Dollar kreditlərinə dair hansı qərar qəbul edilə bilər?

Nəhayət banklarında dollarla krediti olanlar, vətəndaşlar və iş adamları, elə bankların özlərinin də uzun müddətdən bəri gözlədiyi Konstitusiya Məhkəməsinin Plenumunun iclası baş tutdu. İclasda Azərbaycan Respublkası Mülki Məcəlləsinin 439-cu maddəsinin bəzi müddəalarının Konstitusiyanın 19-cu maddəsinə uyğunluğuna dair Ombudsmanın sorğusu və MM-in 439-cu maddəsinin müvafiq müddəalarının şərh edilməsinə dair Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb. İclasda manatın devalvasiyadan sonra banklarla borcalanlar arasında yaranmış məzənnə mübahisələri ilə əlaqədar qanunvericiliyin bəzi müddəalarının şərh edilməsinin zəruriliyi müzakirə olunub. İndi hər kəs də onu gözləyir ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarı necə ola bilər; bankların, yoxsa vətəndaşların xeyrinə uyğun qərar gözləmək olar?

Hüquqşünas Habil İsgəndərli bildirib ki, birmənalı olaraq kimin xeyrinə qərar veriləcəyini demək düzgün deyil. Məhkəmələrdə baxılan digər konkret işlərdən fərqli olaraq, burada çəkişən tərəflər yoxdur ki, qərar da tərəflərdən birinin xeyrinə olsun. Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilk növbədə Qanunun müddəalarının düzgün şərh edilməsi, başa düşülməsi və hamı tərəfindən eyni mənada qavranılması, tətbiq edilməsini təmin etməlidir. Bundan başqa, bu qərardan əsas gözləntilərdən biri odur ki, ilk növbədə, Mülki Məcəllənin 439-cu maddəsinin 1 və 2-ci bəndlərindəki müddəaların Konstitusiyanın 19-cu maddəsinə uyğun olub-olmadığına cavab verilsin. Çünki ötən dövrdə dollarla kredit verilməsinin tərəfdarları MM-in bu müddəalarına istinad etdilər. Azərbaycanda bütün ödənişlərin (o cümlədən, kredit və əmanət müqavilələri üzrə) manatla aparılmalı olmasının vacibliyini deyənlər isə Konstitusiyanın 19-cu maddəsinin birmənalı, imperativ göstərişinə istinad edirlər. Belə vəziyyətdə yeganə düzgün, həm də qanunauyğun şərhi Konstitusiya Məhkəməsi verə bilər. Hüquqşunas hesab edir ki, bu məsələlərə şərh verildikdə, artıq bu gün hər kəsi narahat edən digər suallara da aydınlıq gətiriləcək. Yuxarıda deyilənlərlə bərabər və eyni zamanda, həm də vacib, həllini gözləyən əsas suallar bunlardır: 1) Azərbaycanın yerli bankları Azərbaycanın hüquqi və fiziki şəxslərinə (bunlara birlikdə "borcalan" deyək) dollarla (və ya başqa xarici valyutada) kredit verməyə haqlıdırlarmı? "Burada həm də bank olmayan kredit təşkilatlarını da nəzərə almaq lazımdır. Həmçinin, nəzərə alınmalı və həll edilməli sual budur ki, artıq bu vaxta qədər xarici valyutada bağlanan müqavilələr var, onlar icra olunub, indi də icra olunur. Lakin əgər bu müqavilələrin bağlanması Konstitusiyanın 19-cu maddəsinin tələblərinin pozulması ilə müşayiət olunubsa, qanunsuz hərəkətlərin hüquqi nəticələrinin əhəmiyyətsizliyi nəzərə alınmalıdır. Başqa sözlə, qanunsuzluq hüquqi nəticələr yarada bilməz və yaratmamalıdır". 2) Xarici valyutada verilmiş kredit məbləği borcalanlardan həmin valyutada tələb edilə bilərmi? "Burada da mülki münasibətlərdə müqavilə azadlığı prinsipi ilə - manatın yeganə ödəniş vasitəsi olmasına dair Konstitusion normanın və MM-in 339.1-ci maddəsinin 1-ci cümləsinin qarşılıqlı münasibətini aydınlaşdırmaq lazım gələcək". Konstitusiyanın 19-cu maddəsinin I hissəsində təsbit olunur ki, Azərbaycan Respublikasının pul vahidi manatdır. Maddənin III hissəsində təsbit olunur ki, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin "Pul öhdəliklərinin icrası" adlanan 439-cu maddəsinin 1-ci bəndində də pul öhdəliyi manatla ifadə edilməli olması göstərilməklə yanaşı, digər müddəalarında istisnalar nəzərdə tutulur. İstisnalar öhdəliklərin tərəflərinin xarici subyekt (hüquqi və fiziki şəxs) olması ilə bağlıdır. Yəni, həmin müddəaya görə, əgər bank və ya borcalan xarici subyektdirsə, ödəniş xarici valyutada həyata keçirilə bilər. Bundan başqa, bu müzakirələr ondan yaranıb ki, Konstitusiyanın 19-cu maddəsində təsbit olunan "Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır" imperativ göstərişi ilə MM-in 439-cu maddəsinin 1-2-ci və 7-ci bəndindəki istisnalar arasında ziddiyyət var: "Həmçinin, burada xüsusilə nəzərə alınması vacib olan budur ki, bank-borcalan münasibətlərində kreditin xarici valyutada göstərilməsinə baxmayaraq, faktiki olaraq, ödəniş sənədlərində məbləğlər manatla (ödəniş gününə olan məzənnə ilə) ifadə olunur. Bu da o deməkdir ki, əslində banklar müqavilədə xarici valyuta göstərsələr də faktiki olaraq (daxili konvertasiya yolu ilə) ödənilən məbləği manatda ifadə edirlər". 3) Dollarla verilmiş kredit Azərbaycan manatı ilə qaytarılırsa, hansı məzənnə ilə ödənilməlidir? Bu sualın cavabı isə yalnız yuxarıdakı sualların necə şərh edilməsindən, eyni zamanda, MM-in 439.7-ci maddəsindəki "öhdəliyin əmələ gəldiyi gün" ifadəsinin dəqiq izahından asılıdır.



Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31