Neftin qiymətdən düşməsi dünya ölkələrinin inkişafına necə təsir edib?
20 May 2015 18:15 İqtisadiyyat2014-cü ildə dünya iqtisadiyyatında artımın gözləniləndən aşağı olması məcmu tələbin azalmasına, investisiya qoyuluşlarının və istehlakın aşağı düşməsinə, dünya əmtəə qiymətlərinin azalmasına və deflyasiya meyllərinin güclənməsinə səbəb olmuşdur. Bu amillər 2014-cü ildə dünyanın əksər ölkələrinin iqtisadiyyatına təsir göstərən vacib faktorlardan olmuşdur. Qeyd etmək lazımdır ki, 2014-cü ildə dünyanın iqtisadi inkişaf göstəricisi 2013-cü illə müqayisədə dəyişməyərək 3,3 faiz təşkil etmişdir. İqtisadi böhranı arxada qoyan dünya iqtisadiyyatı zəif sürətlə də olsa bərpa prosesini davam etdirmişdir. Maliyyə Nazirliyindən verilən məlumata görə, dünya ölkələri üzrə ümumi daxili məhsulun (ÜDM) artım göstəricisi 2014-cü ilin 2-ci rübündə 3,2 faiz təşkil etmişdirsə, bu göstərici 3-cü rübdə artıq 3,7 faiz olmuşdur. Buna təsir edən əsas amil 2014-cü ilin ikinci rübündən etibarən xam neftin dünya bazarlarında qiymətinin kəskin şəkildə azalması olmuşdur. Belə ki, dünyanın ən böyük iqtisadiyyatına malik olan ölkələrin əksər hissəsi xam neft idxalçısı olduğundan xam neftin satış qiymətinin düşməsi həmin ölkələrdə iqtisadi artıma birbaşa təsir göstərmişdir. Qafqaz və Mərkəzi Asiyanın neft və qaz ixrac edən ölkələri - Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan, Rusiya istisna olmaqla, MDB ölkələri bütövlükdə 2014-cü ildə dünya və bölgə iqtisadiyyatına təsir edən əsas səbəblər kimi Rusiya və Ukrayna arasındakı münaqişə, İŞİD terror qruplaşmasının fəaliyyəti və xam neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasını, digər tərəfdən isə dünyanın aparıcı ölkələrində (ABŞ, Avropa Birliyi, Yaponiya, Çin) pul-kredit siyasətində köklü dəyişiklikləri qeyd etmək olar. Belə ki, Rusiya və Ukrayna arasında gərginliyin artması və bunun davamında bir sıra dövlətlərin Rusiyaya sanksiyalar tətbiq etməsi 2014-cü ildə Rusiyada ÜDM-in real artım sürətinin əvvəlki illə müqayisədə 0,7 faiz-bənd azalaraq 0,6 faiz təşkil etməsinə səbəb olmuşdur. Xüsusilə 2014-cü ilin ikinci yarısında Rusiyanın milli valyutası olan rublun kəskin devalvasiyası nəticəsində illik inflyasiya göstəricisi 11,4 faiz olmuşdur ki, bu da dolayısılə regional ölkələrinə də mənfi təsir göstərmişdir.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) iqtisadi inkişaf göstəricisi 2014-cü ildə 2,4 faiz təşkil etmişdir ki, bu da 2013-cü illə müqayisədə 0,2 faiz-bənd çoxdur. Beynəlxalq maliyyə institutları bu inkişaf sürətinin növbəti illərdə də davam edəcəyini proqnozlaşdırırlar. ABŞ-da ötən ilin I rübündən etibarən işsizlik səviyyəsi azalmağa başlamışdır. III rübdən etibarən isə xam neftin qiymətinin düşməsi və ABŞ dollarının bahalaşması fonunda inflyasiyanın təsiri zəifləmişdir. Beynəlxalq Valyuta Fondu ucuz neft qiyməti nəticəsində daxili tələbin artması, zəif fiskal müdaxilələr, yumşaq monetar siyasət və mərhələli şəkildə faiz dərəcələrinin artırılması nəticəsində 2015-ci ildə ABŞ iqtisadiyyatının artım sürətinin 3 faizdən çox olacağını proqnozlaşdırır. Avrozonada (xüsusilə, Almaniya, Fransa və İtaliya dövlətlərində) iqtisadi göstəricilər 2014-cü ildə proqnozlaşdırılan səviyyədə olmamış və investisiya qoyuluşunun azalması nəticəsində inflyasiyanın gözlənilən səviyyəsi azalmışdır. Həmçinin, işsizlik və həll edilməmiş fiskal problemlər Avrozonada iqtisadi vəziyyəti çətinləşdirmişdir. Lakin xam neftin qiymətinin aşağı düşməsi, monetar siyasətin yumşaldılması, neytral fiskal siyasətin həyata keçirilməsi və avronun ucuzlaşması fonunda iqtisadi aktivliyin artacağı proqnozlaşdırılır.
Ötən ildə Yaponiyada həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri olan ucuz pul siyasətinin aparılması və Yaponiyanın milli valyutasının dəyərsizləşməsinin davam etməsi istənilən nəticələrin verilməsini hələ ki, təmin etməmişdir. Yaponiya 2014-cü ilin yekunlarına əsasən iqtisadi artım (0,1 faiz) göstəricisinə görə inkişaf etmiş ölkələr içində ən aşağı göstəriciyə sahib olsa da, Dünya Bankı və BVF-u növbəti illərdə ölkə iqtisadiyyatının inkişaf sürətinin artacağını proqnozlaşdırır.
Çin Xalq Respublikasında 2014-cü ilin III rübündən etibarən investisiya qoyuluşunda və bir sıra digər iqtisadi göstəricilər üzrə azalma müşahidə edilmişdir. İnkişaf hədəflərinə çatmaq üçün Çin hökuməti bir sıra addımlar (infrastruktur xərclərinin artırılması, kiçik və orta sahibkarlığa vergi güzəştləri, yumşaq monetar siyasətin tətbiqi və s.) atsa da, dünyada məcmu tələbin azalması fonunda iqtisadi göstəricilər gözlənilən səviyyədə olmamışdır. Ümumiyyətlə, 2014-cü ildə Çinin ÜDM-inin artım göstəricisi 7,4 faiz olmuşdur ki, bu da 2013-cü illə müqayisədə 0,4 faiz-bənd azdır. Çinin iqtisadiyyatının artım sürətinin zəifləməsi Asiya qitəsi üzrə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına da öz mənfi təsirini göstərmişdir. 2014-cü il ərzində ABŞ dolları digər valyutalara qarşı möhkəmlənməkdə davam etmişdir. İlin əvvəli ilə müqayisədə ilin sonuna ABŞ dolları türk lirəsinə qarşı 7,8 faiz, avroya qarşı 13,2 faiz, yapon ieninə qarşı 14,3 faiz, rus rubluna nisbətdə 81 faiz və s. möhkəmlənmişdir. Böhranın təsirlərinin aradan qaldırılmasına çalışılsa da, qlobal dünya iqtisadiyyatında borclanma artmaqda davam etmişdir. Belə ki, 2014-cü ildə dünya üzrə qlobal borcun məbləği təxminən 200 trilyon ABŞ dolları olmuşdur ki, bu da 2008-ci illə müqayisədə 35 faiz artım deməkdir.
Alim