Artur Rasizadə: “Türkiyə ilə Azərbaycanın işbirliyi çox böyük səmərəli nəticələr verib”
13 May 2015 13:19 İqtisadiyyatAzərbaycan Respublikasının Baş naziri Artur Rasizadə regional biznes-forumun işində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyə Cümhuriyyəti Baş nazirinin müavini Əli Babacanı qəbul edib. Mincom.gov.az xəbər verir ki, qəbul zamanı qardaş Türkiyə ilə Azərbaycanın tarixən sıx əlaqələrə malik olmasından söz açan Baş nazir Artur Rasi-zadə ənənəvi doğma münasibətlərimizin müasir dövrdə daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla qeyd edib. Daha sonra qarşılıqlı faydalı əsaslarda siyasi, iqtisadi, mədəni bağların daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayan Baş nazir nəqliyyat, rabitə, telekommunikasiya, enerji, ticarət və digər sahələrdə işbirliyimizin çox böyük səmərəli nəticələr verdiyinə diqqət yönəldib.Öz növbəsində Əli Babacan Türkiyə ilə Azərbaycanın stabil və etibarlı əməkdaşlıq bağlarının mövcudluğunu vurğulayıb. O, müxtəlif istiqamətlər üzrə sıx əməkdaşlığımızın perspektivinə toxunaraq bildirib ki, gələcəkdə də bir-birimizə hərtərəfli dəstək baxımından qarşıda çox böyük imkanlar vardır. Sonra Əli Babacan "G-20" platforması çərçivəsində Bakıda keçirilən regional biznes-forumda müzakirə ediləcək məsələlər barədə Baş nazirə ətraflı məlumat verib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.