“Taxılçılıqda məhsuldarlıq artırılmalıdır”
Vahid Məhərrəmov: “Əhalinin istifadə etdiyi ərzaq mallarının əksəriyyəti taxıl məhsullarından birbaşa və dolayısı ilə əldə olunan qida məhsullarıdır”
13 May 2015 13:57 İqtisadiyyatKənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanın taxılçılıq sahəsindəki mövcud vəziyyətindən danışıb. Məsələ ilə əlaqədar "Olaylar"ın sualını cavablandıran V.Məhərrəmov bildirib ki, Azərbaycanda taxılçılığın inkişaf etdirilməsi adı ilə dövlət büdcəsindən hər ildə kifayət qədər maliyyə vəsaiti ayrılır. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən onu demək olar ki, ölkədə mövcud olan əkinə yararlı sahələrin əsas hissəsi, təxminən 70%-i taxıl bitkilərinin əkini üçün istifadə edilir: "Son bir neçə ildə taxılçılığın inkişafı üçün dövlət dəstəyi nəzərdə tutulsa da, bu sahəyə, xüsusən buğda və çəltik istehsalı üçün dövlət büdcəsindən 80 manat subsidiya verilsə də, Azərbaycan ərzaq buğdasına olan ehtiyacını daxili istehsal hesabına ödəyə bilmir. Ölkənin cəmi 1.3 milyon ton ərzaq buğdasına ehtiyacı olduğu halda, bu tələbatın əsas hissəsi idxalın hesabına ödənilir. Hər ildə Azərbaycana 1.3 - 1.5 milyon ton buğda idxal olunur. Ölkəyə buğda əsasən Qazaxıstandan və Rusiyadan idxal edilir. Dövlət büdcəsindən həmçinin toxumçuluğun inkişafına, xaricdən mineral gübrələrin alınaraq ölkəyə gətirilməsinə, texnika ilə bağlı problemlərin həllinə külli miqdarda maliyyə vəsaiti ayrılır. Ölkəyə son zamanlar dövlət hesabına Avropa istehsalı, təxminən hər birinin qiyməti 100 min avro olan, taxılbiçən kombaynlar alınaraq gətirilir. Lakin bütün bunların müqabilində taxılçılıq sahəsində geriləmələr müşahidə edilir. Dövlət büdcəsindən sahənin inkişafı üçün ayrılan vəsaitlərin mənimsənildiyi faktlar aşkar edildi. Hətta dövlət başçısı keçirdiyi müşavirələrdə dəfələrlə belə faktların olduğu vurğulayıb. Fermerlərə çatan az miqdarda maliyyə vəsaiti isə sahənin normal inkişafı üçün yetərli deyil. Ona görə ki, son bir neçə ildə istehsal vasitələrinin qiymətləri kəskin şəkildə artmışdı. Dizel yanacağının, benzinin, texnikanın, mineral gübrələrin və pestisidlərin qiymətləri artdığı halda bu sahədə məhsuldarlığı artırmaq mümkün olmamışdı. Taxıl istehsalı ilə məşğul olan fermerlər üçün dövlət büdcəsindən ayrılan sübsidiyanın həcmi optimal şəkildə artırılmalıdır".
