SOCAR Ukraynada yeni loqotipli yanacaqdoldurma stansiyalarını istifadəyə verir
14 May 2015 17:47 İqtisadiyyatSOCAR Azərbaycanda və xaricdəki müəssisələrində rebrendinqi davam etdirir. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, Ukraynada bu proseslə paralel olaraq, SOCAR-ın yeni loqotipi ilə ilk yanacaqdoldurma stansiyası Odessada açılıb. Bu, Odessa bölgəsində SOCAR brendi ilə fəaliyyət göstərən 14-cü, bütün Ukraynada isə 51-ci YDM-dir. Yeni kompleks Odessanın sənaye mikrorayonu olan Peresıpda yerləşir. YDM-in 1074 kvadrat metrlik ərazisində quraşdırılmış 8 paylayıcı qurğu eyni zamanda 16 avtomobilin yanacaqla təchizatına imkan verir. Təkərlərin doldurulması, avtomobilin su təchizatı, internet, mobil telefonların enerji təminatı, körpələrə qulluq kimi xidmətlər pulsuzdur. Burada əlillər üçün də rahat şərait yaradılıb. YDM ərazisində "Buta" kafesi və market fəaliyyət göstərir.