbəti toplantısı keçiriləcək, çox güman ki, hasilatın azaldılması qərarı verilməyəcək. Qərarın elanı dərhal bazarda 2-3 dollarlıq qiymət enməsinə səbəb olacaq. Eyni zamanda Yunanıstan böhranı yaxın günlərdə çözülməsə, avro düşəcək, dollar isə qalxacaq. Baha dollar neftin qiymətini aşağı çəkəcək. Ayın sonunda "Altılıq"ın İranla anlaşması rəsmiləşəcək, bu da nefti ucuzlaşdıracaq" - deyə N. Cəfərli qeyd edib. Ekspertin sözlərinə görə, iyun ayı birjalarda neftin qiymətinin növbəti enmə trendinə girməsi ilə yadda qalacaq. Natiq Cəfərli bildirib ki, ay ərzində qiymət 50 dollaradək enə bilər. ("OLAYLAR İA")