“Balıqçılıqla bağlı xüsusi qurum yaradılmalıdır” – TƏKLİF

Vahid Məhərrəmov: “Fermerlərin fəaliyyəti qanuni formaya salınmalıdır”

Kənd təsərrüfatı üzə ekspert Vahid Məhərrəmov Azərbaycanın turizm, zeytunçuluq və balıqçılıq sektorundakı mövcud vəziyyəti dəyərləndirib. Bu barədə "Olaylar"ın suallarını cavablandıran V.Məhərrəmov ilk növbədə turizm barədə danışıb. Ölkədə turizmin inkişafı üçün potensialın olduğunu deyən ekspertin sözlərinə görə, bölmənin inkişafı üçün bəzi iş adamlarına bölgələrdə yeni infrastruktur layihələrinin reallaşdırılması üçün imkanlar yaradılıb. Lakin Vahid Məhərrəmov yerli və əcnəbi turistlərin ölkəmizdə dincəlməkdə o qədər də maraqlı olmadıqlarına diqqət çəkib: "İnsanların çoxu istirahət üçün digər ölkələrə üz tuturlar. Bunun səbəbi Azərbaycanda turizm xidmətinin baha olması ilə əlaqədardır. Bu sahədə fəaliyyət göstərən sahibkarlar xidmətləri çox yüksək qiymətə təklif edirlər, bu da turistləri qane etmir. İkinci problem göstərilən xidmətlə bağlıdır. Turizm obyektlərində göstərilən xidmət mədəniyyəti müasir standartlara cavab vermir". Vahid Məhərrəmov digər problemin qida rasionu ilə bağlı olduğunu deyib. Ekspertin sözlərinə görə, mehmanxanalarda turistlərə daha çox Azərbaycanın milli xörəkləri təklif olunur: "Yerli turistlərlə yanaşı, əcnəbilər də nəzərə alınmalıdır. Təqdim olunan mətbəx rasionu zəngin olmalıdır". Vahid Məhərrəmovun sözlərinə görə, ən əsası turistlərə ölkə ərazisində mənzərəli yerləri gəzmək üçün hərəkət məhdudiyyəti qoyulmamalıdır. "Məsələn, hələ Sovet dönəmindən Göy-Göl insanlar üçün bağlıdır, əraziyə giriş qadağandır. Həmçinin turistlərə çay və göllərdə balıq ovu etmək, meşələrdə istirahət təşkil etməyə icazə verilməlidir. Digər ölkələrdə belə praktika geniş yayılıb. Bu sahəni inkişaf etdirmək üçün bu məsələlər nəzərə alınmalıdır. Azərbaycanda bu sahədən yaxşı gəlir əldə etmək də mümkündür. Bunun üçün xidmət haqqını artırmaq əvəzində daha çox müştəriyə xidmət göstərmək, yəni ölkəyə daha çox turist cəlb edərək dövriyyəni artırmaq hesabına qazanc əldə etmək barədə düşünməliyik. Qonşu ölkələr bu yollarla turizmi inkişaf etdirirlər" - deyə V.Mahərrəmov qeyd edib.

"Zeytunçuluğun inkişafı üçün geniş imkanlar var"

