“Manat özünə gəlir”
Samir Əliyev: “Britaniya funtu da dollara nisbətən 6 aylıq maksimum səviyyədədir”
15 May 2015 15:48 İqtisadiyyat"Mərkəzi Bank manata süni nəfəs verir. Elə bunun nəticəsidir ki, milli valyutamız az da olsa özünə gəlməyə başlayır". Bu barədə iqtisadçı-eskpert Samir Əliyev məlumat verib. "Manatın dollara nisbətən rəsmi məzənnəsi devalvasiyadan sonra ən yüksək səviyyəyə çatıb. Mərkəzi Bankın bu günə olan açıqlamasına görə, 1 dollar 1,0472 manata bərabərdir. Devalvasiyadan sonra manatın ən aşağı səviyyəsi aprelin 13-də olub. O zaman 1 dollar rəsmi olaraq 1,0537 manata qədər bahalaşmışdı. Həmin dövrdən sonra manatın möhkəmlənməsi tendensiyası müşahidə edilib. May ayının ilk yarısında manat 0,14% möhkəmlənib" - deyə S.Əliyev qeyd edib. Avronun da son günlər bahalaşdığını deyən ekspertin sözlərinə görə, ancaq hələ ki devalvasiyadan sonrakı pik həddinə çatmayıb: "Devalvasiya günü avro 1,1950 manata qədər bahalaşmışdı. Sonrakı günlərdə kəskin rəqslər etməyə başladı. Hətta martın 17-də özünün ən aşağı həddinə - 1.1081 manata qədər ucuzlaşdı. May ayı başlayandan dolların ucuzlaşması fonunda avro eyni zamanda Azərbaycanda mövqeyini möhkəmləndirir. May ayında 2,6% bahalaşaraq 1,1946 manata yüksəlib".
"Dollar əsas valyutalara münasibətdə kəskin ucuzlaşır"
Samir Əliyev bildirib ki, dollar və avronun mövcud durumu həmin valyutaların dünya bazarlarındakı məzənnələrindən qaynaqlanır. O, son dövrlər dolların zəifləməyı başladığını deyib: "Dollar əsas valyutalara münasibətdə kəskin ucuzlaşır. Dollar indeksi son 4 ayda ən aşağı həddə düşərək 93.26-ya bərabər olub. Amerika iqtisadiyyatı ilə bağlı optimist proqnozların özünü doğrultmaması, FED-in (ABŞ Mərkəzi Bankı) uçot dərəcələrini qaldırmaması dolları zəiflədən amillərdir. Avronun bahalaşması isə Avropa fond bazarında baş verən canlanma, xüsusilə də Almaniya bondlarına güzəştlərin tətbiqi ilə bağlıdır. Britaniya funtu da dollara nisbətən 6 aylıq maksimum səviyyədədir".
"Neftdə asılı valyutaların üzən məzənnəyə keçməsi mənfi fəsadlar yarada bilər"Samir Əliyev vurğulayıb ki, dolların ucuzlaşması fonunda neftin bahalaşması manata dəstək verir: "Bunun nəticəsidir ki, Mərkəzi Bank manatın cüzi də olsa bahalaşdırır. Ancaq bu bahalaşma nəzərəçarpacaq dərəcədə deyil və bir qayda olaraq valyuta dəyişmə məntəqələrində müşahidə olunmur. Bəyan etmələrinə rəğmən manatın üzən məzənnəyə keçməsi yaxn dövrlərdə real deyil. Uzun müddət manat inzibati qaydada tənzimlənəcək. Çünki neftdə asılı valyutaların üzən məzənnəyə keçməsi mənfi fəsadlar yarada bilər. Əhalinin kütləvi şəkildə dollar alışı müşahidə edilməsə də Mərkəzi Bankın valyuta ehtiyatı əvvəlki templə azalmaqda davam edir. Təsadüfi deyil ki ötən ay ehtiyatın həcmi 1 milyard dollardan çox azalıb. Əsas bankımız ilin 4 ayında ehtiyatının 39%-ni və ya 5,4 milyard dollarını itirib. Ehtiyatın "əriməsi" onunla bağlıdır ki, ölkədən sürətli kapital axını mövcuddur". Samir Əliyevin sözlərinə görə, manatın mövcud bahalaşmasının uzunmüddətli və əhəmiyyətli olacağını ehtimal etmək çətindir. O, qeyd edib ki, hər şey neftin qiymətinin hərəkət istiqamətindən və hökumətin addımlarından asılı olacaq.
Mənsur