"Bu, fermerləri həvəsdən salır"
Vahid Məhərrəmov qeyd edib ki, toxumçuluğun inkişafı üçün büdcədən maliyyə vəsaiti nəzərdə tutulur. "Lakin ayrılan vəsaitlər haralarda ilişib qalırsa, sahənin inkişafını stimullaşdırmır. Keyfiyyəti toxum çatışmazlığı çox ciddi problem yaradır. Fermerlər keyfiyyətli toxum materialı əldə edə bilmirlər, adi taxıl dənindən toxum kimi istifadə edirlər. Bu da məhsuldarlığa mənfi təsir edir. Nəticədə əldə olunan məhsul ərzaq buğdası kimi tələb olunmur. Hərçənd ki, Nazirlər Kabineti tərəfindən Dövlət Taxıl Fonduna hər il 750 min ton buğda qəbul etmək haqqında qərar verilib. Ancaq apardığımız araşdırmalardan məlum oldu ki, ehtiyat fondu əsasən idxal hesabına formalaşır. Bu, fermerləri həvəsdən salır. Onlar istehsal etdikləri məhsulu məcburiyyət qarşısında qalıb heyvandarlıqda yem kimi istifadə edirlər. Beləliklə əldə etdikləri məhsulu daxildə tələb olunmadığı üçün ucuz qiymətə heyvandarlıqla məşğul olan sahibkarlara təklif edirlər" - deyə ekspert vurğulayıb.
"Taxıl təkcə, çörək deyil"
Keçən illə müqayisədə cari ildə əkin sahəsinin 110 min hektar azaldığını diqqətə çatdıran Vahid Məhərrəmov bildirib ki, bu təxminən 12% azalma deməkdir: "Nəticə yaxşı deyil. Çünki buğda istehsalı, ümumiyyətlə taxılçılıq ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Biz müharibə şəraitində yaşayırıq, digər tərəfdən isə bu sahədə problemlərimiz var. Problemi həll etmək üçün idxalı azaldıb, daxili istehsala üstünlük verməliyik. Çörək əhalinin əsas qidasıdır. Ümumiyyətlə taxıl təkcə çörək demək deyil, bu həm də ət, süd, düyü və digər qida məhsulları deməkdir. Əhalinin istifadə etdiyi ərzaq mallarının əksəriyyəti taxıl məhsullarından birbaşa və dolayısı ilə əldə olunan qida məhsullarıdır. Mövcud olan problemlərin öz həllini tapmaması fermerlərin sahəyə marağının get-gedə azalmasına yol açır. Fermerlər əsasən əldə etdikləri gəlirlər verilən subsidiyaların hesabına formalaşır. Apardığımız hesablamalara əsasən, əldə olunan 20 sentiner məhsul yalnız 1 hektar üçün çəkilən xərcin ödənilməsini təmin edir. Əlbəttə xərcin çox, gəlirin az olması sahədə riski artırır, bu da fermerləri ruhdan salır, nəticədə get-gedə əkin sahələri azalır".
"Keyfiyyətli toxuma ehtiyac var"
Vahid Məhərrəmovun sözlərinə görə, Azərbaycanda keçən il 23.5 sentiner məhsul əldə edilib: "Demək olar ki, əksər fermerlər keçən il sahədən gəlir əldə edə bilməyiblər. Fermerlərin bir çoxu banklardan kredit götürürlər. Banklar isə kreditləri yüksək faizlə verirlər. Kənd təsərrüfatı məhsulu istehsal edənlərin əksəriyyəti ümumi kredit şərtlərinə uyğun olaraq, maliyyə vəsaiti əldə edə bilirlər. Faizlər də təxminən 24-33% arasında dəyişir. Belə olan halda fermerlər yaxşı gəlir əldə edə bilməmələrinin qarşılığında, bu sahənin rentabelliyinin də aşağı olmasına görə, zərərə məruz qalırlar. Fermerlərin keyfiyyətli toxuma, suvarma suyuna, texnikaya, keyfiyyətli mineral gübrəyə olan ehtiyacları vaxtlı-vaxtında ödənilmir. Bütün bu problemlərə görə, fermerlər aqrotexniki qaydalara vaxtında əməl edə bilmirlər". Ekspert problemlərin tezliklə həllinin vacib olduğunu deyir. Aidiyyatı qurumları sahəyə diqqəti artırmağa çağıran Vahid Məhərrəmov, Azərbaycanın taxılçılığın inkişafı üçün geniş resurslarının və potensialının olduğunu vurğulayıb.
Mənsur Rəğbətoğlu