Zeytunçuluq barədə danışan Vahid Məhərrəmov, son zamanlarda Türkiyə, Yunanıstan, İtaliya, İspaniya və digər Avropa ölkələrinin bu sahəyə diqqəti artırdıqlarını bildirib. V.Məhərrəmov həmin ölkələrin bu sahədən külli miqdarda gəlir əldə etdiklərini deyir: "Azərbaycanın torpaq-iqlim şəraiti bu sahənin inkişafına imkan yaradır. Azərbaycanda Sovet dönəmində bu sahəyə xüsusi diqqət yetirilib və zeytunçuluq sovxozu yaradılmışdı. Sovet İttifaqı dağılandan sonra uzun müddət bu sahəni inkişaf etdirə bilmədik. Düzdür, Azərbaycan zeytunçuluğun inkişafına görə, MDB ölkələri arasında liderdir. Hətta Rusiyanın zeytun bazarında Azərbaycanın payı 80%-dir. Ermənistan və Gürcüstanın payı isə ümumilikdə 15%-dir. Yəni bizim bu sahədə ciddi oyunçu kimi yerimiz var, amma bu rəqəm digər MDB ölkələrinin bu bazarda payı az olduğu üçün çox görünür. İtaliya, İspaniya, Yunanıstan və digər ölkələrlə müqayisədə bizim Rusiya bazarına ixrac etdiyimiz məhsul çox azdır. Lakin zeytun istehsalının inkişafı üçün bizim geniş potensialımız var. Xüsusilə Abşeron iqtisadi rayonunda bu sahəni inkişaf etdirmək , məhsuldarlığı artırmaq mümkündür. Təəssüflər olsun ki, son zamanlar bu sahədə məhsuldarlığın xeyli azaldığını müşahidə edirik. 2010-cu ildə hər hektardan 23 sentiner zeytun götürülürdüsə, indi rəqəm 17 sentinerə düşüb. Məhsuldarlıq düşdükcə, gəlir də azalır, sahəyə maraq da".

"İstehsalı 10 dəfə artırmaq olar"

Vahid Məhərrəmovun sözlərinə görə, məhsuldarlığı artırmaq üçün aqrotexniki qaydalara əməl olunmalıdır. "Suvarma işləri vaxtı-vaxtında aparılmalıdır. Yeni, daha məhsuldar sortların yaradılması istiqamətinə xüsusi fikir verilməlidir. Sahə ilə elmi əsaslarla məşğul olunmalıdır, alimlərimiz zeytunçuluğa diqqət yetirməlidir. Xəstəlik və zərərvericilərə qarşı mübarizədə fermerlərimizə məsləhətlər verilməlidir" - deyə ekspert qeyd edib. V.Məhərrəmov Azərbaycan bazarında zeytun məhsullarına ciddi təlabat olduğunu bildirib. Ekspertin sözlərinə görə, mağazalarda satılan zeytun yağlarının çoxusu xarici ölkələrdən idxal olunub: "Halbuki, bu yağı daxildə istehsal edib bu sahəni genişləndirə və yaxşı gəlir əldə edə bilərik. Təxminən 1 litr zeytun yağı istehsal etmək üçün 5-6 kq zeytun meyvəsindən istifadə olunur. İl ərzində Azərbaycanda adambaşına 1 litr zeytun yağı istehsal etməklə, mövcud istehsalı 10 dəfə artırmaq mümkündür. Həmçinin zeytun ağacları o qədər "kapriz"li hesab olunmur, yəni zeytun ağacının ətraf mühitə olan tələbatı digər bitkilərə nisbətən daha azdır". Vahid Məhərrəmov bildirib ki, Azərbaycan il ərzində təxminən 1000 tona yaxın məhsul götürür. V.Məhərrəmov əvvəllər bu rəqəmin iki dəfə bundan çox olduğunu deyir: "Bu, bizim zeytunçuluqda ənənəmizin olmasından xəbər verir. Zeytunçuluqla bağlı fermerlərin kifayət qədər bilgiləri var. Bu sahə üçün dövlət proqramı qəbul olunmalıdır, müəyyən mərhələyə qədər subsidiya ayrılmalıdır ki, sahəyə maraq yaransın. Gəlirli sahəyə çevriləndən sonra fermerlərin özləri təsərrüfatı genişləndirməkdə maraqlı olacaqlar".

