Nazir Dünya İqtisadi Forumunun sammitində iştirak edib
25 May 2015 17:05 İqtisadiyyatAzərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov 21-23 may tarixlərində İordaniya Haşimilər Krallığında Dünya İqtisadi Forumunun (DİF) Yaxın Şərq və Şimali Afrika üzrə keçirilmiş sammitində iştirak edib. Nazirlikdən verilən məlumata görə, İordaniya Haşimilər Kralı II Abdullah, Misir Ərəb Respublikasının prezidenti Abdel Fəttah Əl Sissi, Fələstin Milli Hakimiyyətinin prezidenti Mahmud Abbas, DİF-in təsisçisi və icraçı sədri Klaus Şvab, yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, akademik nümayəndələr, vətəndaş cəmiyyətləri və aparıcı şirkətlərin rəhbərlərinin iştirak etdiyi Sammitin açılış mərasimində Azərbaycan Respublikasının Hökumətini nazir Əli Abbasov təmsil edib. Nazir qabaqcıl texnologiyaların həyatımızın bütün sahələrinə təsiri, təbii ehtiyatlar, sülh və işsizlik problemlərinin həllində rolu kimi mövzuların müzakirə edildiyi "Gələcəyin texnologiyaları" "Rəqəmsal ekstremizm" və "İnkişaf üçün infrastruktur" sessiyalarında iştirak edib. Sammit çərçivəsində nazir Əli Abbasovun DİF-in təsisçisi və icraçı sədri, professor Klaus Şvabla ikitərəfli görüşü baş tutub. Klaus Şvab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos Forumunda fəal iştirakı və onun rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafının digər ölkələr üçün nümunə olduğunu bildirib. O, ölkəmizdə informasiya və yüksək texnologiyaların sürətli inkişafının Davos Forumu çərçivəsində aparılan təşəbbüslərdə və keçiriləcək sessiyalarda da öz əksini tapması üçün uyğun bölmələrinə tapşırıq verəcəyini bildirib.
Görüş zamanı Azərbaycan Respublikası ilə DİF arasında yüksəksəviyyəli əlaqələrin perspektivləri və inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, 2016-ci ilin yanvar ayında DİF-in Davosda baş tutacaq illik toplantısı çərçivəsində Genişzolaqlı İnternetin inkişafı üzrə BMT Komissiyasının xüsusi sessiyasının DİF-lə birgə keçirilməsi mövzusu müzakirə edilib.