Konstitusiya Məhkəməsinin qərarı kredit problemini həll edəcəkmi?
Vüqar Bayramov: “Bu qərar prosesin sonu deyil, başlanğıcı olmalıdır”
18 May 2015 16:27 İqtisadiyyatKonstitusiya Məhkəməsi gözlənilən qərarı verdi: xarici valyuta üzrə kreditlər yeni məzənnə ilə ödənilməlidir və faiz dərəcələrinin aşağı salınması vacibdir. Aydındır ki, dollarla götürülən kreditlərlə bağlı istənilən addım hər iki tərəfin- bankların və müştərilərin- maraqlarına uyğun olmalıdır. Məsələnin hüquqi tərəflərinə varmadan yeni məzənnə ilə ödənişlərin həyata keçirilməsi bankların xeyirinə kimi qiymətləndirilsə də xarici valyuta ilə borc öhdəlikləri olanların bir qismin ödənişlərində problemlər olacağı istisna deyil. Doğrudur, hələlik xarici valyuta ilə borclananların əksəriyyəti ödəniş edə bilərlər, amma bunun uzun müddət də belə davam edəcəyini proqnozlaşdırmaq çətindir.
İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı prosesin sonu deyil, başlanğıcı olmalıdır. Mərkəzı Bank kredit götürənlərin ödəmə qabiliyyətinin aşağı salınması və borc öhdəliklərinin əhalinin sosial müdafiəsinə mənfi təsir göstərməsinin qarşısının alınması üçün addımlar atmalıdır: "Aydındır ki, Konstitusiya Məhkəməsi köhnə məzənnə ilə ödənişlərin həyata keçirilməsi bağlı qərar qəbul etsəydi, o halda 10-dan artıq kommersiya bank müflisləşmə təhlükəsi ilə üzləşəcəkdi. Bu isə iqtisadiyyatda ciddi problemlər yarada bilərdi. Kommersiya banklarının xarici borc öhdəlikləri xarici valyuta ilə olduğuna görə bu, onların öz borclarını qaytarmasında ciddi problemlər yarada bilərdi. Etiraf edək ki, dünya praktikasında da belə hallarda yeni məzənnə əsas götürülür. Amma bu, heç də o anlama gəlməməlidir ki, bankların müflis olmaması üçün vətəndaşların daha çox ödəniş etməsi iqtisadi baxımdan məqsədəuyğundur. Buna görə də, sözügedən qərarda qeyd edildiyi kimi, dollar ilə kredit götürənlərə ya kompensasiyanın verilməsinə və ya güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Belə ki, əgər əvvəl 500 dollar aylıq ödəniş edən kredit götürən şəxsin aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə tətbiq olunduğu üçün həmin pulu ödəyən vətəndaşın, aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir. Bu isə hiss edilən fərqdir. Deməli, indi Mərkəzi Bank real addımlar atmalıdır".
Atılacaq addımların nədən ibarət ola biləcəyinə gəldikdə ekspert qeyd edib ki, bunun bir neçə yolu va: "Öncə də Mərkəzi Banka təklif etdiyim kimi , dünya praktikasına uyğun olaraq, belə hallarda tətbiq edilən 3 yoldan birini seçsin. Əvvəlla, daha yaxşı olar ki, məzənnə fərqi arasındakı fərq Mərkəzi Bank vasitəsi ilə dövlət tərəfindən kompensasiya edilsin. Bu zaman nə kredit götürən əlavə vəsait ödəyəcək, nə də bank ziyana düşəcək. Kredit götürən şəxs aylıq ödənişlərini manatın əvvəlki məzənnəsinə əsasən hesablayıb. Yeni məzənnə tətbiq edildiy halda isə, onun gözlənilmədən aylıq ödənişi artır. Bu da arzuolunan hal olmamaqla yanaşı, kredit qaytarılmasını sual altına alır. Buna görə də, həmin gözlənilməz xərcin Mərkəzi Bank tərəfindən örtülməsi vacibdir. Onun sözlərinə görə, əgər Mərkəzi Bank kompensasiya ödənişi həyata keçirməsə, o zaman, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, bu kreditlərin milli valyuta ilə dəyərinin hesablanması üçün orta məzənnə prinsipindən istifadə edə bilər. Bu zaman bank və müştəri üçün ağırlığın paylaşdırılması həyata keçirilə bilər: "Məsələn, müştəri kredit götürən zaman dolların kursu 0.78 manat idisə və indi bu məzənnə 1.05-dək yüksəlibsə, o zaman bundan sonra ödənilən kreditlər üzrə orta faiz 1 dollar=0.92 manat götürlə bilər. Bu zaman aylıq 500 dollar ödəniş etməli olan şəxs 525 manat deyil, 460 manat ödəyəcək. Bu isə o deməkdir ki, müştəri əvvəlkinə nisbətən hər 500 dollarda 135 manat deyil, 70 manat əlavə ödəmə həyata keçirəcək. Bu, həm, müştərinin yeni məzənnənin təsirindən müəyyən qədər sığortalanmasına, həm də bankın gəlirlərinin kəskin azalmasının qarşısının alınmasına imkan verəcək. Çünki bu məsələdə həm müştərilərin, həm də bankların maraqlarının qorunmasına ciddi ehtiyac var. Bu zaman, dövlət tərəflərin hər hansı birinin öhdəliklərini kompensasiya edə bilər. Üçüncüsü, Mərkəz Bank dollarla kredit götürən vətəndaşlar üçün güzəştlər tətbiq edə bilər. Yəni, Mərkəzi Bank kommersiya banklarından dollarla kredit götürən vətəndaşların kredit müqavilələrinə yenidən baxılması və həmin vətəndaşlar üçün aylıq kredit faizlərinin aşağı salınması təmin edilməsi ilə bağlı yazılı tövsiyə məktubu göndərə bilər. Bu zaman dollar ilə olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq olar. Deməli, Konstutsiya Məhkəməsinin son qərarından sonra həm vətəndaşların sosial təminatı baxımından, həm də problemli kreditlerinin həcminin artmasının qarşısı alınması baxımından Mərkəzi Bankın prosesə müdaxilə etməsi və qeyd edilən təkiflərdən ən azı birini qəbul etməsinə ehtiyac var".