"Balıqçılığın inkişafı üçün potensial var"

Azərbaycanın balıqçılıq sektorundakı mövcud vəziyyətlə bağlı suala cavabında Vahid Məhərrəmov bildirib ki, okean və dəniz balıqçılığının getdikcə, öz yerini göl balıqçılığına, akvakulturaya verir. Ekspert Azərbaycanda da belə bir tendensiyanın yarandığına diqqət çəkib: "Əvvəllər balıqçılar Xəzərin sahilə yaxın yerlərindən balıq tuta bilirdilərsə, indi bunun üçün uzaq məsafə getməli olurlar. Çox vaxt onların axtarışı faciə ilə nəticələnir. Bu da getdikcə, dənizdə balığın azalması ilə əlaqədardır. Buna balıqlar arasında xəstəliklərin artmasının da təsiri var. Böyük su hövzələrində bu vəziyyətə nəzarət etmək çətindir. Bu səbəbdən də, son zamanlar göl balıqçılığına üstünlük verilir və bu sahədən yaxşı nəticələr əldə edirlər. Elə ölkələr var ki, il ərzində adambaşına düşən 20 kq normanı göl balıqçılığı hesabına təmin edə bilirlər. Azərbaycanda isə bu rəqəm təxminən 3 dəfə azdır. Baxmayaraq ki, Azərbaycanda Xəzər dənizi, böyük çaylar və çoxlu sayda göllər mövcuddu, bunun qarşılığında biz Beynəlxalq Səhiyyə Təşkilatının müəyyən etdiyi normanın 1/3 hissəsini daxili istehsal hesabına təmin edə bilirik. Halbuki balıqçılığın inkişafı üçün Azərbaycanın geniş imkanları var və bu fürsətdən istifadə etmək lazımdır. Bu sahədə çalışan sahibkarlara dövlət tərəfindən diqqət ayrılmalıdır. Göl balıqçılığı ilə məşğul olan sahibkarlar əsasən istehsalla ekstensiv yolla məşğul olur. Aparığımız araşdırmalar zamanı məlum oldu ki, 10 kubmetr sahədə 1 balıq yetişdirilir. Halubki, müasir texnologiyanın tətbiqi sayəsində 1 kubmetr sahədə 100-dən çox balıq yetişdirmək mümkündür, yəni ekstensiv yox, intensiv yolla yaxşı nəticə əldə etmək mümkündür. Əlbəttə, burada müəyyən kapital qoyuluşuna ehtiyac var. Vətəgələrdə həm də intensiv havaalma sistemi yaradılmalıdır. Balıqların qidalanması, onların ifraz etdikləri maddələrin neytrallaşdırılması çox yüksək səviyyədə təşkil olunmalıdır ki, balıqlar normal hava ala bilsinlər, həm də qidalansınlar. Bu balıqların gündəlik çəki artımını artırar, sahibkarlara yaxşı gəlir əldə etmələri üçün imkan yaradar".

"Balıq yemi istehsal edən kombinat tikilməlidir"

Vahid Məhərrəmov qeyd edib ki, balıqçılıq sahəsini inkişaf etdirmək üçün fermerlərin fəaliyyəti qanuni formaya salınmalıdır. O, balıqçılığın ölkənin ərzaq təhlükəsizliyində xüsusi yerinin olduğunu vurğulayıb. V.Məhərrəmov bildirib ki, il ərzində ölkədə adambaşına 20 kq balıq istehsal olunsa, bu ərzaq təhlükəsizliyi probleminin bir hissəsinin həlli deməkdir: "Ona görə də, bu sahənin inkişafı üçün sahibkarların fəaliyyətləri qanunla tənzimlənməlidir, adiyyatı qurumlar tərəfindən xüsusi diqqət ayrılmalıdır. Fermerlərin balıq yemi məsələsində də ciddi problemləri var. Xüsusi balıq yemi istehsal edən kombinatın tikilməsinə, ehtiyac var. Balıqların normal qidalanması ilə bağlı bəzi komponentlər var ki, onların daxildə istehsal olunması, balıqların normal qida ilə təmin olunması istiqamətində düşünülməlidir. Bu sahə ilə bağlı ictimai qurum yaradılsa daha səmərəli olardı. Hətta səhmdar cəmiyyət, yaxud balıqçılar ittifaqı formatında qurumun yaradılmasına ehtiyac var. Balıqçılığı inkişaf etdirmək üçün Azərbaycanın kifayət qədər potensialı, resursu var".


Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31