Azərbaycanın nə qədər xarici dövlət borcu var?
20 May 2015 18:10 İqtisadiyyat2015-ci il 1 yanvar tarixinə beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 10,2 mlrd. ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır. Bu sazişlər əsasında istifadə olunmuş 25 kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği (borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən) 6,5 mlrd. ABŞ dolları olmuşdur. Maliyyə Nazirliyindən verilən məlumata görə, imzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 8,6 faizini təşkil etmişdir. İmzalanmış müqavilələrə uyğun olaraq xarici dövlət borcunun 7,3 faizinin 10 ilədək olan müddətdə, 60,2 faizinin 10 ildən 20 ilədək olan müddətdə, 32,5 faizinin isə 20 ildən yuxarı olan müddətlərdə kreditorlara qaytarılması nəzərdə tutulur. 2014-cü ilin mart ayında ölkə tarixində ilk dəfə olaraq 1250,0 mln. ABŞ dolları məbləğində xarici valyuta nominallı dövlət qiymətli kağızları beynəlxalq maliyyə bazarlarında uğurla yerləşdirilmişdir. Bütövlükdə, 2014-cü il ərzində ödəniş vaxtı çatmış xarici kreditlərin qaytarılması nəzərdə tutulmuş qaydada və vaxtında həyata keçirilmişdir. Hesabat ilində qanunvericiliklə təsdiq edilmiş daxili və xarici dövlət borcunun yuxarı həddi (limiti) gözlənilmişdir. Belə ki, xarici dövlət borcunun limiti 2000,0 mln. manat proqnoza qarşı 1748,9 mln. manat və yaxud 87,4 faiz (251,1 mln. manat az), daxili dövlət borcunun limiti isə 1200, mln. manat proqnoza qarşı 238,9 mln. manat və yaxud 19,9 faiz (961,1 mln. manat az) icra edilmişdir. 2014-cü il dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üzrə 378,9 mln. manat vəsait istifadə olunmuşdur ki, bu da 2013-cü illə müqayisədə 349,3 mln. manat (48,0 faiz) azdır.