V. Bayramov Milli Məclis tətəfindən "Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında" qanuna edilən dəyişikliyə də münasibət bildirib. Qeyd edək ki, dəyişikliyə əsasən Mərkəzi Bankın yeni öhdəlikləri müəyyənləşdirilib. Belə ki, qanunun 10.3-cü maddəsinə Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilməyəcək. Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq. Qanuna 13.2-ci maddə əlavə edilir ki, bu da "Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur", 14.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. Maraqlıdır, yeni qaydalar bank sisteminə, elecə də manatın məzənnəsinə necə təsir edəcək?
İqtisadçı-ekspert Vüqar Bayramov qəbul olunan qərarı belə şərh edib:"Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilməməsi, valyuta ehtiyatlarının məbləğinin azalması və sözügedən bankın qiymətli kağızlar bazarı vasitəsi ilə vəsait cəlb etmək istəyi ilə bağlıdır. Belə ki, ötən ay 1.073 milyard dollar intervensiya xərci olan Mərkəzi Bankın vəsaiti son 8 ayda 7 milyard dollara yaxın azalıb. Yeni qaydalar Bankın kapitalının formalaşması və kapital çatışmazlığı problemi ilə üzləşəndə onun ödənilməsi mexanizmlərinin dəyişdirilməsini nəzərdə tutur. Çünki, əvvəlki qaydalara əsasən, Mərkəzi Bank ehtiyatları ilə nağd pul dövriyyəsi arasındakı asıllığı qorumaq üçün eyni zamanda pul aqreqatlarının həcmini dəyişməli idi. İndi isə bu məsələdə baş bank, demək olar, sərbəst olacaq. Mərkəzi Bankın kapital ehtiyatlarının minimum həddi onun nizamnamə kapitalından az olmamaq şərti ilə müəyyən olunacaq. Mərkəzi Bankın nizamnamə kapitalı isə ödənilməli səhmlərin ümumi nominal dəyərinin minimum miqdarıdır." V.Bayramov deyib ki, belə olduğu təqdirdə Mərkəzi Bank qiymətli kağızlar vasitəsilə borclanacaq. Eyni zamanda, əvəllər Mərkəzi Bankın aktivlərinin məbləği onun passivlərinin məbləğindən aşağı düşdükdə yaranmış kapital çatışmazlığı dövlət tərəfindən ödənilməsi nəzərdə tutulurdu və bunun icrası üçün konkret mexanizmlər yox idi: "İndi Mərkəzi Bank qiymətli kağızlar vasitəsi ilə borclanacaq. Nəticədə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. Nəzərə alsaq ki, Mərkəzi Bankın kapital çatışmazlığı sözügedən bankın balansında olan xarici valyutada aktivlərin və ya qızılın yenidən qiymətləndirilməsi nəticəsində yaranan məzənnə fərqi ilə bağlı olur, bu, o deməkdir ki, Mərkəzi Bank daxili borclanmağa gedəcək. Bu dəyişiklikliyin müsbət tərəfi odur ki, qiymətli kağızlar bazarına müdaxilə bu bazarın inkişafına müsbət təsir göstərə bilər. Eyni zamanda, bu, dövlət vəsaitlərinin qənaət edilməsinə imkan verəcək. Çünki, əvvəllər dövlət büdcəsi planlaşdırılan zaman Mərkəzi Bankın kapital çatışmazlığı yarandığı halda dövlətdən həmin vəsait alınırdı. Yeni qaydalar isə daxili borclanma hesabına həmin çatışmazlığı ödəməyə imkan verəcək."
Alim