“Kənd təsərrüfatı texnikasının sayı azalıb” – Ekspert

"Kənd təsərrüfatı texnikasının təminatında ciddi nöqsanlar mövcuddur". "Olaylar"ın məlumatına görə, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə deyib. V.Məhərrəmov qeyd edib ki, son 20 ildə kənd təsərrüfatı texnikasının sayı azalıb: "Bununla yanaşı əksər maşınlar və qoşqular fiziki cəhətdən köhnəlib. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda hər bir kənd təsərrüfatı texnikasına düşən əkin sahəsinin həcmi bir neçə dəfə çoxdur. Hətta Azərbaycanda bir kartofyığan kombayına 1990 -cı ildə 567 hektar sahə düşdüyü halda indi 3104 hektar düşür. Pambıqyığan maşınına 1990-cı ildə 72 hektar, indi - 1127 hektar yük düşür, qarğıdalıyığan kombayının yükü isə 36 hektardan 8409 hektara qədər artıb. Toxumsəpən texnikanın sayı 20 ildə 4 dəfə azalıb. Texnika çatışmazlığına görə əkin, səpin, biçin işləri vaxtlı-vaxtında aparılmır, gecikdirilir. Bu da öz növbəsində məhsuldarlığın azalmasına, vaxt, məhsul itkisinə səbəb olur. Texnika çatışmazlığı bir çox hallarda əl əməyindən istifadəni şərtləndirir ki, bu da məhsulun maya dəyərini artırır onun rəqabətqabiliyyətliyini zəiflədir".  Ekspert qeyd edib ki, mövcud olan toxumsəpən maşınla, 1milyon hektaradək sahədə payızlıq taxıl səpini aparmaq real görünmür. "Nəzərə almaq lazımdır ki, bu texnikalarin əsas hissəsi artıq istismar müddətini başa vurub, köhnəlib" - deyə Vahid Məhərrəmov bildirib. V.Məhərrəmovun sözlərinə görə, əldə olunan məhsulun kondisiyaya salınması, uzun müddət saxlanması, muasir tələblərə uyğun formada qablaşdırilması, daşınması məsələləri də hələ öz həllini tapmayıb: "İstehsal olunan taxıl məhsulunun biçindən sonra qurudulması, təmizlənməsi, çeşidlənməsi kimi vacib proseslər həyata keçirilmir. Elə bu səbəbdən də ölkənin ərzaq buğdasına olan təlabatı tam xaricdən idxal olunan buğdanın hesabına ödənilir. Ölkəmizə 2013-ci ildə 1milyon 500 min ton buğda idxal olun. Bu qədər məhsulun idxal dəyəri 420 milyon ABŞ dolları təşkil edib". Ekspert mövcud problemlərin tezliklə həll edilməsinin vacibliyinə də diqqət çəkib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31